Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-298/2022 06.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 24 avqust 2021-ci il tarixli, 226888 nömrəli sayğacların və cərəyan transformatorların yoxlanılması protokolunun əsassız olması ilə əlaqədar ləğv edilməsi, bu protokol üzrə hesablanmış 1215,92 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, o, 24 may 2017-ci il tarixdə yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndindəki fərdi yaşayış evinə onun adına quraşdırılmış dövlət möhürü nömrəsi 802255 olan VİKO tipli, 03305479 nömrəli sayğaca əsasən hesablanan borcları müntəzəm olaraq ödəmiş, lakin 06 avqust 2021-ci il tarixdə "xxxx" ASC-nin Siyəzən EŞ-nin əməkdaşları tərəfindən EEİQ-yə uyğun olaraq sayğaca baxış keçirilərkən elektrik sayğacının alt sıxacında baş vermiş qızma nəticəsində sayğacın əriyərək istismara yararsız duruma düşməsi müəyyən edilməklə, 06 avqust 2021-ci il tarixli, R seriyalı 223560 saylı akt tərtib olunmuşdur. Eyni zamanda, həmin akt onun evində yaşayan bibisi oğlu X1 tərəfindən imzalanmışdır. "xxxx" ASC Sayğac Quraşdırma və Uçota Nəzarət idarəsinin 11 avqust 2021-ci il tarixli, ******* saylı protokolda dövlət möhürü nömrəsi 802255 olan 03305479 nömrəli sayğacın 223560 saylı akta əsasən klemasının yandığı və yenisi ilə əvəz olunduğu göstərilmişdir. Onun iştirakı olmadan sayğac üzərində laboratoriya yoxlanılması keçirildikdən sonra, tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, 226888 saylı protokolda sayğacın dövlət möhürünün normal olduğu, daxilində baş vermiş qısaqapanmadan kommutasiya naqillərinin zədələndiyi, həmçinin göstəricinin mühəndis düyməsi vasitəsilə oxunduğu qeyd olunmuşdur. Bununla da, 09 iyul 2021-ci il tarixdən 11 avqust 2021-ci il tarixədək müddət ərzində 11172 kvts. sərfiyyat hesablansa da, qeyd olunan sərfiyyat heç bir məntiqə uyğun deyildir. Belə ki, 2021-ci ilin göstəricilərinə nəzər saldıqda, hər ay orta hesabla 270-280 kvts. sərfiyyatın olduğu məlum olur. Yeni sayğac quraşdırıldıqdan sonra 04 sentyabr 2021-ci il tarixdə 15 gün ərzində 10 kvts, 07 oktyabr 2021-ci il tarixdə 33 gün ərzində 112 kvts, 05 noyabr 2021-ci il tarixdə 29 gün ərzində 350 kvts. sərfiyyat olmuşdur. Ona görə də cavabdehin tərtib etdiyi akt həqiqəti əks etdirmədən məntiqsiz, formaca qüsurlu və qəbul olunmuş qaydalara zidd tərtib olunduğundan, heç bir mülki məsuliyyət yarada bilməz və bu akta əsaslanıb, maddi ziyan tələb edilə bilməz. Yuxarıda qeyd olunanlardan məlum olur ki, cavabdeh tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, 226888 saylı aktın əsassız olmasını və akta əsasən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin normalarına əsasən cavabdeh iddiaçının təqsirli, hüquqazidd əməli nəticəsində ona dəymiş ziyanı sübut etməlidir. Lakin, cavabdehin əməkdaşları tərtib olunan aktda elektrik sayğacının əriyərək istismara yararsız hala düşdüyü, göstəricinin heç bir halda oxunmasının mümkün olmadığı qeyd olunmuş, həmçinin o, elektrik sayğacını dəyişdirdikdən sonra hər ay 10, 112, 350 kvts. elektrik enerjisi sərf etmişdir. Beləliklə, onun elektrik sayğacına müdaxilə etmədiyi məlum olur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, 06 avqust 2021-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin uçot dəstinə baxış keçirilən zaman mənzildə quraşdırılmış elektrik hesabat sayğacının sıxaclarının əriməsi nəticəsində axan yükü 100 % qeyd etməməsi halı aşkar olunmuşdur. Bundan əlavə, daha obyektiv yoxlama aparmaq məqsədilə axan yük ölçülən zaman xətdən faktiki olaraq 0,43 kvt (Pfaktiki= 0,43 kvt) yük axmasına baxmayaraq, sayğacın qeydə aldığı yük 0 kvt (Psayğac=0 kvt) olduğu məlum olmuşdur ki, bu barədə də aktda iddiaçının iştirakı ilə müvafiq qeydlər aparılmışdır. Bu hal bir daha sübut edir ki, mənzildə quraşdırılmış elektrik hesabat sayğacı istifadə olunmuş elektrik enerjisini qeydə almamışdır. Aktın tərtibi iddiaçının iştirakı ilə aparılmış və o, aktı imzalayaraq onun düzgünlüyünü təsdiq etmişdir. Qeyd olunan faktlarla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında 06 avqust 2021-ci il tarixli, R seriyalı, 223560 nömrəli akt tərtib edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalar”ın (EEİQ) 8.1-5-ci bəndinin (ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, yenidən hesablaşma aparılır.) tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükü nəzərə alınaraq 1215,92 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. İddiaçı qeyd olunan mənzil üzrə elektrik enerjisindən istifadə etməklə, "Azərişıq” ASC ilə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nin tələbinə uyğun istifadə etməli olmuşdur. EEİQ-nin 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, habelə onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Həmçinin, iddia ərizəsindən görünür ki, o, yuxanda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ-nin satış şöbəsinin rəisi R. Əliyev, aparıcı mühəndisi E. Qurbanov və nəzarətçi mühəndisi Ü. Məmmədov tərəfindən Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən İddiaçı fərdi yaşayış evinə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 06 avqust 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 223560 nömrəli aktın surətindən görünür ki, **********00010 abunə kodu olan fərdi yaşayış evinin elektrik sayğacının alt sıxacında baş vermiş qızma nəticəsində elektrik sayğacı əriyərək istismara yararsız hala düşmüşdür. Ampermaşa ilə aparılmış yoxlama zamanı J1=0,6A, J2=1,4A, J3=0, J4=0,66A Pfaktiki= 0,43 kvt, Psayğac=0 kvt olmuşdur. İşdə olan 11 avqust 2021-ci il tarixli, ******* saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, dövlət möhür nömrəsi 802255 olan, VİKO tipli, 03305479 nömrəli üç fazalı sayğac kleması yanması səbədindən çıxarılaraq, dövlət möhür nömrəsi ******* olan Luna tipli, 24932843 nömrəli sayğacla əvəz etmişdir. İşdə olan 24 avqust 2021-ci il tarixli, 226888 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında protokoldan görünür ki, 223560 saylı akta əsasən dövlət möhür nömrəsi 802255 olan 03305479 nömrəli üç fazalı sayğac laboratoriya yoxlamasından keçmiş, yoxlama nəticəsində sayğacın dövlət möhürünün normal olması, daxilində baş vermiş qısaqapanma nəticəsində kommutasiya naqillərinin zədələnməsi qüsuru aşkar edilmişdir. Eyni zamanda göstəricinin mühəndis düyməsi vasitəsilə oxunması qeyd olunmuşdur. İşdə olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərin surətindən, eləcə də abunə haqqında təfərrüatlı məlumatdan görünür ki, **********00010 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının 06 avqust 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 223560 nömrəli akt əsasında hesablanmış 1215,92 manat borcu vardır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bu mənada, məhkəmə iclasında müəyyən edildi ki, "Azərişıq” ASC Şimal RET və Sİnin Siyəzən EŞ-nin əməkdaşları tərəfindən **********00010 abunə kodu olan İddiaçı məxsus Siyəzən rayonunun Böyük Həmyə kəndindəki fərdi yaşayış evinin elektrik sayğacına keçirilmiş baxış zamanı sayğacın alt sıxacında baş vermiş qızma nəticəsində onun əriyərək istismara yararsız hala düşməsi aşkar edilmiş, bu məqsədlə, 06 avqust 2021-ci il tarixdə elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, habelə bu akt əsasında dəymiş ziyanın həcmi 1215,92 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İşin faktiki hallarından da göründüyü kimi elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində hesablanmaqla, iddiaçının abonent bazasına işlənilmiş məbləğ, mübahisələndirilərək, ləğv edilməsi tələb edilmiş 24 avqust 2021-ci il tarixli, 226888 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında protokol əsasında deyil, 06 avqust 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 223560 nömrəli akta əsasən hesablanmışdır. Belə olan halda zərər məbləği protokol deyil, akt əsasında hesablandığına, habelə iddia tələbi üzrə məhz protokolun ləğvi və bu protokol əsasında hesablanmış borcun silinməsi tələb edildiyinə görə iddiaçının iddiasının təmin edilməsi istisna edilir. Çünki, iddiaçının mübahisələndirdiyi, cavabdeh tərəfin tərtib etdiyi sözügedən protokol əsasında hər hansı bir borcun hesablanması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundun hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-298/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-298/2022
06.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver