Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-292/2025 06.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən abonent İddiaçı ünvanına 712,8 manat əlavə qaz sərfiyyatı hesablanmışdır. Hazırda iddiaçı həmin aktı mübahisələndirərək ləğv edilməsini və akt əsasında hesablanmış borcun silinməsini tələb edir. İddia tələbi İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsinin Siyəzən XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş, 23 aprel 2024-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə, həmin aktın ləğv edilməsi, 30 aprel 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə hesablanmış 712,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 avqust 1971-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikası DİN-nin işçisi olmuş, habelə İİ qrup əlil olmaqla bərabər Prezident təqaüdçüsüdür. Bununla yanaşı, ünvan 1 ünvanında yerləşən evinə istifadə etdikləri “Zenner G4T” mexaniki, **********9 nömrəli qaz sayğacı 04 avqust 2021-ci il tarixdə quraşdırılmış, elə həmin tarixdən evində istifadə etdikləri qaz cihazları evində istifadə olunmuşdur. 2024-cü il aprel ayında Xaçmaz RQİİ-nin Siyəzən XS-nin nəzarətçisi ona zəng edərək, işlətdikləri cihazların sayğaclarına uyğun olmadığını bildirmiş, ona görə də, adına 712,80 manat borc yazıldığını qeyd etmişdir. Həmçinin, 2024-cü il aprel ayında qaz sərfiyyatı ilə bağlı bildiriş göndəriləndə həmin borc bildirişdə qeyd olunsa da, həmin tarixə kimi göndərilən bildirişlərdə bu borc məbləği qeyd olunmamışdır. Bildirir ki, istifadə etdiyi qaz sayğacı həmişə istifadəsində olmuş, sayğaca müdaxilə etməmiş, kənardan qaz xətti çəkməmiş, odur ki, yazılan cərimə məbləği ilə razı deyildir. Cavabdeh İB-nin Xaçmaz RQİİ Siyəzən XS-nin üç nəfər işçisinin imzası ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 aprel 2024-cü il tarixli, ******* saylı akt tərtib olunmuş, lakin o, həmin aktı imza etməkdən imtina etmişdir. Belə ki, tərəflərindən sayğaca heç bir müdaxilə olunmamış, sayğac quraşdırıldığı tarixdən blomlanmış, heç bir kənar müdaxilə olunmamışdır. Sonradan dəymiş ziyanın bərpasına dair Cavabdeh İB-nin Xaçmaz RQİİnin rəisinin möhürü ilə təsdiqlənmiş 30 aprel 2024-cü il tarixli tələbnamə də təqdim olunmuşdur. Həmin tələbnamədə 5940 m3 dəymiş ziyanın həcmi hesablanmış və 2024-cü ilin aprel ayının abonentin saldosunda 712,80 borc məbləği hesablandığını aşkar etmişdir. Qeyd edir ki, neçə illərdir təbii qazdan heç bir problem olmadan istifadə etmiş, habelə nəzarətçi tərəfindən hər ay, ayda iki dəfə olmaqla sayğacın göstəricilərini hər-hansı problem olduğunu bildirməmişdir. Həmçinin, yaşadığı fərdi yaşayış evinin abonent hesabında yaranmış borcun araşdırılması üçün ona bu barədə tərtib edilmiş aktın surəti, 01/20xx-xx/2025 tarixlər arası abonentin saldosunu təqdim etmişlər. Qeyd edir ki, 712,80 borc qanunsuz yazılıb və silinməsi barədə tələbində haqlıdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər. 3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunu 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-2. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 13-cü maddəsinin 8-1-ci hissəsi: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 13-cü maddəsinin 9-cu hissəsi: Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Mülki Prosessual Məcəllə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının izahatını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 13 iyun 2022-ci il tarixli, 9963/2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki fərdi yaşayış evində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Hüseyn Həsənov, mühəndisi Rəşad Şeydayev və texnik Zəka Səlimov tərəfindən İddiaçı aid olan Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 23 aprel 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sözügedən evə aid cihazların qaz sərfi sayğacın saatlıq maksimal qaz sərfindən çox olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X2 İdarəsinin 30 aprel 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də, 13 fevral 2025-ci il tarixli abonent saldosunun surətlərindən görünür ki, Qənimət Pirəlievin qaz xəttinə quraşdırılmış G4 markalı, **********9 nömrəli sayğaca ümumi baxış keçirilmiş, mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3 / saat olduğu təqdirdə qaz işlədicilərin maksimal sərfiyyatı 11,5 m3 / saat olması aşkar edilmiş, bu səbəbdən də 5490 m3, yəni 712,80 manat ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00490 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki quraşdırılmış “Zenner” tipli, G4 markalı, **********9 nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3 / saat olduğu təqdirdə qaz işlədicilərin maksimal sərfiyyatı 11,5 m3 / saat olması aşkar edilmiş, bu məqsədlə, 23 aprel 2024-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 712,80 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhərində yerləşən Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 23 aprel 2024-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır.
Məhkəmənin gəldiyi nəticə
Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, Cavabdeh Xaçmaz X2 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 23 aprel 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 712,80 (yeddi yüz on iki manat 80 qəpik) manat borc hesabdan silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 23 aprel 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 712,80 (yeddi yüz on iki manat səksən qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə