Məhkəmə qərarları › İş №2(059)-468/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-468/2023

15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-468/2023 15.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X16 oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə mərhum ərinə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə mərhum ərinə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən ayrılmış 171 saylı dövlət aktının mərhum əri X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30506058 kodlu dövlət aktının digər mülkiyyətçilər ilə yanaşı, mərhum əri X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum əri X5 adına Siyəzən rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 26 nömrəli qərarı ilə 2,59 ha torpaq sahəsi ayrılmışdır. O, sözügedən torpaq sahəsini dövlət reyestrində adına qeydiyyata aldırmaq istəsə də, bu mümkün olmamışdır. Belə ki, mərhum X5 ölüm haqqında şəhadətnaməsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində adı “Nazim” kimi qeyd edildiyi halda, sözügedən dövlət aktında “Kazım” kimi qeyd edilmişdir. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi sözügedən şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 24 iyul 1984-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 408537 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 24 iyul 1984-cü il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 83 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “İlyasova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 30 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 225184 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 24 mart 2022-ci il tarixdə Xızı rayonunun Türkaba kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 mart 2022-ci il tarixdə 64 nömrəli qeyd edilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30506058 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 26 nömrəli qərarı ilə 2,59 ha torpaq sahəsi X6, X3, X7, X1, X11 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 may 2023-cü il tarixli, 3-21-3-31/2-İ-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli dövlət aktınin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 04 sentyabr 2023-cü il tarixli, 2155 nömrəli məktubundan görünür ki, 24 mart 2022-ci il tarixdə ölmüş X4 miras qalmış əmlakın qəbulu ilə əlaqədar vərəsəlik işi açılmış və Ərizəçi vərəsələr dairəsinə daxil edilmişdir. İşdə olan 25 may 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçinin mərhum ərinə məxsus olan bütün sənədlərdə adı düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30506058 kodlu dövlət aktında 1-ci sırada qeyd edilməli olan mərhum X12 əvəzinə yanlış olaraq, X2 qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30506058 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə mərhum X9 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30506058 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə mərhum X9 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar