Məhkəmə qərarları › İş №2(059)-285/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-285/2023

10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-285/2023 10.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin X1 Nəzarət İdarəsi tərəfindən 10 fevral 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 031706 saylı aktın ləğv edilməsi və bu akta əsasən hesablanmış 6393,14 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, yaşadığı Siyəzən rayonunun Su Kəməri qəsəbəsindəki fərdi yaşayış evinin **********00738 kodlu elektrik sayğacı onun adınadır. 08 fevral 2023-cü il tarixdə sahə nəzarətçisi sayğacın göstəricisini yazarkən, ona ərimənin olduğunu bildirib, bu barədə idarəyə məlumat verməsini tövsiyə etmişdir. Bundan sonra, 09 fevral 2023-cü il tarixdə işıqları sönmüş, sayğac isə yanıb külə dönmüşdür. Bununla əlaqədar oğlu Nümayəndə1 Siyəzən Elektrik Şəbəkəsinin satış rəisinə zəng edib məlumat vermiş, habelə, işıqsız qaldıqlarını bildirməklə, sayğacın quraşdırılmasını xahiş etmiş, oradan isə oğluna enerji verilişinin bərpa olunması üçün işıqlarını birbaşa qoşdurmaları, bu məqsədlə adam tapmaları, özlərinin isə sonradan gəlib, yeni sayğac quraşdıracaqlarını bildirmişlər. 10 fevral 2023-cü il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları sayğac quraşdıracaqları adı ilə onlara gəlib, oğlu Nümayəndə1 eyni tarixli, 015155 saylı saylı, abonent əsas istehlakçı və ya subabonent yəni qeyri-əhali, yəni kommersiya üçün yazılmış akta imza etdirmiş, habelə aktı onlara vermişlər. Bundan əlavə, onlara sayğac quraşdırma üçün akt yazıldığı bildirilsə də, savadsızlığından istifadə edib, hər faza üzrə külli miqdarda enerji sərfiyyatı qeyd olunmuşdur. Sonradan həmin gün, 031706 saylı daha bir akt təqdim edilmiş, bu dəfə ki məişət abonenti ((əhali) istehlakçılar qrupu üçün)) olan mübahisələndirilən aktda da əvvəlki kimi hər faza üzrə axan yüklərin 60A, 62A, 63A olduğu, həmçinin onun guya kodu düzgün təqdim etmədiyi qeyd olunmuşdur. Bu aktda isə onun imzası olmamışdır. Sahə nəzarətçiləri mütəmadi olaraq hər ayın əvvəli gələrək, sayğacın göstəricisini qeyd etmiş, habelə sayğaca heç bir kənar müdaxilə olunmamış, plomb qırılmamışdır. Bütün bunlara baxmayaraq, 6 ay geriyə sərf olunmuş enerji məbləği kimi 6393,14 manat cərimə yazılmışdır ki, bununla da o, qəti razı deyildir. Bundan başqa, 14 mart 2023-cü il tarixdə enerji verilişinin dayandırılması isə onun istehlakçı kimi hüquqlarının pozulması deməkdir. Beləliklə, cavabdehin tərtib etdiyi akt, məzmunca həqiqəti əks edirmədən məntiqsiz, formaca qüsurlu və qəbul olunmuş qaydalara zidd tərtib olunduğundan, heç bir mülki məsuliyyət yarada bilməz və bu akta əsaslanıb, maddi ziyan tələb edilə bilməz. Hətta, əvvəl qeyri-əhali, sonra əhali üçün akt tərtib olunmuş, akta onun tərəfindən imza atılmamışdır. Cavabdeh tərəf elektirik sayğacını dəyişdirdikdən sonra 27 fevral 2023-cü il tarixdə sayğacın quraşdırılması barədə 363241 saylı protoklda da 25A-lik avtomat ilə sayğacın quraşdırıldığını qeyd etsələr də, onun üçün tərtib olunmuş aktda 60-63 A-lik axan yüklər qeyd olunmuşdur ki, bu zaman sayğac heç vaxt dözə bilməz. Bu da onun aktın və hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etməsinə əsas vermişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehin əməkdaşları ilə birlikdə sayğacın göstəricisini qeydə alarkən naqillərin boşluğundan qızıb sayğacın əriməsini görmüşlər. Sayğacın üzərində plomb olduğundan həmin naqillərin bərkidilməsi mümkün olmamış, nəticədə 09 fevral 2023-cü il tarixdə axşam saatlarında sözügedən sayğac tamamilə əriyib sıradan çıxmış, elektrik kəsilmişdir. Bundan sonra, bu barədə cavabdehin nümayəndələrinə məlumat vermiş, növbəti gün, yəni 10 fevral 2023-cü il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirməklə akt tərtib etmişlər. Həmin vaxt elektrik enerjisinin verilişi sayğac qoşulmaqla deyil, naqilləri bir-birinə birləşdirmə üsulu ilə bərpa edilmişdir. Bundan sonra, o, 27 fevral 2023-cü il tarixədək sayğac olmadan şəbəkədən istifadə etmiş və həmin tarixdə yeni sayğac quraşdırılmışdır. Sözügedən evdə demək olar iki ailə birlikdə yaşayır, habelə həyətdə olan 4 ədəd lampa 24 saat işlək qalır. Bundan başqa, elektrikdən soyuducu və işıqlandırma üçün istifadə edilir. Eyni zamanda, cavabdeh etirazında sayğacın heç vaxt işləmədiyini vurğulasa da, bu hal həqiqəti əks etdirmir. Belə ki, sayğacın göstəricilərinə əsasən hər ay ümumi borc hesablanmışdır. O, hazırda akt əsasında olan borcunu deyil, sayğaca görə istifadə etdiyi aylıq borcunu ödəyir. Odur ki, akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən abonentə məxsus elektrik hesablama sayğacının tamamilə yandığı məlum olmuş, həmçinin qidalandırıcı xətt birbaşa qoşulmuşdur. Qoyuluş gücü sayğacın nominalına əsasən Pqoy=66 kvt təşkil edir. Elektrik enerjisindən qanunsuz istifadə aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq, 10 fevral 2023-cü il tarixli, NDM seriyalı, 031706 saylı akt əsasında 6393,14 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı borc məbləğindən 393,97 manat məbləğində ödəniş etmiş, hal-hazırda iddiaçının 5999,17 manat borcu qalmışdır. Sayğacın enerji sərfiyyatı göstəriciləri müxtəlif aylarda 2000 manata yaxın aylıq sərfiyyat göstəricisi olmasına baxmayaraq, kənar xətdən istifadə olunduğuna görə enerji sərfiyyatı göstəricisi 100 manata yaxın sərfiyyat qeyd etmişdir. Bu da, abonentin həqiqətən də, elektrik enerjisindən qanunsuz istifadə etdiyini göstərir. İddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "Azərişıq” ASC-nin əməkdaşları A.Babayev və R.Əhmədov tərəfindən X2 yaşadığı fərdi evinə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 10 fevral 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 031706 saylı aktın surətindən görünür ki, **********00738 abunə kodu olan fərdi yaşayış evinin elektrik sayğacı tamamilə yanmış, qidalandırıcı xətt isə birbaşa qoşulmuşdur. Axan yüklər =60A, =62A, =37,8 kVt, P=0. Qoyuluş gücü sayğacın nominalına əsasən =66 kvt təşkil etmişdir. Eyni zamanda, abonent kodu düzgün təqdim etmədiyindən 015155 saylı qeyri-əhali aktı tərtib olunmuş, həmin aktı isə abonent imtina etmişdir. İşdə olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərin surətindən, eləcə də abunə haqqında təfərrüatlı məlumatdan görünür ki, yanmamışdan əvvəl, sonuncu dəfə 08 fevral 2023-cü il tarixdə sayğacına baxış keçirilən, **********00738 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının 10 fevral 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 031706 saylı akt əsasında hesablanmış 6393,14 manat borcu vardır. İşdə olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 27 fevral 2023-cü il tarixli, 363241 saylı protokolun surətindən görünür ki, İddiaçı yaşadığı Siyəzən rayonunun Su Kəməri qəsəbəsindəki fərdi yaşayış evinin sayğacı yenisi ilə əvəz edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 10 fevral 2023-cü il tarixdə **********00738 abunə kodu olan İddiaçı yaşadığı Siyəzən rayonunun Su Kəməri qəsəbəsindəki fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman fərdi yaşayış evinin elektrik sayğacının tamamilə yanması, qidalandırıcı xəttin isə birbaşa qoşulması ilə bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin, istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 6393,14 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. Sözügedən aktda iddiaçının nümayəndəsinin iştirakı da göstərilsə də, bu akt sonuncu tərəfindən imzalanmamışdır. Bununla da, iddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən rayonunun Su Kəməri qəsəbəsindəki fərdi yaşayış evi üzrə elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 10 fevral 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının nümayəndəsinin izahatları ilə bu qanunsuz qoşulma və elektrik enerjisindən istifadə halının 84 gün deyil, cəmi 19 gün olduğu, bu müddət ərzində qanunsuz istifadə edilmiş elektrik enerjisinin dəyərinin isə 1027,10 manat olması müəyyən edilmişdir ((37,8x24x0,7x19-4165 kvts=7900,76 kvts x 0,13 manat (tarif) = 1027,0988 manat)). Belə ki, əgər nəzərə alsaq ki, sözügedən sayğac yanmazdan əvvəl, sonuncu baxış 08 fevral 2023-cü il tarixdə keçirilmiş, onda itirilmiş elektrik enerjisi ilə bağlı hesablama bu tarixdən başlamaqla, iddiaçı tərəfindən elektrik şəbəkəsinə qanunsuz qoşulma halının davam etdiyi 27 fevral 2023-cü il tarixədək, yəni yeni sayğacın qoşulmasınadək hesablanmalıdır. Bu mənada, mübahisəli 6393,14 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 1027,10 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən 10 fevral 2023-cü il tarixdə tərtib edilmiş 031706 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 5366,04 (beş min üç yüz altmış altı manat 04 qəpik) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 10 fevral 2023-cü il tarixdə tərtib edilmiş 031706 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 5366,04 (beş min üç yüz altmış altı manat 04 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar