Məhkəmə qərarları › İş №2(059)-350/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-350/2020

16.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-350/2020 16.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh“Cavabdeh” X1 X2 X3 Xidmət Sahəsinə qarşı “aktın ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və bu akta görə hesablanmış 1296 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” X1 X2 X3 Xidmət Sahəsinin əsl cavabdeh “Cavabdeh” İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan, eləcə də elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi mülki iş aidiyyəti üzrə ümumi məhkəməyə, yəni Siyəzən Rayon Məhkəməsinə aid deyildir. Çünki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********) və mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar Siyəzən rayonu, Beşdam kəndində istifadəsində olan qeyri-yaşayış binasında qaz istismarı qaydalarının pozulması nəticəsində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktın və onun əsasında yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Hətta, xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan da göründüyü kimi Siyəzən rayonu, Beşdam kəndindəki fərdi istixanada iddiaçıya məxsus quşçuluq sexinin qaz xəttinə quraşdırılan qaz sayğacının qaz xəttindən çıxarılaraq növbədənkənar göndərildiyi dövlət yoxlanılması zamanı onda plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğu müəyyən edilmiş, məhz bu səbəbdən də, iddiaçının iştirakı ilə xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktın yazıldığı və qaz itkisinə görə zərərin hesablandığı qeyd olunmuşdur. Beləliklə, sonradan təqdim edilmiş mötəbər sənədlərə əsasən hazırkı işə Siyəzən Rayon Məhkəməsində baxılması üçün əsaslar yaranmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 nömrəli qərarının 24-cü bəndinə əsasən fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Cavabdeh” İB, “xxxxxxxx” ASC, “xxxxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bütün bunlar isə hazırkı mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. İddiaçı məhkəmə iclasına gəlməsinə baxmayaraq, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə adı çəkilən cavabdehin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini və məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin müzakirəsini mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsi müzakirə edilərkən, mübahisəli aktın tərtib edildiyi və qüsurlar aşkar olunmuş sayğacın təhkim edildiyi Siyəzən rayonu, Beşdam kəndindəki qeyri-yaşayış sahəsində ev quşları yetişdirdiyini, bununla da, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, həmin quşları gəlir əldə etmək məqsədilə satdığını bildirib, işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilməsinə etiraz etmədiyini qeyd etdi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 39.9, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar