Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-334/2021 04.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə İddiaçı cavabdeh Abbasova (Ağayeva) Gülnarə Mürsəl qızına qarşı "vəsiyyətnamə üzrə ona çatası miras payının ayrılması, bacısının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və miras əmlakın özəlləşdirilməsinin ləğvi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abbasova (Ağayeva) Gülnarə Mürsəl qızına qarşı "vəsiyyətnamə üzrə ona çatası miras payının ayrılması, bacısının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və miras əmlakın özəlləşdirilməsinin ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 44 saylı evlə bağlı mərhum atası tərəfindən verilmiş 26 oktyabr 2014-cü il tarixli vəsiyyətnamə üzrə ona çatası payın müəyyənləşdirilməsi, bu evə dair Siyəzən rayon dövlət notariat kontorunda verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, habelə evin özəlləşdirilməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, xx xxx 1964-cü il tarixdə ata yurdu olan Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 44 saylı evdə doğulmuşdur. Həmin ev mərhum atası X3 məxsus olmuş, 1964- 1991-ci illər ərzində özü, 23 oktyabr 1991-ci ildə X19 ilə rəsmi nikaha daxil olmaqla evləndikdən sonra isə ailəsi ilə birgə 1996-cı ilədək orada yaşamışdır. 26 oktyabr 2014-cü il tarixdə atası Cahangir Ağayev vəsiyyətnamə ilə həmin ünvandakı evi həyətyanı torpaq sahəsi ilə birgə ona vəsiyyət etmiş, anası Zahirə Ağayeva 29 avqust 2014-cü il tarixdə, atası Cahangir Ağayev isə 02 mart 2015-ci il tarixdə ölmüşlər. X30 11 mart 2001-ci il tarixdə, digər qardaşı Hacıbala Ağayev isə 27 avqust 2018-ci il tarixdə ölmüşlər. Bundan sonra, bacısı Fəranə Ağayevanın adına qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi alınmış və mərhum X30in arvadı Gülnarə Abbasova (Ağayeva) ona vəsiyyət edilmiş evin sənədləşdirilmə işlərini apararaq, oranı başqa şəxsə, hazırkı iş üzrə keçirilmiş məhkəmə prosesində tanıdığı Siyəzən şəhər sakini X1. Siyəzən rayon Dövlət Notariat Ofisi onun adına vəsiyyətnamə verilməsinə əhəmiyyət verməmişdir. Hazırda Siyəzən şəhəri, İ.Qayıbov küçəsində yerləşən 44 nömrəli evlə bağlı mərhum atası tərəfindən verilmiş 26 oktyabr 2014-cü il tarixli vəsiyyətnamə üzrə ona çatası payın müəyyənləşdirilməsini tələb edir. O, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətdə notariat orqanına müraciət etməmiş, adına vəsiyyətnamə olduğu üçün mübahisəli əmlaka dair onun məlumatı olmadan notariat hərəkətlərinin aparıla bilməyəcəyini fikirləşmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Siyəzən rayon Dövlət Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 04 may 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında Siyəzən şəhəri, İ.Qayıbov küçəsində yerləşən 44 nömrəli ev üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmış və bu barədə 31 may 2021-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Alqı-satqı olunarkən əmlaka dair iddiaçının vərəsəlik hüquqları olmasından məlumatlı olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Abbasova (Ağayeva) Gülnarə Mürsəl qızının məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, bildiriş vərəqələrini ona təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə bildirişlərinə müvafiq qeyd aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddəsinə əsasən işə cavabdeh Gülnarə Abbasovanın (Ağayevanın) iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X7, X23, X16, X12, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi və Siyəzən rayon Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş), bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin, o cümlədən nümayəndələrinin iştirakları olmadan da, baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 26 oktyabr 2014-cü il tarixdə reyestrdə 2v-117 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X11 ona məxsus Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 44 saylı evi həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu İddiaçı vəsiyyət etmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 02 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 173920 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02 mart 2015-ci il tarixdə fizioloji qocalıq səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 mart 2015-ci il tarixdə 46 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 07 iyun 2018-ci il tarixdə reyestrdə 2v-75-76 nömrə ilə qeydə alınmış vərəsəlik işinin, o cümlədən ona əlavə edilmiş sənədlərin surətlərindən, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 iyul 2021-ci il tarixli, **********74 nömrəli məktubundan, eləcə də ona əlavə edilmiş 04 may 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 44 saylı fərdi-yaşayış evi (yeni qaydalarla: AZ5300, Siyəzən rayonu, Siyəzən şəhəri, İ.Qayıbov küçəsi, ev 39) ləğv olunmuş keçmiş DTXK Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 03 may 2006-cı il tarixli, kod JN-739A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Siyəzən rayon TİB tərəfindən verilmiş texniki pasport əsasında torpaq sahəsinə dair ümumi birgə, fərdi yaşayış evinə dair tam mülkiyyət hüququ üzrə X2, digərləri Cavabdeh, X8, X4, X13, X17 torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış və 10 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra, Siyəzən rayon Dövlət Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 07 iyun 2018-ci il tarixli, 2V-75 və 2V-76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında fərdi yaşayış evi üzrə tam, torpaq sahəsi üzrə 2/6 hissə X5, 1/6 hissə Cavabdeh, 1/6 hissə X4, 1/6 hissə X13, 1/6 hissə X17 olmaqla qeydiyyata alınmış və 11.06.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra, Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi 01 sentyabr 2019-cu il tarixli, 4Ə-2479 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi üzrə tam, torpaq sahəsi üzrə 3/6 hissə Cavabdeh, 1/6 hissə X4, 1/6 hissə X13, 1/6 hissə X17 olmaqla qeydiyyata alınmış və 11 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, Siyəzən rayon Dövlət Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 04 may 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınmış və 31 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin, 17 iyun 2021-ci il tarixdə fərdi yaşayış evi üzərində "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatı aparılmış və həmin tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. İşdə olan 29 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1159-cu maddəsinin İ hissəsinin İ bəndinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sözügedən Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü 6 təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı valideynlərinin öldüyü vaxtı və atasının mülkiyyətində mübahisə predmeti olan fərdi yaşayış evinin olduğunu bilmişdir. Lakin, o, mirasın açıldığı vaxtdan, yəni atası Cahangir Ağayevin öldüyü 02 mart 2015-ci il tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan fərdi yaşayış evinin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Nəticədə iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı izahatında mərhum atasının 26 oktyabr 2014-cü il tarixdə mübahisəli ünvanı ona vəsiyyət etdiyini, həmçinin bununla bağlı vəsiyyətnamənin olmasını qeyd etsə də, bu hal miras əmlakın qəbul edilməsinə dəlalət etmir. Çünki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda isə vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Hazırda mərhum atasından miras qalmış əmlakın onun oğlu İddiaçı tərəfindən qəbul edilməsi halı müəyyən edilməməklə, yanaşı bunu təsdiq edəcək mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli miras əmlak 10 may 2018-ci il tarixdə mərhum Cahangir Ağayevin, Cavabdeh, Zahirə Ağayevanın, Xanzədə Məmmədovanın, Səbinə Ağayevanın (Qubadovanın) və Orxan Ağayevin birgə mülkiyyəti kimi qeydə alınmış, bundan sonra, mərhum X9 Ağayeva 07 iyun 2018-ci il tarixdə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almış, nəticədə bu əmlak, yəni fərdi yaşayış evi 11 iyun 2018-ci il tarixdə tam (1 hissə) olaraq sonuncunun, torpaq sahəsi isə onunla yanaşı, Cavabdeh, Zahirə Ağayevanın, Xanzədə Məmmədovanın, Səbinə Ağayevanın (Qubadovanın) və Orxan Ağayevin adına dövlət qeydiyyatına alınmışdır. Bundan sonra, 01 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi 11 sentyabr 2019-cu il tarixdə tam (1 hissə), torpaq sahəsi isə 3/6 hissə Cavabdeh, 1/6 hissə Xanzədə Məmmədovanın, 1/6 hissə Səbinə Ağayevanın (Qubadovanın), 1/6 hissə Orxan Ağayevin adına qeydə alınmış, 04 may 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında isə sözügedən daşınmaz əmlak 31 may 2021-ci il tarixdə X6 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Bu Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki iş materiallarından, o cümlədən tədqiq edilmiş mötəbər sübutlardan da göründüyü kimi, 04 may 2021-ci il tarixdə Cavabdeh, Xanzədə Məmmədova, Səbinə Ağayeva (Qubadova), Orxan Ağayev ilə Kamil Hüseynov və "xxxx" ASC (ipoteka saxlayan) arasında mübahisəli əmlakın alqı-satqısına dair müqavilə imzalanmaqla tərəflər iradələrini ifadə etmişlər. Belə ki, bağlanmış müqaviləyə əsasən satıcılar Cavabdeh, Xanzədə Məmmədova, Səbinə Ağayeva (Qubadova), Orxan Ağayev qeyd edilən evi alıcı Kamil Hüseynova verməyi, alıcı isə həmin evi qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (22000 manatı) ödəməyi öhdəsinə götürmüş və hər iki tərəf öz öhdəliyini lazımınca icra etmişdir. Daşınmaz əmlakın alqı-satqısı haqqında bağlanmış müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə ilə hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, sözügedən ev Cavabdeh, Xanzədə Məmmədova, Səbinə Ağayeva (Qubadova), Orxan Ağayev tərəfindən Kamil Hüseynova satılarkən ona 07 iyun 2018-ci il tarixdə Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən verilmiş 2V- 75-76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmçinin şəhadətnaməyə əsasən 11 iyun 2018-ci il tarixdə təqdim olunmuş çıxarış, bundan sonra 01 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi, onun əsasında verilmiş 11 sentyabr 2019-cu il tarixli çıxarış qüvvədə olmuş, o cümlədən hüquqi qüvvəsini itirməmiş, habelə X27 Ağayevanın miras əmlak, yəni Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 44 saylı fərdi yaşayış evi barədə qohumları ilə aralarında mübahisəsinin olduğunu bilməmiş, əmlakı vicdanlı alıcı olaraq əldə etmişdir. Eyni zamanda, İddiaçı qeyd edilən müqavilə bağlanarkən bu və ya digər formada tərəf, o cümlədən iştirakçı olmamış, bağlanmış müqavilə yalnız yuxarıda adları qeyd edilən şəxslər arasında hüquq və vəzifələr yaratmışdır. Beləliklə, göründüyü kimi hazırkı vəziyyətdə bağlanmış müqavilə Cavabdeh, Xanzədə Məmmədovanın, Səbinə Ağayevanın (Qubadovanın), Orxan Ağayevin, Kamil Hüseynovun və "xxxx" ASC-nin iradəsini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə hazırkı iş üzrə Azərbaycan Respublikasının MM-nin 20-ci fəslində nəzərdə tutulmuş əqdlərin (özəlləşdirmənin) ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat" ın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyəti olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ər-arvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Abbasova (Ağayeva) Gülnarə Mürsəl qızına qarşı "vəsiyyətnamə üzrə ona çatası miras payının ayrılması, bacısının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və miras əmlakın özəlləşdirilməsinin ləğvi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Abbasova (Ağayeva) Gülnarə Mürsəl qızına qarşı "vəsiyyətnamə üzrə ona çatası miras payının ayrılması, bacısının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və miras əmlakın özəlləşdirilməsinin ləğvi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-334/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-334/2021
04.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver