Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-394/2021 18.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "miras əmlakın bölüşdürülməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "miras əmlakın bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan Siyəzən şəhərinin Sabir küçəsindəki ümumi sahəsi 82,1 kv.m olan 108 saylı fərdi yaşayış evinə, bu evin yerləşdiyi 0,05 ha torpaq sahəsinə, dülgər sexinə, eləcə də oradakı 4 ədəd dülgər dəzgahlarına 5/8 hissədə onun, 1/8 hissədə Cavabdeh, həmçinin üçüncü şəxslər Aynurə Əhmədovanın və Ayaz Əhmədovun paylarının müəyyən edilib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, miras qoyan mərhum əri X11 ilə 29 avqust 1978-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənsə də, sonuncunun hazırkı mübahisə predmetini təşkil edən evinə həmin ilin sentyabr ayının 17-də gəlin köçmüş, köçərkən mübahisəli fərdi yaşayış evi mövcud olmuşdur. Birgə nikahlarından 16 yanvar 1980-ci il tarixdə Aynurə, 29 iyul 1982-ci ildə Fayiq və 06 iyul 1985-ci ildə Ayaz adlı övladları doğulmuşdur. X18 14 noyabr 2020-ci il tarixdə ölmüş, öldüyü günə qədər birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətdə ərinə çatan və miras kütləsinə daxil olan aşağıdakı əmlaklar ½ hissədə miras qalmışdır: 1. Siyəzən şəhəri, Sabir küçəsində 0,05 ha həyətyanı torpaq sahəsi və bu torpaq üzərində yerləşən ümumi sahəsi 82,1 kv.m olan 108 nömrəli fərdi yaşayış evi; 2.Təxminən 5x15 m ölçülərdə olan dülgər sexi daxilində 4 ədəd işlək vəziyyətdə olan dülgər dəzgahı. Qeyd edilən miras əmlakların vərəsələr arasında ədalətli bölgüsü üçün qanuna uyğun Notariat ofisinə müraciət edərək, əri öldüyünə görə vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, qanun üzrə vərəsə olan oğlu Cavabdeh miras əmlakın notariat qaydasında bölgüsünə razı olmayaraq, vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə qərəzli şəkildə mane olduğuna görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Miras kütləsinə daxil olan əmlak birgə nikah dövründə əldə olunan ümumi əmlakın ½ hissəsini, başqa sözlə, bölünməli olan əmlak ümumi əmlakların ½ hissəsi təşkil edəcəkdir. Beləliklə, hesab edir ki, miras əmlaklar vərəsələr arasında aşağıdakı qaydada bölünməlidir: 1. Onun payı-sağ qalan arvadın vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası hissəsinə aid olmadığından 5/8 hissədə. 2. Miras qoyanın övladları – Aynurə, Fayiq və Ayazın hər birinin ayrı-ayrılıqda payları 1/8 hissədə. Bundan başqa, bildirir ki, mərhum əri Dilşad Siyəzən şəhərində yaxşı dülgər kimi tanınmış və həyətyanı sahədə sex tikdirmişdir. Bu sexin daxilində 5 (beş) ədəd işlək vəziyyətdə olan müxtəlif təyinatlı dülgər dəzgahları vardır. Cavabdeh məxsus 1 ədəd dülgər dəzgahı istisna olmaqla, digər dəzgahlar, o cümlədən Çin istehsalı, “Resmus MB-106 D” markalı, MBS-300 X8 markalı, Xİİ Qurultay adına Dəmircilalama maşını (keçmiş SSRİ-yə aid) və 1 ədəd kustar üsulla hazırlanmış dəzgah isə miras kütləsini təşkil edir. Həmçinin qeyd edir ki, mübahisəli tikililərdən dülgər sexi mərhum X18un adına dövlət reyestrində qeydiyyatdan keçməmiş və həmin tikiliyə dair hər hansı biri hüquq müəyyənedici sənədə malik olmamışlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçının iddia ərizəsində miras kütləsi kimi göstərdiyi Siyəzən şəhəri, Sabir küçəsindəki 108 nömrəli ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 82,1 kv.m fərdi yaşayış evi hələ atası anası ilə nikaha daxil olmamışdan əvvəl mövcud olmuşdur. Eyni zamanda, həmin evdən əlavə həyətdəki sexi şəxsi vəsaiti və əl əməyi hesabına özü tikmişdir. Bundan başqa, həmin ünvanda eyni həyətin daxilində 5 (beş) otaqdan ibarət faktiki olaraq iddiaçı və üçüncü şəxslərin yaşadığı, sağlığında atası tərəfindən inşa edilmiş, hamının (bütün ailə üzvlərinin), o cümlədən onun zəhməti hesabına tikilmiş ev də vardır. Tam yaşayışa uyğun, təmirli, elektrik, su, qaz təchizatı olan həmin evi iddiaçı öz iddia ərizəsində miras əmlak kimi göstərməmişdir. Hal-hazırda həmin evdə iddiaçı anası, eləcə də, üçüncü şəxslər bacıqardaşları yaşamaqdadırlar. Sözügedən ev 11-12 il əvvəl atasının sağlığında, anası, qardaşı və onun arasında əldə edilmiş razılıq əsasında inşa edilmişdir. Həmin vaxt mərhum atası Dilşad Əhmədov hamının iştirakı ilə hazırda mübahisə predmeti olan evi ona, digər evi (yeni tikilini) isə qardaşı Ayaza veriləcəyini bildirmişdir. Anası İddiaçı da qardaşı Ayaz Əhmədov üçün inşa edilmiş evdə qalmışdır. Həmin vaxt bacısı Aynurə Əhmədova isə ailəsi ilə birgə Siyəzən rayonu Sədan kəndində yaşamışdır. Bundan başqa, həyətyanı sahədəki sexdə atası ilə birlikdə dülgər fəaliyyəti göstərmişlər. Eyni zamanda, Çin istehsalı, “Resmus MB-106 D” markalı, “MBS-300 X8” markalı və Fraz 5112 markalı dəzgahlar Bakı şəhərində yerləşən Sədərək Ticarət Mərkəzindən onun öz şəxsi vəsaiti hesabına alınmış və bununla bağlı qaimə fakturanı məhkəməyə təqdim etmişdir. Bundan əlavə, həmin sexdə mövcud olan Xİİ Qurultay adına Dəmircilalama dəzgahı (keçmiş SSRİyə aid) və 1 ədəd kustar üsulla hazırlanmış dəzgahı mərhum atası Dilşada aid olmaqla, atası ilə anasının birgə nikahda olduğu dövrdə atası tərəfindən əvəzli əldə edilmişdir. Həmçinin, mübahisəli tikililərdən dülgər sexi mərhum atası Dilşad Əhmədovun adına dövlət reyestrində qeydiyyatdan keçməmiş və həmin tikiliyə dair hər hansı biri hüquq müəyyənedici sənədə malik olmamışlar. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, 01 sentyabr 2005-ci il tarixdə rəsmi nikah qeyd etdirib evlənsə də, 10 mart 2008-ci il tarixdə keçmiş əri ilə münasibətləri pisləşdiyindən, ayrılaraq atasının evinə qayıtmış, habelə, aralarındakı rəsmi nikah 2009-cu ilin payız aylarında pozulmuşdur. Hazırda 2006-cı il təvəllüdlü oğlu Emillə birlikdə Siyəzən şəhəri, Sabir küçəsində yerləşən 108 ünvanında yeni tikilmiş evdə anası Mirvari, qardaşı Ayaz və sonuncunun ailəsi ilə birlikdə yaşayırlar. Həmçinin, mübahisəli tikililərdən dülgər sexi mərhum atası Dilşad Əhmədovun adına dövlət reyestrində qeydiyyatdan keçməmiş və həmin tikiliyə dair hər hansı biri hüquq müəyyənedici sənədə malik olmamışlar. Odur ki, miras əmlakın qanunamüvafiq qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ayaz Əhmədovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, 29 avqust 1978-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı, 490821 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X2 29 avqust 1978ci il tarixdə, 8 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvada "Əhmədova" soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 14 fevral 1980-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 468453 nömrəli, 25 avqust 1982-ci il tarixdə verilmiş Vİİİ- ЖГ seriyalı, 394850 nömrəli və 15 iyul 1985-ci il tarixdə verilmiş X-ЖГ seriyalı, 450097 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları X11, anaları İddiaçı olan Aynurə Əhmədova 16 yanvar 1980-ci il tarixdə, Cavabdeh 29 iyul 1982-ci il tarixdə, Ayaz Əhmədov isə 06 iyul 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan keçmiş Dəvəçi rayon ZDS icraiyyə komitəsinin 16 aprel 1975-ci il tarixli, 12 nömrəli iclas protokolunun çıxarışının surətindən görünür ki, Siyəzən şəhər ZDS icraiyyə komitəsinin 28 mart 1975-ci il tarixli, 6 nömrəli qərarı, X10 Siyəzənneft NQÇİ-də qazmaçı köməkçisi vəzifəsində işləməsi, onun son 10 ildə evi və həyətyanı torpaq sahəsinin olmaması nəzərə alınaraq, ona Sabir küçəsində 0,05 ha torpaq sahəsi ayrılmış və bu sahədə 1-125-2A tipli layihə əsasında yaşayış sahəsi 42,23 kv.m, mənfəətli sahəsi 61,99 kv.m olan yaşayış binasının tikilməsinə icazə verilmişdir. İşdə olan 03 may 2006-cı il tarixli, JN seriyalı, 151F nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,03 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 20 sentyabr 2017-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin Sabir küçəsində 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 82,1 kv.m-dən ibarət 108 saylı ev mülkiyyət hüququ üzrə X6 adına **********11-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119356 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 noyabr 2020-ci il tarixdə durğunluq, ürək çatmamazlığı səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 noyabr 2020-ci il tarixdə 204 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 10 iyun 2021-ci il tarixli, 291 nömrəli və 09 avqust 2021-ci il tarixli, 410 nömrəli məktubundan, eləcə də sonuncu məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki, mərhum X6 adından iş açılmış, lakin aralarında olan mübahisə ilə əlaqədar vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, habelə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(059)-394/2021 saylı protokolundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyekti olan sexdə baxış zamanı tərəflərin yaşadığı evlə üzbəüz 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin yerləşdiyi, həmin sexin daxilində 5 (beş) ədəd işlək vəziyyətdə olan müxtəlif təyinatlı dülgər dəzgahlarının olması müəyyən edilmişdir. Yerində müayinə zamanı İddiaçı və üçüncü şəxs Ayaz Əhmədov Cavabdeh məxsus 1 ədəd dülgər dəzgahı istisna olmaqla, digər dəzgahların, o cümlədən Çin istehsalı, “Resmus MB-106 D” markalı, MBS-300 X8 markalı, Xİİ Qurultay adına Dəmircilalama maşını (keçmiş SSRİ-yə aid) və 1 ədəd kustar üsulla hazırlanmış dəzgahın isə miras kütləsini təşkil etdiyini və miras qoyan Dilşad Əhmədovdan miras qaldığını bildirmişlər. Cavabdeh isə miras qoyan atası Dilşadın sağlığında sexi sonuncu ilə birlikdə işlətdiklərini, eyni zamanda, Çin istehsalı, “Resmus MB-106 D” markalı, “MBS-300 X8” markalı və Fraz 5112 markalı dəzgahların öz şəxsi vəsaiti hesabına alındığını qeyd etmişdir. İşdə olan 18 iyul 2021-ci il tarixli qaimə fakturadan görünür ki, Cavabdeh Çin istehsalı, “Resmus MB-106 D” markalı, “MBS-300 X8” markalı və Fraz 5112 markalı dəzgahları 6 il əvvəl Natiq İskəndərov adlı şəxsdən almışdır. İşdə olan 08 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X11 iddiaçı ilə 29 avqust 1978-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmiş, sonuncu hazırkı mübahisə predmetini təşkil edən evə həmin ilin sentyabr ayının 17-də gəlin köçmüş və köçərkən miras qoyana adil olan mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi mövcud olmuşdur. Habelə onların bu nikahından 16 yanvar 1980-ci il tarixdə Aynurə Əhmədova, 29 iyul 1982-ci il tarixdə Cavabdeh, 06 iyul 1985-ci il tarixdə isə Ayaz Əhmədov övladları doğulmuşdur. Buna qədər Siyəzən şəhər ZDS icraiyyə komitəsinin 28 mart 1975-ci il tarixli, 6 nömrəli qərarı, X10 Siyəzənneft NQÇİ-də qazmaçı köməkçisi vəzifəsində işləməsi, onun son 10 ildə evi və həyətyanı torpaq sahəsinin olmaması nəzərə alınaraq, ona Sabir küçəsində 0,05 ha torpaq sahəsi ayrılmış və bu sahədə 1-125-2A tipli layihə əsasında yaşayış sahəsi 42,23 kv.m, mənfəətli sahəsi 61,99 kv.m olan yaşayış binasının tikilməsinə icazə verilmişdir. Daha sonra, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,03 ha torpaq sahəsi əvəzsiz olaraq X6 mülkiyyətinə verilmiş, nəhayət Siyəzən şəhərinin Sabir küçəsində 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 82,1 kv.mdən ibarət 108 saylı ev mülkiyyət hüququ üzrə 20 sentyabr 2017-ci il tarixdə Dilşad Əhmədovun adına rəsmiləşdirilmişdir. Bundan sonra, Dilşad Əhmədov 14 noyabr 2020-ci il tarixdə ölmüş, habelə sonuncunun adından vərəsəlik işi açılsa da, aralarında olan mübahisə ilə əlaqədar vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, habelə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında 6 mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi ərlə arvadın nikah dövründə və ya nikah müddətində qazandıqları əmlak üzərində birbaşa birgə mülkiyyəti yaranmır. Həmin əmlak üzərində birgə mülkiyyət yalnız o halda yarana bilər ki, ərlə arvad arasında bağlanan nikah kontraktında, razılaşmada ayrı qayda nəzərdə tutulmasın və ya həmin əmlak nikah bağlandıqdan sonra ərlə arvadın birgə yaşadığı dövrdə qazanılmış olsun. Məhkəmə hazırkı iddia üzrə sözügedən mübahisəli fərdi yaşayış evinin ərlə arvadın, yəni, İddiaçı ilə mərhum Dilşad Əhmədovun birgə nikah dövründə əldə etdikləri əmlak olaraq ½ hissəsinə iddiaçının payının müəyyən edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, adları çəkilən şəxslər 29 avqust 1978-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənsə də, iddiaçı mübahisə predmetini təşkil edən torpaq sahəsinin üzərindəki evə həmin ilin sentyabr ayının 17-də gəlin köçmüş, buna qədər həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi mövcud olmuş, evə dair mərhum Dilşad Əhmədovun 28 mart 1975-ci il tarixdə ilkin hüququ yaransa da, bu hüquq 20 sentyabr 2017-ci il tarixdə sonuncunun adına dövlət reyestrində rəsmiləşdirmə aparılmaqla, tamamlanmışdır. Belə olan halda, Qanunun normasının təhlili və tətbiqi iddia edilən torpaq sahəsini və evin nikah tərəfləri arasında birgə nikah dövründə əldə edilməsi halını istisna edir ki, bu da iddianın həmin hissədə əsassızlığını ortaya qoyur. Beləliklə, məhkəmə iddianı həmin hissədə əsassız hesab etməklə, təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Bu Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Qeyd olunan Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Sözügedən Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yenə də bu Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Bu Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə mübahisəli miras əmlakın vərəsələr arasında bölünməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, mərhum X11 14 noyabr 2020-ci il tarixdə ölmüş və onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Dilşad Əhmədov isə sağlığında miras qalmış sözügedən əmlaka dair vəsiyyətnamə tərtib etməmişdir. Bundan əlavə işdə iştirak edən şəxslər (tərəflər, üçüncü şəxslər) miras əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etsələr də, aralarında yaranmış ixtilafla əlaqədar əmlaka münasibətdə payları müəyyən edilməmişdir. Eyni zamanda, İddiaçı mübahisəli ünvanda mövcud olan dülgər sexindəki dəzgahların, habelə Cavabdeh məxsus 1 ədəd dülgər dəzgahı istisna olmaqla, digər dəzgahların, o cümlədən Çin istehsalı, “Resmus MB-106 D” markalı, MBS-300 X8 markalı, Xİİ Qurultay adına Dəmircilalama dəzgahlarının (keçmiş SSRİ-yə aid) və 1 ədəd kustar üsulla hazırlanmış dəzgahın da miras kütləsini təşkil etdiyini qeyd etsə də, məhkəmə araşdırması, o cümlədən təqdim edilməklə, tədqiq edilmiş mötəbər sübut və sənədlər, eləcə də işin faktiki halları ilə bu əmlakın Xİİ Qurultay adına Dəmircilalama (keçmiş SSRİyə aid) və 1 ədəd kustar üsulla hazırlanmış dəzgahlarından ibarət olduğu müəyyən edilmişdir. Belə ki, Cavabdeh tərəfindən təqdim edilmiş, 18 iyul 2021-ci il tarixli qaimə fakturadan Çin istehsalı, “Resmus MB-106 D” markalı, “MBS-300 X8” markalı və Fraz 5112 markalı dəzgahların 6 il əvvəl sonuncu tərəfindən əldə edildiyi müəyyən edilmişdir. Bununla belə, Xİİ Qurultay adına Dəmircilalama (keçmiş SSRİ-yə aid) və 1 ədəd kustar üsulla hazırlanmış dəzgahlarına münasibətdə bu əmlakların mərhum Dilşad Əhmədovla İddiaçı birgə nikah dövründə əvəzli əldə etməsi mübahisəsizdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunu o qənaətə gəlməyə imkan verir ki, vərəsəlik institutunun mahiyyətinə əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Bu isə, mülki hüquqda mirasın “qəbul etmə sistemi adlanır”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə, miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Bundan başqa, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu mənada, məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli ünvanda yerləşən tikili (dülgər sexi) mərhum Dilşad Əhmədovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmin tikili qeydiyyata alınmamış, mərhum tikiliyə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik olmamışdır. Deməli, tikili (dülgər sexi) özbaşına tikilidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ünvanda yerləşən tikili (dülgər sexi) özbaşına tikili olduğundan həmin tikiliyə iddiaçının mərhum ərinin hər hansı formada mülkiyyət hüquqları mövcud deyildir. Məhz bu səbəbdən də iddiaçı həmin tikiliyə münasibətdə miras payının müəyyən edilməsi ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bu Məcəllənin 180-ci maddəsinin İ və İİ hissələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, X1 miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin Sabir küçəsindəki ümumi sahəsi 82,1 kv.m olan 108 saylı fərdi yaşayış evinə, bu evin yerləşdiyi 0,05 ha torpaq sahəsinə İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X3 ¼ hissədə, Xİİ Qurultay adına Dəmircilalama dəzgahına (keçmiş SSRİ-yə aid) və 1 ədəd kustar üsulla hazırlanmış dəzgaha İddiaçı 5/8 hissədə, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X3 isə hər birinə 1/8 hissədə pay hüquqları tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X1 miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin Sabir küçəsindəki ümumi sahəsi 82,1 kv.m olan 108 saylı fərdi yaşayış evinə, bu evin yerləşdiyi 0,05 ha torpaq sahəsinə İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X3 ¼ hissədə, Xİİ Qurultay adına Dəmircilalama dəzgahına (keçmiş SSRİ-yə aid) və 1 ədəd kustar üsulla hazırlanmış dəzgaha İddiaçı 5/8 hissədə, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X3 isə hər birinə 1/8 hissədə pay hüquqları tanınsın. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-394/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-394/2021
18.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver