Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-323/2020 10.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "miras əmlakı vərəsə olaraq qəbul etməklə, ona dair tam hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "miras əmlakı vərəsə olaraq qəbul etməklə, ona dair tam hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci növbədə vərəsəsi olduğu mərhum anası X5 mülkiyyət hüququ ilə məxsus olmuş, habelə xx xxxxxx 2019-cu il tarixdə miras açılan gündən faktiki olaraq sahiblik etməklə, qəbul etdiyi Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü ünvanında yerləşən miras kütləsinə daxil olan əmlakı vərəsə olaraq qəbul etməsi, həmçinin, ona həmin miras əmlaka dair tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, X9 Həmzəyevanın rəsmi nikahından doğulmuş, atası Ədalət xx xxxxxx 2009-cu il, anası Elza Həmzəyeva isə xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişlər. xx xxxxxx 2019-cu il tarixdə anası Elza Həmzəyeva vəfat etdikdən sonra, sonuncuya məxsus Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü mənzili miras qalmışdır. Hal-hazırda o və iki övladı həmin ünvanda qeydiyyatda olmaqla, birlikdə yaşayırlar. Bundan başqa, sözügedən mənzildə qardaşı, Cavabdeh1 də qeydiyyatda olmasına baxmayaraq, sonuncu uzun müddət olar Rusiya Federasiyasında yaşayır. Göründüyü kimi mərhum anasının biri özü, digəri isə Azərbaycan Respublikasından uzun illər kənarda yaşayan qardaşı Namik olmaqla, birinci növbədə iki vərəsəsi vardır. Bundan əlavə, mərhum anası ölməmişdən əvvəl miras ilə əlaqədar vəsiyyətnamə tərtib etməmişdir. Həmçinin, xx xxxxxx 2019-cu il tarixdə mərhum anaları Elza Həmzəyeva vəfat edərkən o, qardaşı Namikə mobil telefonla bu barədə məlumat verərək, sonuncunun dəfndə iştirak edə bilməsi üçün Azərbaycan Respublikasına gəlmə vaxtı barədə maraqlansa da, qardaşı onu gözləməməsini anasını onun iştirakı olmadan dəfn etməsini tövsiyə etmiş və yas mərasimlərinə belə gəlməyəcəyini bildirmişdir. Həqiqətən də belə olmuş, özü anasını dəfn etmiş, onun yas mərasimlərini təşkil etmiş, lakin qardaşı Namik nə dəfn, nə də yas mərasimlərinə gəlməmiş, həmin vaxtdan sonra isə onunla əlaqə saxlamamışdır. Bundan sonra, mirasın tam qəbulu barədə onun tərəfindən notariusa edilmiş müraciət müsbət həll edilmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, ailə üzvləri ilə birlikdə daim mərhum anası Elza Həmzəyevadan miras qalmış mənzildə yaşamış, anası öldükdən sonra isə hazırkı günə kimi bu ünvanda yaşamağa davam etməklə, miras əmlaka sahiblik etmiş, o cümlədən həmin mənzilin bütün kommunal xərclərini vərəsəlik açıldıqdan sonra özü ödəmişdir. Bütün bunlar isə qanunvericiliyin tələblərinə əsasən mirasın onun tərəfindən qəbul edilməsini təsdiqləyir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş), Dövlət Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməsə də, digər Cavabdeh1 məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 nümayəndəsinin, habelə digər Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Cavabdeh1 xx xxxxxxx 2010-cu il tarixli ərizəsində qardaşı İddiaçı iddia tələbi ilə razı olduğunu da bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, digər Cavabdeh2 bu iddia tələbinə olan münasibəti bəlli olmadığından aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən xx xxxxxx 1980-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı, 358159 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X7 olan İddiaçı xx xxxxxx 1980-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş V-İQ seriyalı, 366487 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, atası X6, anası X7 olan Cavabdeh1 xx xxxxxx 1978-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 394260 nömrəli və xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 028642 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X6 xx xxxxxx 2009-cu il tarixdə, X7 isə xx xxxxxx 2019-cu il tarixdə Siyəzən şəhərində vəfat etmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx xxxxxx 2013-cü il tarixdə verdiyi RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərində yerləşən H. Əliyev küçəsindəki 33 saylı evin ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 47,2 kv.m, yardımçı sahəsi isə 15,7 kv.m olan 3 otaqlı 24-cü mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə X4 adına **********23-05101-093018 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, tərəflər Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü mənzilində qeydiyyatdadırlar. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə təsdiq edilməklə, Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 və 31 saylı evin sakinlərinin tərtib etdikləri aktdan görünür ki, Cavabdeh1 Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü mənzilində qeydiyyatda olsa da, hal-hazırda bu ünvanda yaşamır. İşdə olan Cavabdeh2 xx xxxx 2020-ci il tarixli, 89 nömrəli məktubundan görünür ki, Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü mənzilində qeydiyyatda olan Cavabdeh1 orada yaşamaması, mirasın idarə edilməsində heç bir iştirakının olmaması kimi halların sübutu məhkəmələrin səlahiyyətində olduğuna, eləcə də mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflara məhkəmələr baxdığına görə xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair İddiaçı tam hissədə (1/1 hissə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüz hesab edilmiş, habelə sonuncuya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan kommunal xidmətlərlə əlaqədar sənədlərin, o cümlədən müqavilənin, abonent saldosunun və arayışın surətlərindən görünür ki, Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü mənzili üzrə kommunal xidmətlərin ödəyicisi İddiaçıdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1159-cu maddəsinin İ hissəsinin İ bəndinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü 6 təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin faktiki halları, eləcə də məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçı mərhum anası Elza Həmzəyevadan miras qalmış Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü mənzilinə münasibətdə həmin əmlakın onun tərəfindən faktiki qəbulu ilə bağlı zəruri hərəkətləri şəksiz nümayiş etdirməklə, bu barədə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmiş, lakin, müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, miras əmlakın iddiaçı tərəfindən qəbulunu şəksiz nümayiş etdirən daha bir hal isə sonuncunun bu əmlak üzrə kommunal xidmətlərin ödəyicisi olmasıdır. Bundan əlavə, iddiaçının qardaşı, Cavabdeh1 özü də ərizə ilə məhkəməyə müraciət edib, iddia tələbi ilə razı olduğunu göstərmişdir. Eyni zamanda, Cavabdeh1 anası Elza Həmzəyevanın öldüyü vaxtı və mərhumun mülkiyyətində mübahisə predmeti olan mənzilin olduğunu bilmişdir. Belə ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə mərhum anaları Elza Həmzəyeva vəfat edərkən qardaşı Cavabdeh1 mobil telefonla bu barədə məlumat vermiş, sonuncunun dəfndə iştirak edə bilməsi üçün Azərbaycan Respublikasına gəlmə vaxtı barədə maraqlansa da, sonuncu onu gözləməməsini anasını onun iştirakı olmadan dəfn etməsini tövsiyə etmiş və yas mərasimlərinə belə gəlməyəcəyini bildirmiş, o cümlədən keçirilən tədbirlərdə iştirak etməmişdir. Bundan başqa, Cavabdeh1 mirasın açıldığı vaxtdan vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan mənzilin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərindən də göründüyü kimi mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Beləliklə, iddiaçının mərhum anası Elza Həmzəyevanın xx xxxxxx 2019-cu il tarixdə vəfatından etibarən ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşayaraq oradan fasiləsiz və etirazsız istifadə etməsi işin materialları ilə təkzib olunmur. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla da, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 miras qalmış Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü mənzili, qanuni vərəsə kimi İddiaçı tərəfindən faktiki olaraq sahiblik edib, qəbul edilmiş sayılmaqla, bu əmlaka dair tam hissədə (1/1 hissədə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Cavabdeh2nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X2 miras qalmış Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 33 saylı evin 24-cü mənzili, qanuni vərəsə kimi İddiaçı tərəfindən faktiki olaraq sahiblik edib, qəbul edilmiş sayılmaqla, bu əmlaka dair tam hissədə (1/1 hissədə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Cavabdeh2nə həvalə edilsin. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-323/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-323/2020
10.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver