Məhkəmə qərarları › İş №2(059)-382/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-382/2025

02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-382/2025 02.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək, ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək, ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Qaz İstismarı İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 19 aprel 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməklə, ləğv edilməsi, bu akt üzrə hesablanmış 790,56 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 10487/2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin qazdan istifadə qaydalarının 2 nömrəli əlavəsinə əsasən, müqavilədə qeyd edildiyi kimi Xaçmaz RQİİ-nin Siyəzən Qaz Xidmət Sahəsinin əməkdaşları tərəfindən onun Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə əvvəllər quraşdırılmış Zenner tipli, G-4 markalı, **********5 nömrəli qaz sayğacının göstəricisinə uyğun olaraq istehlak etdiyi qazın dəyərini hər ay vaxtlı-vaxtında ödəmişdir. Lakin, cavabdehin nümayəndələri 23 yanvar 2024-cü il tarixdə həmin köhnə sayğacı G-4 markalı, 13740220 nömrəli yeni sayğacla əvəzləmiş, habelə bu barədə tərəflər arasında 07 avqust 2024-cü il tarixdə bağlanmış 14677/2024 nömrəli yeni müqavilədə qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdehin nümayəndələri tərəfindən 19 aprel 2024-cü il tarixdə iddiaçının iştirakı olmadan tərtib edilmiş aktda “qaz cihazlarına baxış keçirilmiş və cihazların saatlıq qaz sərfinin qaz sayğacının saatlıq maksimal qaz sərfindən çox olması aşkar edilmişdir” qeyd edilməklə, iddiaçının adının qarşısına guya “imza etməkdən imtina etdi” qeydi yazılmışdır. O, həmin aktı gördükdən sonra cavabdehin nümayəndələrinə öz iradını bildirərək, onun əvəzindən müvafiq qeyd edilməsinin səbəbini soruşmuş, onlar isə cavabında hər kəsə belə etdiklərini bildirmişlər. Bundan başqa, həmin aktı tərtib edənlərin hamısı cavabdehin işçiləri olmaqla, maraqlı şəxslərdir. Bu səbəbdən də mübahisəli aktda guya onun istifadəsində olan işlək qaz cihazlarının sırasına hamam otağında uzun müddət yalnız böyük su tutumu olan və su ehtiyatı toplamaq üçün istifadə etdiyi, el arasında “kolonka” adlanan cihazı da işlək su qızdırıcısı kimi göstərmişlər. Bununla da, süni şəkildə istifadəsindəki qaz qurğularının maksimal saatlıq sərfiyyatından artıq olan qaz qurğusundan istifadə etməsi halını yaradaraq onun barəsində belə bir qanunsuz və əsassız akt tərtib etmişlər. Habelə, cavabdehin əməkdaşlarının onun barəsində tərtib etdikləri sözügedən aktı tərtib edilərkən onu imzalamaqdan imtina etsəydi, bunun səbəbini orada qeyd edərdi. Lakin, həmin nöqsan barədə ona heç bir məlumat verilməmiş, akt ona göstərilməmiş və təbii ki, onu imzalamaqdan imtina da etməmişdir. Başqa sözlə, sadəcə fotoşəkillərə əsasən, habelə yalnız maraqlı tərəflərin iştirakı ilə akt tərtib edilmişdir. Bununla belə, bu aktın tərtibatı zamanı aşkar edilmiş pozuntunu təsdiq edən hal şahidlərinin və yaxud yerli icra nümayəndəsinin iştirakı təmin olunmamışdır. Belə ki, əgər o, evində “beşdəqiqəlik” adlanan su qızdırıcısından istifadə edirsə, hamam otağında əlavə olaraq “kolonka” adlanan, təyinatı üzrə istifadə edildiyi zaman digər müasir su qızdırıcılarına nisbətən daha çox qaz sərf edən cihaza nə ehtiyac vardır. Bu fakt onu göstərir ki, guya istifadə etdiyi hamam otağındakı kolonka adlanan qaz qızdırıcısına ehtiyacı yoxdur və həmin cihaz işlək vəziyyətdə deyildir. Ondan yalnız su tutumu olan çən kimi istifadə edir. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 10487/2022 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonunun Böyük Həmyə kəndindəki yaşayış evində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan, tərəflər arasında bağlanmış 07 avqust 2024-cü il tarixli, 14677/2024 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonunun Böyük Həmyə kəndindəki yaşayış evində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədar bağlanmış bu müqavilədə 23 yanvar 2024-cü il tarixdə, iddiaçıya aid fərdi yaşayış evinə G-4 markalı, 13740220 nömrəli yeni sayğacın quraşdırılması qeyd edilmişdir. İşdə olan "Azəriqaz" İB-nin Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin rəisi Hüseyn Həsənov, mühəndisi Rəşad Şeydayev və nəzarətçisi Xəyal Cümşüdov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 19 aprel 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sözügedən evə aid qaz cihazlarına baxış keçirilmiş və cihazların saatlıq qaz sərfinin qaz sayğacının saatlıq maksimal qaz sərfindən çox olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin 30 aprel 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də 25 aprel 2025-ci il tarixli abonent saldosunun surətlərindən görünür ki, sayğaca ümumi baxış keçirilərkən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddinin 6 m3/saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatının 12,1 m3/saat olması aşkar edilmiş, bu səbəbdən də, 6588 m3, yəni 790,56 manat ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən abunə kodu **********01720 olan İddiaçı məxsus Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz cihazlarına baxış keçirilmiş, baxış zamanı cihazların saatlıq qaz sərfinin qaz sayğacının saatlıq maksimal qaz sərfindən çox olması aşkar edilmiş, bu məqsədlə, 19 aprel 2024-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı tərəfdən həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 790,56 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinin İ cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunan Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Yenə həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bu Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bununla da, sadalanan qanunvericilik aktı normalarına, eləcə də tədqiq edilmiş mötəbər sübutlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evi üzrə əlavə qaz cihazlarının quraşdırılması aşkar olunsa da, bu cihazların saatlıq qaz sərfiyyatının həmin yaşayış sahəsinə görə quraşdırılmış qaz sayğacının saatlıq maksimal qaz sərfindən çox olmasına səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 19 aprel 2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda fərdi yaşayış evində əlavə qaz qurğularının olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlı olmasına dair sübut olmalıdır. Mövcud vəziyyətdə isə, istehlakçının təqsirli olmasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsinə, habelə onun qazın talanmasında təqsirli olmasını təsbit edən müvafiq qərarın olmasına dair cavabdeh tərəfindən hər hansı bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 19 aprel 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 790,56 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 19 aprel 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 790,56 (yeddi yüz doxsan manat 56 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar