Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-434/2021 23.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, Ərizəçi "hüquqi faktın müəyyən edilməsi"nə dair ərizəsini nəzərdən keçirib müəyyən e t d i m: Ərizəçi "hüquqi faktın müəyyən edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində 30 iyul 1992-ci il tarixdən 11 dekabr 1992-ci il tarixədək müddətdən artıq könüllü hərbi xidmət etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qeyd olunmalıdır ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Ərizəçinin tələbindən və ərizəyə əlavə olunan sənədlərdən görünür ki, o müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, habelə 07 iyun 2017-ci il tarixli məktubla nazirliyin tabeliyində olan hərbi hissələrdə hərbi xidmət keçmədiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məsələsinə baxılmasının mümkün olmadığı bildirilmişdir. Bununla da, ərizəçinin bu imtina məktubunun əsasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, hesab edirəm ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, Ərizəçi döyüş bölgəsində müddətdən artıq könüllü hərbi xidmət etməsi faktının müəyyən olunması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi "hüquqi faktın müəyyən edilməsi"nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə müvafiq imtina məktubu əsasında inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-434/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-434/2021
23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver