Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-313/2022 13.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə, həmin X2 Qaz İstismarı İdarəsinə və bu Birliyin Xaçmaz RQİİnin Siyəzən Xidmət Sahəsinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə, həmin aktın ləğv edilməsi, bu akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 216 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yalnız "Azəriqaz" İB-nin işdə cavabdeh qismində saxlanılmasını, digər cavabdehlər "Azəriqaz" İB-nin Xaçmaz X3 İdarəsinin və bu Birliyin Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin fevral ayında növbəti istifadə etdiyi qazın dəyərini onlayn qaydada telefon vasitəsilə ödəyərkən, hesabında əlavə olaraq 216 manat borc olduğu ona məlum olmuş, dəqiqləşdirmək üçün Vüqar adlı nəzarətçidən borc barəsində soruşmuş, sonuncu ona ötən il dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş istismara yararsız qaz sayğacına müdaxilə etdiyinə dair rəyin gəldiyini, ona görə də, hesabına borc yazıldığını bildirmişdir. Daha sonra, o, Siyəzən Rayon Məhkəməsində haqsız yazılmış borcların abonent hesabından silinməsinə köməklik edən, vətəndaşların hüquq və mənafelərini qoruyan ədalətli hakim olduğunu öyrənmiş, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə, cavabdeh tərəfindən ona hər hansı bir sənəd, və ya aktın surəti verilməmiş, habelə onun sayğacın dəyişdirilməsindən, dövlət yoxlamasına göndərilməsindən xəbəri olmamışdır. Məhkəməyə təqdim etdiyi sənədləri isə 18 mart 2022-ci il tarixdə Siyəzən rayon Qaz idarəsindən almış, bir sözlə borc barəsində rəsmi qaydada 01 il 03 ay sonra məlumatı olmuşdur. 13 may 2020-ci il tarixdə tərtib olunmuş, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan məlum olur ki, sayğac dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, yoxlanışın nəticəsi olaraq isə, guya sayğaca müdaxilə olunmuş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar olunmasının müəyyən edilməsi qeyd olunmuş, bu səbəbdən də, qaz itkisi olması ilə əlaqədar 216 manat borc hesalanmışdır. Qeyd olunanlardan məlum olur ki, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt onun xəbəri, habelə iştirakı olmadan, həmçinin aktın tərtib olunması qaydalarına əməl olunmadan tərtib olunmuş, nəticədə qanuni əsaslar olmadan növbəti dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğaclarının çıxarılması ,quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi üçün xətdən açılmasının heç bir hüquqi əsası olmamaış, çünki bu barədə aktda hər hansı səbəb və ya sayğaca müdaxilə halları göstərilməmişdir. Başqa sözlə qaz sayğacı heç bir səbəb və yaxud zərurət olmadığı halda dövlət yoxlamasına göndərilmişdir. İstehlakçıya məxsus yaşayış sahəsində 13 may 2020ci il tarixində tərtib edilən aktda sayğaca müdaxilə olması göstərilməmişdirsə, belə halda sayğacın çıxarılıb növbədən kənar dövlət yoxlamasına göndərilməsi əsassız olmuşdur. Müdaxilə faktı aşkar olunmuş sayğaclara Azəriqaz İB-nin nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar (bildirişlər və rəylər) tərtib edilərək, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən 17 iş günü müddətində (sayğacların qəbulundan sonra) Cavabdehnə təqdim edilməli və ümumiyyətlə sayğaca müdaxilə olub-olmaması 27 gün müddətində müəyyən olunmalı olduğu halda, akt 6 ay, 17 gündən sonra tərtib edilmiş, ona isə aktın özü deyil, yalnız mövcudluğu haqqında 1 il 3 aydan sonra məlumat verilmişdir. Sözügedən sayğac küçədə yerləşdiyindən qaz sayğacına nəzarət istər müqavilə ilə, istərsə də, qanunla üzərinə öhdəlik olaraq qoyulmamış, habelə hər hansı üsulla sayğaca nəzarət etmək imkanına malik olmamışdır. Digər tərəfdən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı özü daşıyır. Onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanmasına görə hər hansı vəzifə qoyula bilməz. Belə olan halda onun tərəfindən cavabdehə hər hansı bir ziyan vurulmadığı məlum olur. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış ziyan qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 13 may 2020-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri Əli İlyasov, Vüqar Poladov və Murad Məhərrəmov iddiaçının yaşadığı Siyəzən şəhəri, N. Nərimanov küçəsindəki 3 nömrəli fərdi yaşayış evinin plomb nömrəsi 05215840 olan G4 markalı, ******* nömrəli sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi səbəbilə çıxararaq “Honneyvell” tipli, G4 markalı, 12574178 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 10204336 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Əli İlyasov və çilingər Vüqar Poladov tərəfindən İddiaçı yaşadığı Siyəzən şəhəri, N. Nərimanov küçəsindəki 3 nömrəli fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 30 noyabr 2020-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sözügedən evə aid sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X3 İdarəsinin 30 noyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün qaz sayğacının nominal qaz sərfi 4 orta günlük iş rejimi 6 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 2160(216 manat) hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00020 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhəri, N. Nərimanov küçəsindəki 3 nömrəli fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə G-4T markalı, ******* nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmiş, bu məqsədlə, 30 noyabr 2020-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 216 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 01 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6-cı maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhəri, N. Nərimanov küçəsindəki 3 nömrəli fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 30 noyabr 2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 30 noyabr 2020-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 216 (iki yüz on altı) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 30 noyabr 2020ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 216 (iki yüz on altı) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-313/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-313/2022
13.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver