Məhkəmə qərarları › İş №2(059)-428/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-428/2023

02.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-428/2023 02.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin X3 Nəzarət İdarəsi tərəfindən 02 may 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 032663 saylı aktın ləğv edilməsi və bu akta əsasən hesablanmış 747,32 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki fərdi yaşayış evinin abonent kodu **********00107 olan 22705254 nömrəli, luna tipli, üzərinə ******* nömrəli dövlət möhürü vurulmuş elektrik sayğacı onun adınadır. O, müntəzəm olaraq ödənişləri etmiş, habelə sayğacda hər hansı problem olmamışdır. Lakin, 02 may 2023-cü il tarixdə cavabdeh ASC-nin X3 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlanış zamanı sayğaca baxış keçirilmiş və sonuncuların deməsinə görə elektrik sayğacının faza xəttindən əlavə xətt qoşulmuşdur. Bununla əlaqədar sözügedən akt tərtib edilmiş, lakin həmin aktda guya onun qapını açmaması qeyd edilmişdir. Halbuki o, həmin gün evdə olmuşdur. Bundan əlavə, oğlu cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən nəvələri onunla qalır. Belə olan təqdirdə, ən azından qonşuların və ya Zarat kənd İƏD üzrə bələdiyyə işçisinin iştirakı təmin edilə bilərdi. Həmçinin, akt ən azı 4 nəfərin iştirakı ilə tərtib edilməli idi. Bundan başqa, həmin gün sayğacda naqilin en kəsiyinin 2,5 mm2 olması qeyd edilsə də, video çəkilişdə bu naqilin 1 mm2 müəyyən edilir. Bundan sonra, 04 may 2023-cü il tarixli bildirişdə onun 747,32 manat cərimə olunması qeyd olunmuşdur. Bundan əlavə, cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş məzmunca həqiqəti əks etdirməyən sözügedən akt, qanunazidd qaydada 2 nəfərin iştirakı ilə məntiqsiz formaca, qüsurlu və qəbul edilmiş qaydalara zidd tərtib edildiyindən heç bir mülki məsuliyyət yarada bilməz. Beləliklə, cavabdeh tərəf onun, eləcə də 4 nəfərin iştirakı olmadan, naqilin en kəsiyinin ölçüsünü təhrif edərək qanunsuz akt tərtib etmişdir ki, bu da onun aktın və hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etməsinə əsas vermişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, 02 may 2023-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən, mənzilə məxsus elektrik sayğacının çıxış fazasının açıq olması, eləcə də əlavə xətt qoşmaqla sayğac sxemindən kənarlaşdırılması məlum olmuşdur. Bundan əlavə, qoşulmuş kənar xətt en kəsiyi 2,5 mm2 mis naqil, həmin naqilin qoyuluş gücü isə 5,9 kvt-dır, həmçinin sayğacın alt qapaq möhürü də yoxdur. Belə olan halda qoşulmuş kənar xətdəki naqilin gücü Pkənar=2,6 kvt, sayğacın gücü isə Psay=0 kvt təşkil edir. Beləliklə, qeyd olunan ünvanda sayğacdan kənar xətdən istifadə etməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq, 02 may 2023-cü il tarixli, NDM seriyalı, 032663 saylı akt əsasında 757,32 manat itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin, yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən istifadə olunmasını bir daha sübut edir. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 747,32 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz olmaqla, əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "Azərişıq” ASC-nin əməkdaşları H.İsmayılzadə və İ. Səfyarov tərəfindən X1 yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 02 may 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 032663 saylı aktın surətindən görünür ki, sayğaca keçirilmiş baxış zamanı sayğacın çıxış faza xəttinin açıq olması, giriş faza xəttindən isə ayırıcıya əlavə xətt qoşulmaqla, sayğacın sxemdən kənarlaşdırılması, qoşulan kənar xəttin naqilinin en kəsiyinin 2,5 mm2, həmin naqilin qoyuluş gücünün isə 5,9 kvt olması, həmçinin sayğacın alt qapağının möhürünün olmaması müəyyən edilmişdir. Eyni zamanda, kənar xətdəki naqilin gücü =2,64 kvt, sayğacın gücü isə =0 kvt təşkil edir. İşdə olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərin surətindən, eləcə də abunə haqqında təfərrüatlı məlumatdan görünür ki, 02 may 2023-cü il tarixdə sayğacına baxış keçirilən, **********00107 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının 02 may 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 032663 saylı akt əsasında hesablanmış 757,32 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 02 may 2023-cü il tarixdə **********00107 abunə kodu olan iddiaçı Bibixanım Bünyətovanın yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman fərdi yaşayış evinin elektrik sayğacın çıxış faza xəttinin açıq olması, giriş faza xəttindən isə əlavə xətt qoşulması ilə bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 757,32 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. Sözügedən aktda iddiaçı tərəfindən imzalanmamışdır. Bununla da, iddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən rayonunun Zarat kəndindəki fərdi yaşayış evi üzrə elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 02 may 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı iddiaçı tərəfindən etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlarla bu qanunsuz qoşulma və elektrik enerjisindən istifadə halının 150 gün deyil, cəmi 27 gün olduğu, bu müddət ərzində qanunsuz istifadə edilmiş elektrik enerjisinin dəyərinin isə 72,68 manat olması müəyyən edilmişdir ((2,64x0,7x24x27-289 kvts=908,504 kvts x 0,08 manat (tarif) = 72,68 manat)). Belə ki, əgər nəzərə alsaq ki, sözügedən sayğaca qanunsuz qoşulma olmamışdan əvvəl, sonuncu baxış 05 aprel 2023-cü il tarixdə keçirilmiş, onda itirilmiş elektrik enerjisi ilə bağlı hesablama bu tarixdən başlamaqla, iddiaçı tərəfindən elektrik şəbəkəsinə qanunsuz qoşulma halının davam etdiyi 02 may 2023-cü il tarixədək, yəni qanunsuz qoşulma halı aşkar olunanadək hesablanmalıdır. Bu mənada, mübahisəli borc məbləğinin 72,68 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən 02 may 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 032663 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 684,64 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 02 may 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 032663 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 684,64 (altı yüz səksən dörd manat 64 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar