Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-311/2020 26.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı "elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı "elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxxxxxx" ASC tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı, 019361 nömrəli aktın ləğv edilməsi və bu akta əsasən qanunsuz hesablanmış 2821,91 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayonu, Zarat kəndində yerləşən fərdi yaşayış evi xeyli müddət olar onun istifadəsindədir və o, bu evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparmış, sayğacı işlək vəziyyətdə olmaqla, yaşadığı evin həyətinin daxilində quraşdırılmış, plomb isə heç bir müdaxiləyə məruz qalmamışdır. xx xxxx 2020-ci il tarixdə cavabdehin nümayəndələri onun və ailə üzvlərinin məlumatları olmadan qanunsuz olaraq akt tərtib etmiş, müvafiq idarədən bu borcun hansı formada yarandığını soruşarkən isə ona tərtib edilmiş həmin akt verilmişdir. Bundan əlavə, xx xxxx 2020-ci il tarixli aktda guya onun bu aktı imzalamaqdan imtina etdiyi belə qeyd olunmuşdur. Halbuki, həmin ərəfədə Siyəzən rayonunda xüsusi karantin rejimi elan edilmişdir. Bundan başqa, o və ailə üzvləri tərəfindən sayğaca hər hansı bir formada müdaxilə olunmamışdır. Bu səbəbdən qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış evinin həyətinin daxilində quraşdırılmış elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə edilməsi halı aşkar edilmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin həyətinin daxilində quraşdırılmış elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə edilməsi halı aşkar edilmişdir. Belə ki, kənar xətt sayğacın giriş faza xəttindən xüsusi sıxacla götürülmüş, aşkar olunmuş faktlarla əlaqədar daha obyektiv yoxlama aparılması məqsədi ilə kənar xətdən axan yük ölçülərkən xətdən axan yükün 4.4 kvt (Pkənar=4.4 kvt) olduğu müəyyən edilmişdir. Bu hal bir daha təsdiqləyir ki, mənzilə kənar xətt çəkilməklə elektrik enerjisindən istifadə olunmuş və həmin kənar xətt işlək vəziyyətdə olmuşdur. Qeyd edilən bütün halları sübut edən video çəkiliş DVD disk formatında iş materiallarına əlavə edilir. Həmin video çəkilişdə görünən sayğac nömrəsindən müəyyən edilir ki, sözügedən sayğac iddiaçının evinə quraşdırılmış sayğacdır və çəkilişlər həmin sayğacı yoxlanılarkən qeydə alınmışdır. Həmçinin, kənar xətdən axan yük ölçülən zaman video çəkiliş qeydə alınmışdır ki, bu hal da yoxlamanın vicdanlı, obyektiv və qərəzsiz olduğunu sübuta yetirir. Elektrik hesabat sayğacı iddiaçının sərəncamında, ona məxsus fərdi yaşayış evinin həyətinin daxilində quraşdırıldığına görə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.32-ci bəndinin tələblərinin pozulması halının aşkarlanması üçün hal şahidlərinin iştirakı tələb olunmur. Qeyd olunan faktla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında xx xxxx 2020-ci il tarixli, NDM seriyalı, 019361 nömrəli akt tərtib edilmişdir. Akt abonentin iştirakı ilə tərtib edilsə də, sonuncu aktı imzalamaqdan imtina etmiş, habelə bu barədə aktda müvafiq qeyd aparılmışdır. İddiaçının hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iddiaçının, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxxxxxx” ASC-nin əməkdaşları B. Abdullayev və A. Məmmədov tərəfindən Siyəzən rayonunun Zarat kəndində yerləşən İddiaçı yaşadığı fərdi evinə aid həyətdaxilində quraşdırılmış sayğac üzrə keçirilmiş yoxlamadan sonra xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı, 019361 nömrəli aktdan görünür ki, **********00282 abunə kodu olan fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkarlanmışdır. Belə ki, həmin kənar xətt sayğacın giriş faza xəttindən xüsusi sıxacla (krakadil) götürülmüşdür. Ölçmə zamanı xətdən axan yük Pkənar=4.4 kvt, Psay= 0 kvt olmuşdur. Qoyuluş gücü naqilin en kəsiyinə əsasən S=1x6 mm mis naqildir. Pqoy= 7,92 təşkil edir. İşdə olan videoçəkilişdən görünür ki, "xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən Siyəzən rayonunun Zarat kəndində yerləşən İddiaçı yaşadığı fərdi evinə aid həyətdaxilində quraşdırılmış sayğac üzrə keçirilmiş yoxlama zamanı sayğac sxemindən kənar xəttin daxil olduğu aşkarlanmış, habelə həmin kənar xəttin sayğacın giriş faza xəttindən xüsusi sıxacla götürüldüyü öz əksini tapmışdır. Bundan əlavə, video çəkiliş zamanı həyət daxilində saxlanılan itin "xxxxxxxx” ASC-nin əməkdaşının üzərinə gəldiyi, lakin, ev sakinlərinin vəziyyəti sakitləşdirdiyi müşahidə edilmiş, bununla da, ev sakinlərinin həyətləri daxilində baş verənlərdən məlumatlı olduğu müəyyənləşdirilmişdir. İşdə olan abonentin ödəniş və sərfiyyatı barədə arayışdan görünür ki, **********00282 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının NDM seriyalı, 019361 nömrəli akt əsasında hesablanmış 2821,91 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxxxxxx" ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə **********00282 abunə kodu olan İddiaçı Siyəzən rayonunun Zarat kəndindəki fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması ilə bağlı "xxxxxxxx" ASC-nin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İstehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 2821,91 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. İddiaçı isə "xxxxxxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin evdə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Bu Qaydaların 7.11-ci bəndinin İİ cümləsinə əsasən mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X5 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarının pozulmasının aşkarlanması ilə əlaqədar tərtib edilmiş aktın ləğv edilməsi, eləcə də bu akta əsasən hesablanmış məbləğin silinməsi barədə olmasına baxmayaraq, işin faktiki hallarından da göründüyü kimi abonent tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması halı mövcuddur və realdır. Belə ki, akt tərtib edilərkən aparılmış video çəkilişdən də, aşkar göründüyü kimi iddiaçının yaşadığı fərdi yaşayış evinin həyəti daxilində quraşdırılmış sayğaca kənar xəttin daxil olduğu aşkarlanmışdır. Beləliklə, "Elektrik enerjisindən istifadə Qaydaları"na görə fərdi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının işçi vəziyyətdə saxlanılması ilə bağlı həmin evin kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıdığından sayğacda yaranmış qüsurlara münasibətdə cavabdehlik də iddiaçının üzərinə düşməklə, onun məsuliyyətinin yaranmasına əsas verir. Bununla da, göründüyü kimi iddia tələbinin ilk, yəni “cavabdeh "xxxxxxxx" ASC tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı, 019361 nömrəli aktın ləğv edilməsi” hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Lakin, həmin aktın qüvvədə olması nəzərə alınmaqla, bu akt əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir. Sözügedən akta əsasən aparılmış hesabatdan görünür ki, cavabdeh təşkilat iddiaçının evində (həyətində) olan elektrik sayğacından kənar xətdən axan yükün gücünü təsbit edərək xx xxxx 2020-ci il tarixdə 365 günlük dövrü elektrik enerjisinin itirildiyi (sərfiyyatın qeydə alınmadığı) dövr kimi nəzərə almış və müvafiq məbləği iddiaçıdan tələb etmişdir. Halbuki, sayğacın məhz göstərilən müddətdə (365 gün) sərfiyyatı qeydə almadığı sübuta yetirilməmişdir. Mübahisəsiz olan sayğacın müvafiq akt tərtib edildiyi tarixdə sərfiyyatı qeydə almadığının müəyyənləşdirilmiş olmasıdır – onun hansı tarixdən etibarən sərfiyyatı qeydə almadığı isə ağlabatan mühakimə, tərəflərin əmlak vəziyyəti və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. “Elektrik enerjisindən istifadə Qaydaları”nda məişət abonentinin hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkdiyi zaman hansı metodla hesabat aparılmalı olduğu göstərilsə də, məhkəmənin qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün elektrik enerjisi itkisinin hesablanması daha ağlabatandır. Çünki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Yəni, elektrik enerjisindən istifadəyə görə borc 1 aylıq hesablaşma dövründəki sayğacın əvvəlki və sonrakı göstəricilər arasında yaranmış fərqin müvafiq tariflər üzrə hesablanması əsasında əmələ gəlir. Həmçinin, pozuntuya qədərki 04 iyun – xx xxxx 2020-ci il tarixləri (abonentin ödəniş və sərfiyyatı barədə arayışına əsasən) əhatə etmiş hesablaşma dövründə aparılmış növbəti baxış zamanı sayğacın işlək vəziyyətdə olmaması ilə bağlı hər hansı bir halın aşkar edilməməsi, pozuntunun xx xxxx 2020-ci il tarixədək və ya həmin gün baş verməsinə dəlalət edir və ehtimalını yüksək dərəcədə artırır. Bu mənada, əgər məlum pozuntu baş verməsə idi, sayğac üzrə dövrü hesablaşmalar davam edəcək və hesablaşmalar 1 ay daxilində əvvəlki və sonrakı göstəricilər arasında yaranmış fərq üzrə mövcud tariflər nəzərə alınmaqla, aparılacaqdı. Qeyd olunanlara əsasən, həmçinin tərəflərin əmlak mənafeyi, ədalət və müddətin ağlabatanlılığı nöqteyi-nəzərdən məhkəmə hesab edir ki, iddiaçıya xx xxxx 2020-ci il tarixli akt əsasında 2254,56 kvts (4,4 kvt x 24 saat x 0,7 x 30,5 gün) elektrik enerjisi sərfiyyatı hesablana bilərdi. Bu isə o deməkdir ki, ondan tələb olunan 2821,91 manat borcun 2585,91 manatı əsassız hesablanmaqla, silinməlidir (2254,56 kvts, o cümlədən 300 kvts x 0,07 = 21 manat + 1954,56 kvts x 0,11 = 215 manat = 236 manat; 2821,91 manat – 236 manat = 2585,91manat). Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxxxxxx" ASC tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı, 019361 nömrəli akta əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 2821,91 (iki min səkkiz yüz iyirmi bir manat 91 qəpik) manat borcun 2585,91 (iki min beş yüz səksən beş manat 91 qəpik) manat məbləğində olan hissəsi cavabdeh "xxxxxxxx" ASC tərəfindən onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxxxxxx" ASC tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı, 019361 nömrəli akta əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 2821,91 (iki min səkkiz yüz iyirmi bir manat 91 qəpik) manat borcun 2585,91 (iki min beş yüz səksən beş manat 91 qəpik) manat məbləğində olan hissəsi cavabdeh "xxxxxxxx" ASC tərəfindən onun abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-311/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-311/2020
26.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver