Məhkəmə qərarları › İş №2(059)-30/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-30/2024

08.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-30/2024 08.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Xaçmaz X3 İdarəsinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş, 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə, həmin aktın ləğv edilməsi, əsassız hesablanmış 1588,92 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X4 İdarəsinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 8700/2021 saylı qazın alqı-satqısı barədə müqavilənin qazdan istifadə qaydalarına 2 nömrəli əlavəsinə əsasən Xaçmaz RQİİ-nin Siyəzən Qaz Xidmət Sahəsi onun Siyəzən şəhərinin A.Zahirov küçəsindəki 19 saylı evinin 39 nömrəli mənzilinə G-4 markalı qaz sayğacı quraşdırılmış və həmin vaxtdan bu günə kimi sayğacın göstəricisinə uyğun olaraq istehlak etdiyi qazın dəyərini hər ay vaxtlı-vaxtında ödəmişdir. Cavabdehin nümayəndələri 26 dekabr 2022-ci il tarixli akt tərtib etməklə, köhnə sayğacı “İtron” tipli yenisi ilə əvəzləyərək, həmin gün onun üçün yeni sayğac quraşdırmışlar. Bu zaman əvəzlənmiş köhnə sayğaca baxış zamanı onun tərəfindən qazın istehlakı ilə əlaqədar heç bir qayda pozuntusu aşkar olunmamış, lakin sonradan onun iştirakı olmadan sözügedən akt tərtib edilərək köhnə sayğacda nöqsan aşkar edildiyi, adının qarşısına isə imtina etdi sözü qeyd edilmişdir. Bundan sonra, onun istifadəsində köhnə qaz sayğacı cavabdeh tərəfindən yoxlanılması üçün Cavabdeh Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinə göndərilmişdir. Sayğacın yoxlanılması zamanı yoxlayıcı təşkilat Cavabdeh İB-nin Meteorologiya Departamenti Sayğacların müayinəsi laboratoriyası tərəfindən tərtib edilmiş 08 aprel 2023-cü il tarixli, 14-2-2/3-5-2601-1 nömrəli akta əsasən "G-4 markalı, **********6 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərinə vurulan zavod plastmas plomblarının və plomb yuvalarının ətrafında əzik-cızıq izləri olmaqla, sayğacın istismara yararsız olması, təbii qaz itkisinin yaranması” müəyyən edilmişdir. Həmçinin, cavabdeh tərəfindən 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə hazırlanaraq itirilmiş qazın miqdarı, yəni dəymiş ziyan kimi cəmi 12960 kub metr qaz itkisi hesablanmış və bu zaman dəymiş ziyanın bərpasının əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.4-cü bəndinin ((istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi istehlakçılardan tələb etmək)) tələblərinə istinad edilmişdir. Cavabdehin ondan itirilmiş qaz sərfiyyatına görə 12960 kub metr qazın dəyərini, yəni 1588,92 manat pulun tələb etməsi qanunsuz və əsassızdır. Belə ki, o, sözügedən aktı imzalamamış, habelə həmin aktdan imtina etməmiş, bu halın mövcudluğundan məlumatı olmamışdır. Bu səbəblə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Laboratoriya yoxlaması zamanı aşkarlanmış nöqsanlar, yəni sayğacın xarici zədələnmələri ehtimal olunur ki, sayğacların Siyəzən şəhərindən müayinə yerinə yəqin ki, laboratoriyanın yerləşdiyi Bakı şəhərinə daşınması zamanı baş verə bilərdi. Bundan əlavə, cavabdehin rəyində, sayğacın plombunun yoxlanması zamanı, habelə onların özləri tərəfindən açılandan sonra sayğacın daxilində nöqsanların olduğu məlum olmuşdur. Bu da sayğacın plombu yerindədirsə, onun daxilinə kənar müdaxilənin ola bilməyəcəyini göstərir. Eyni zamanda, qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi onun vəzifəsi deyildir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcının özü daşıyır. Onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanmasına görə hər hansı vəzifə qoyula bilməz. Belə olan halda onun hərəkətinin və ya hərəkətsizliyinin nəticəsində cavabdehə ziyan vurulmamışdır. Bu baxımdan cavabdeh tərəfindən tərtib olunmuş, 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt üzrə ona hesablanmış ziyan qanunsuz və əsassızdır. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 8700/2021 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən şəhəri, A. Zahirov küçəsindəki fərdi yaşayış evində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Siyəzən şəhəri, A. Zahirov küçəsindəki fərdi yaşayış evinin “Zenner” tipli, G4 markalı, **********6 nömrəli sayğacını itron tipli sayğac quraşdırıldığı üçün çıxararaq “İtron” tipli və “G4” markalı, **********258 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 13633078 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Əli İlyasov və çilingər Əsli Mahmudova tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonu, A. Zahirov küçəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 31 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sözügedən evə aid sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərinə vurulan zavod plastmas plomblarının və plomb yuvalarının ətrafında əzik-cızıq izlərinin olması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X3 İdarəsinin 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də 25 sentyabr 2023-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, İddiaçı qaz xəttinə quraşdırılmış G4 markalı, **********6 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərinə vurulan zavod plastmas plombları və plomb yuvalarının ətrafında əzik-cızıq izlərinin olması müəyyən edilmiş, bu səbəbdən də 12960 m3, yəni 1555,20 manat ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00560 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhərinin A. Zahirov küçəsindəki fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə Zenner” tipli, G4 markalı, **********6 nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərinə vurulan zavod plastmas plombları və plomb yuvalarının ətrafında əzikcızıq izlərinin olması aşkar edilmiş, bu məqsədlə, 31 mart 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1555,20 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 31 mart 2023-cü il tarixdə yarandığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 4.2-ci bəndinə münasibətdə həmin vaxt qüvvədə olan müddəası tətbiq olunmalıdır. Bu Qaydaların (05 iyul 2023-cü il tarixinədək olan redaksiyada) 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhərində yerləşən Siyəzən şəhəri, A. Zahirov küçəsindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 31 mart 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Bundan əlavə, iddiaçı 31 mart 2023-cü il tarixli akta əsasən hesablanaraq, abunə koduna köçürülmüş ziyan məbləğini 1588,92 manat göstərməklə, bu məbləğin abonent hesabından silinməsi xahiş etmişdir. Halbuki, Cavabdeh İB Xaçmaz X3 İdarəsinin 31 mart 2023-cü il tarixdə tərtib etdiyi dəymiş ziyanın bərpasına dair tələbnaməyə, eləcə də, 25 sentyabr 2023-cü il tarixli abonent saldosuna əsasən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1555,20 manat məbləğində hesablanmışdır. Silinməsi tələb olunan 1588,92 manatın qalan hissəsinin, yəni 33,72 manat məbləğində zərərin isə əmələ gəlmə əsasları, bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, sözügedən akta əsasən hesablanmış zərər məbləğindən əlavə, mübahisələndirilmiş sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 31 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 31 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar