Məhkəmə qərarları › İş №2(059)-422/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-422/2021

04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-422/2021 04.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 oktyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə, X2 Qaz İstismar İdarəsinə və Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X1 X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən tərtib edilmiş, 27 may 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə, həmin aktın ləğv edilməsi, bu akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 216 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin və bu İdarənin Siyəzən Xidmət Sahəsinin əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə izahatında göstərdi ki, təxminən 2020-ci ilin dekabr ayında Siyəzən şəhəri, 28 May küçəsində yerləşən fərdi yaşayış evlərinə aid sayğac istismar müddətinin bitməsi ilə əlaqədar “Azəriqaz “İB-nin Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsinin işçiləri tərəfindən yenisi ilə əvəz edilmiş və qaz xəttindən açılan köhnə sayğac Dövlət yoxlamasına göndərilməsi üçün götürülmüşdür. O, bu məsələdən xəbərdar olan kimi sözügedən idarənin Siyəzən Xidmət Sahəsində işləyən qardaşı Elşənə zəng vurmuş, habelə köhnə sayğacda hər hansı qüsurun olub-olmaması üçün sayğaca elə yerində baxış keçirilməsini Siyəzən Xidmət Sahəsinin əməkdaşı Əli İlyasovdan xahiş etmiş, sonuncu qaz sayğacına baxış keçirdiyini və sayğacda hər hansı müdaxilə izlərinin və ya qüsurun olmamasını bildirmişdir. Lakin, qaz sayğacının yenisi ilə dəyişdirilməsindən təxminən 7 ay sonra, 21 iyun 2021-ci il tarixdə, ləğvini xahiş etdiyi 27 may 2021-ci il tarixli aktın surəti və 216 manat məbləğində dəymiş ziyanın ödənilməsi haqqında xəbərdarlıq məktubu onlara təqdim edilmişdir. Belə ki, tərtib edilən aktın qeyd hissəsində sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi göstərilmişdir. Onların iştirakları olmadan qaz sayğacının yoxlanılması, ziyanlarına rəyin verilməsi, bu rəyə əsasən barələrində sayğacın quraşdırıldığı yerdə deyil, idarədə formal tərtib edilmiş akt əsassız və qanunsuzdur. Mübahisə edilən akt qanunsuz tərtib edilmiş, onlara məxsus qaz sayğacı küçədə yerləşdiyindən, ona nəzarət etmək kimi istər müqavilə öhdəlikləri ilə istərsə də, qanunla üzərilərinə hər hansı vəzifə qoyulmamış, habelə onlar hər hansı üsulla sayğaca nəzarət etmək imkanına malik olmamışlar. Bundan əlavə, qaz sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst səkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bu səbəbdən də hüquqlarının bərpası məqsədilə qaz paylayıcısı ilə bağlanmış müqavilənin icra yeri üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 04 dekabr 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumilikdə 92,8 kv.m sahədən ibarət 0,05 ha torpaq sahəsinin üzərində yerləşən Siyəzən şəhəri, 28 May küçəsindəki 83 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Əli İlyasov və çilingər Vüqar Poladov tərəfindən İddiaçı yaşadığı Siyəzən şəhəri, 28 May küçəsindəki 83 saylı fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 27 may 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, sözügedən evə aid sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur. İşdə olan 18 iyun 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı qaz xəttinə məişət qaz sayğacı quraşdırılmış, həmin xətdən açılan G-4T markalı, ******* nömrəli sayğac dövlət yoxlamasına göndərilmiş, yoxlanmanın nəticəsi kimi tərtib edilmiş rəyə əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmiş, bu səbəbdən də 2160 m3, yəni 216 manat ziyan hesablanmışdır. Buna görə də, İddiaçı dəymiş ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00330 abunə kodu olan İddiaçı yaşadığı Siyəzən şəhəri, 28 May küçəsindəki 83 saylı fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə G-4T markalı, ******* plomb nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmiş, bu məqsədlə, 27 may 2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 216 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırkı tələblə istehlakçı ilə qaz paylayıcısı arasında bağlanmış müqavilənin icra yeri üzrə məhkəməyə müraciət etmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 21-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının yaşadığı Siyəzən şəhəri, 28 May küçəsindəki 83 saylı fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, fərdi yaşayış evinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 27 may 2021-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 27 may 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 216 (iki yüz on altı) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 27 may 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 216 (iki yüz on altı) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar