Məhkəmə qərarları › İş №2(059)-308/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-308/2024

03.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-308/2024 03.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməklə, ləğv edilməsi məcburi ödənilən məbləğin iddiaçıya geri qaytarılması və ödənilməmiş qalan hissənin abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməklə, ləğv edilməsi məcburi ödənilən məbləğin iddiaçıya geri qaytarılması və ödənilməmiş qalan hissənin abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin X2 Nəzarət İdarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 saylı aktın etibarsız hesab edilməklə, ləğv edilməsi, sözügedən akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 859,66 manat borcdan 759,66 manatının hesabından silinməsi, eləcə də bu akt üzrə ödədiyi 100 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, ona məxsus elektrik sayğacının giriş-çıxış faza sıxaclarında nasazlıq olmasını, yəni qızmasını görüb "xxxx" ASC-nin qaynar xətti ilə əlaqə saxlamış, habelə "xxxx" ASC-nin X5 Təchizatı və Satışı idarəsinin X1 Muxtar adlı müdirinə kəndin elektrik montyoru vasitəsi ilə məlumat vermişdir. Bundan təxminən iki həftə sona 26 noyabr 2023-cü il tarixdə cavabdehin əməkdaşları gəlib sayğaca baxış keçirmiş, daha sonra sonuncular tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 27 noyabr 2023-cü il tarixli müvafiq akt tərtib edilmişdir. Bir neçə gün sonra, nasaz elektrik sayğacı yeni Smart-kart tipli sayğacla əvəz edilmiş, lakin ona nə akt tərtib edilərkən, nədəki sayğac dəyişdirilərkən abonent hesabıma elektrik enerjisinin israfına görə əlavə məbləğin ödəniləcəyi bildirilməmişdir. Həmçinin, onun bu işdə heç bir məsuliyyəti olmamış, əksinə məsuliyyət sayğaca vaxtında texniki xidmət göstərməyən cavabdehin üzərinə düşür. Hətta, onun müraciətinə bir az gec reaksiya veriləcəyi halda sayğacda yanğın baş verə və nəticəsi zərərli ola bilərdi. Beləliklə, sözügedən akt tərtib edildikdən üç aydan sonra guya elektrik enerjisini israf etdiyinə görə hesabına cərimə qismində 859,66 manat əlavə edildiyini görmüş, hətta smart-kart tipli sayğacdan istifadə etməsi üçün pul yükləyərkən balansdan əsassız yerə 100 manat məbləğ silinmişdir. 22 fevral 2024-cü il tarixli abunə haqqında arayışdan məlum olur ki, əsassız əlavə edilmiş 859,66 manat məbləğ 688 kv.s x 0,08 m=55,04m, 5774 kv.s x 0,13 m=750,62m, 600 kv.s x 0,09m=54m tarif üzrə hesablanmışdır. Beləliklə, məlum akt etibarsız hesab edilməklə, ləğv edilməlidir. Çünki, akt Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən onun məlumatı olmadan tərtib edilmiş, hətta formal olsa belə bu aktda imtina etdi qeydi də yazılmamışdır. Eyni zamanda, mübahisələndirilən akt Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın 77-ci bəndinə əməl edilmədən tərtib edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydalaırının” 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Buna baxmayaraq, mübahisəli akt adıçəkilən qaydalara zidd olaraq tərtib edilmişdir. Beləliklə, mübahisələndirilən aktda onun elektrik enerjisindən istifadəsi zamanı pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq, bu akt qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Odur ki, qanunsuz tərtib edilmiş akt məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Eyni zamanda, tərtib edilən akt, qanunauyğun olsa belə, bu akta əsasən hesablanmış məbləği, yəni 859,66 manatı, Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinə görə tələb edə bilməzdi. Belə ki, kreditorun tələbi özünə görə aşkar olsa da, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, sözügedən sayğacın olduğu evdə hazırda yaşayış yoxdur, lakin həyətində iki ədəd kiçik ölçüdə quşçuluq sexi olduğuna görə evə yalnız orada toyuq saxlanılarkən baş çəkilir. Ötən ilin noyabr ayında sözügedən evdə elektrik enerjisi kəsildiyi üçün generator qoşaraq istifadə etmiş, habelə bu vaxt "xxxx" ASC-nin “199” çağrı mərkəzinə 3 dəfə zəng vurmuş, həmçinin "xxxx" ASC-nin X5 Təchizatı və Satışı idarəsinin X1 Muxtar adlı müdiri ilə də, əlaqə saxlayaraq, elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumat vermişdir. Bundan sonra, 27 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş, həmçinin video çəkiliş aparılaraq, mübahisəli akt tərtib edilmişdir. Həmin gün, orada "xxxx" ASC-nin Sumqayıt şəhərindən gəlmiş nümayəndələri, eləcə də X1 montyorları olmaqla, cəmi dörd nəfər iştirak etmiş, hətta sonuncular ona sayğacın plombunun yerində olmasını, hər hansı qanunsuz qoşulmanın olmamasını, sayğacın özündə nasazlıq olmasını bildirmişlər. Beləliklə, qeyd olunmuşdur ki, sayğacda qızma olmuş, nəticədə daxilində ərintilər yaranmış, onun sayğaca heç bir müdaxiləsi olmamışdır. Hadisədən bir müddət sonra, elektrik enerjisindən istifadə etmək üçün ödəniş edən zaman ona cərimə hesablanması məlum olmuş, hətta 100 manat ödəyərkən 50 manatının bu cərimə borcundan silinməsi müəyyən edilmişdir. O, daha sonra da, elektrik enerjisindən istifadəsi üçün ödənişlər etmiş, bu vaxt da müəyyən məbləğ avtomatik şəkildə balansından tutulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən "Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) uyğun olaraq sözügedən sayğaca baxış keçirilərkən sayğacın giriş-çıxış faza sıxacları tamamilə yanması, sayğacın sxemdən keçən yükü qeyd etməməsi, sayğacın göstəricisinin bazaya düzgün daxil edilməməsi məlum olmuşdur. Belə ki, bu sayğacın üzərində bazaya daxil edilməmiş 1244 kvt saat sərfiyyat olmuşdur. Daha sonra, sayğacın alt qapaq möhürü Siyəzən EŞ-nin əməkdaşı tərəfindən açılmış və giriş-çıxış faza xətləri bir-başa qoşulmuşdur. Eyni zamanda, mübahisəli aktın tələb hissəsində sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğaca laboratoriya şəraitində bütün parametrlər üzrə rəy verilməsi qeyd olunmuşdur. Bundan sonra, 07 dekabr 2023-cü il tarixdə yeni PAUD-MP 106 tipli smart sayğac iddiaçının istifadəsinə verilmişdir. Abunə haqqında çıxarışa əsasən sayğac yenisi ilə əvəz edilənədək iddiaçının enerji sərfiyyatı göstəricisi 20 manat məbləğində, yəni 100-200 kvt saat miqdarında enerji istehlak etdiyi müəyyən edilsə də, sayğac yenisi ilə əvəz edildikdən sonra sayğacın göstəricisinin 1394 kvts saat miqdarında olması, yəni 111,52 manat dəyərində elektrik enerjisi istehlak edildiyi aydın olur. Eyni zamanda, müəyyən olunur ki, iddiaçı yalnız istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir. Bundan əlavə iddiaçı akt üzrə aparılmış hesabatdan ümumilkdə 199.41 manat ödəniş etmiş, hal-hazırda 660,19 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, 04, 15, 26 fevral 2024-cü il tarixlərində və 15 mart 2024-cü il tarixdə iddiaçı tərəfindən abonent hesabına ümumilikdə 400 manat ödəniş olunmuşdur. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Beləliklə, tələblərə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 859,6 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin X5 Təchizatı və Satışı idarəsi, eləcə də həmin idarənin X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, üçüncü şəxslər səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 saylı aktın surətindən görünür ki, sayğacın giriş-çıxış faza sıxaclarının tamamilə yanması, sayğacın sxemdən keçən yükü qeyd etməməsi, sayğacın göstəricisinin bazaya düzgün daxil edilməməsi, sayğacın üzərində bazaya daxil edilməmiş 1244 kvt saat sərfiyyatının olması müəyyən edilmiş, həmçinin sayğacın alt qapaq möhürü Siyəzən EŞnin əməkdaşı tərəfindən açılaraq, giriş-çıxış faza xətləri birbaşa qoşulmuşdur. Eyni zamanda, xətdən axan yük Sf=7/6A,Pfak=1,67 kvt, P say=0 kvt, həmçinin qoyuluş güc qidalandırıcı xəttə görə (S= 2x10 mm2 alüminium) P qoy=11 kvt təşkil edir. İşdə olan "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən **********00022 abunə kodu olan fərdi yaşayış evinə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 22 yanvar 2024-cü il tarixdə tərtib edilmiş 026194 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokolun surətindən görünür ki, sayğacın faza xəttinin hər iki yuvasının texniki təsir nəticəsində yanması, xəta faizlərinin yoxlanmasının mümkün olmaması, lakin yüksüz rejimdə 1 saat ərzində 2,4 k/v-dan artıq sərfiyyat hesablaması, nəticədə sayğacın istismara yararsız olması aşkar edilmişdir. İşdə olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərin, abunə haqqında təfərrüatlı məlumatların, eləcə də 08 fevral 2024-cü il tarixli abonent saldosunun surətindən görünür ki, sayğacına baxış keçirilən, **********00022 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 saylı akt əsasında hesablanmış 859,66 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 27 noyabr 2023-cü il tarixdə **********00022 abunə kodu olan İddiaçı aid Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman fərdi yaşayış evinin elektrik sayğacının giriş-çıxış faza sıxaclarının tamamilə yanması, sayğacın sxemindən keçən yükü qeyd etməməsi, sayğacın göstəricisinin bazaya düzgün daxil edilməməsi ilə bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 859,66 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. Lakin, sözügedən akt iddiaçı tərəfindən imzalanmamışdır. Bununla da, iddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı aid Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evi üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar yaranmış nöqsana səbəb olan təsirin birbaşa iddiaçı tərəfindən edilməsi barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, baş vermiş halların kimin təqsirindən yaranması istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan cavabdeh ASC-nin əməkdaşları tərəfindən 27 noyabr 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda elektrik enerjisindən istifadə qaydalarında nöqsanların olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, elektrik enerjisindən istifadədə yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacının giriş-çıxış faza sıxacları məhz iddiaçı tərəfdən yandırılmalı, sonuncu yol verdiyi nöqsanı, onun nəticələrini və məsuliyyəti dərk etməlidir. Lakin, iddiaçı belə bir hala yol verməmiş, habelə fərdi yaşayış evinin sayğacında yaranmış qüsurla bağlı "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ-nin əməkdaşlarını xəbərdarlıq etmiş, sonuncular 27 noyabr 2023-cü il tarixdə iddiaçıya aid fərdi yaşayış evində elektrik enerjisinin istifadə qaydalarını yoxlayarkən mövcud pozuntunu aşkar etmişlər. Qeyd olunan hallar isə nəticə etibarilə İddiaçı təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, elektrik enerjisi istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 660,19 manat borc hesabdan silinməklə, bu akt üzrə ödənilmiş 199,41 manat pul İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ümumilikdə 199,41 manat ödəniş etməsi, həmçinin mübahisəli akt üzrə 660,19 manat borcunun qalması cavabdeh tərəfin təqdim etdiyi etirazı ilə etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Belə olan təqdirdə, iddiaçı sözügedən akta əsasən hesablanaraq onun abunə koduna köçürülmüş 759,66 manat borcun hesabından silinməklə, bu akt üzrə ödədiyi 100 manat pulun ona geri qaytarılmasını xahiş etməsinə baxmayaraq, cavabdeh tərəfin etirafı da nəzərə alınmalıdır. Belə ki, iddianın tələbdən fərqli olaraq cavabdehin etirafına müvafiq şəkildə tutulması, o cümlədən tutulan və silinən məbləğlərin, yəni toplananların iddia tələbindən fərqli olması tələbdən kənara çıxılması kimi qiymətləndirilə bilməz. Çünki, həmin rəqəmlər toplanan zaman cəm dəyişməməklə, iddia tələbinin həcmi aşılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035401 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 660,19 (altı yüz altmış manat 19 qəpik) manat borc hesabdan silinməklə, bu akt üzrə ödənilmiş 199,41 (bir yüz doxsan doqquz manat 41 qəpik) manat pul İddiaçı geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar