Məhkəmə qərarları › İş №2(059)-476/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-476/2022

08.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-476/2022 08.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X5 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə, həmin aktın ləğv edilməsi, bu akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 216 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz “ X2 RQİİ-nin Siyəzən Xidmət Sahəsi işçiləri tərəfindən ona məxsus qaz sayğacına, qaz kəmərinə traktorun toxunması nəticəsində zədələndiyindən dərhal hadisə ilə bağlı qazpaylayıcıya xəbər verilmiş və həmin günü saz sayğacı Birliyin işçiləri tərəfindən dəyişdirilmiş və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 18 may 2019-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Sözügedən sayğac dövlət yoxlamasına göndərilmiş və “ sayğaca ümumi baxış keçirildi. Hesablama mexanizmi qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Daxili qulaqcıqlarında əzikcızıq izləri var. Təbii qaz itkisi yaranmışdır" məzmunlu rəy tərtib edilmişdir. Bu rəyə əsasən o, guya 2160 həcimində qaz inkisinə yol vermiş, nəticədə, 216 manat məbləğdə cəriməni ödəməlidir. Həmçinin, 31 avqust 2021-ci il tarixli, ******* saylı aktın tərtibindən onun məlumatı olmamışdır. Bundan əlavə, o, qeyd edilən borcdan 2021-ci ilin sentyabr aynda xəbərdar olmuş və bu barədə “Azəriqaz” İB-nin nümayəndəsi Sədaqət Cümşüdovaya bildirərkən, sonuncu narahat olmaması gərəkdiyini, habelə bu məbləğin ondan tələb edilmədiyini qeyd etmişdir. Bundan əlavə, sayğacda baş verən hər hansı nasazlığa görə abonent cavabdehlik daşımır. Beləliklə, “X3 Dair Tələbnamə”nin məzmununa görə qaz sayğacmda müəyyən olunan qüsur təbii qaz itkisidir, yəni buradan məlum olur ki, təbii qaz itkisinin yaranmasında abonentin heç bir marağı ola bilməzdir. Əks halda, bu fakt olsa belə, 90 gün müddətində mövcud nasazlığın davam etməsinin məsuliyyəti cavabdehin üzərinə düşür. Eyni zamanda, dəymiş ziyan həcminin hesablanasının əsasları, hər hansı hesablanma metodunun istinad edilən müvafiq normativ hüquqi akt göstərilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 18 may 2016-cı il tarixli, 5471-2016 nömrəli “qaz paylayıcısı ilə fiziki şəsx olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonu, Beşdam kəndində yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan 18 may 2019-cu il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Siyəzən rayonu, Beşdam kəndindəki fərdi yaşayış evinin plomb nömrəsi 05297884 olan G4 markalı, ******* nömrəli sayğacı kənar təsir nəticəsində sayğacın qapağı sındığı üçün çıxararaq “Zener” tipli, G4 markalı, **********6 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 10031420 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Əli İlyasov və çilingər Ağası Məmmədov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonu, Yenikənd kəndindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 31 avqust 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sözügedən evə aid sayğacın (küçədə quraşdırılmış) hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması, qaz keçsə də, hesablama mexanizmi açıq vəziyyətdə olduğundan sərfi qeydə almaması, həmçinin daxili qulaqcığında əzik-cızıq izləri aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB Xaçmaz X4 İdarəsinin 31 avqust 2021-ci il tarixli X3 dair tələbnamənin surətindən görünür ki, İddiaçı qaz xəttinə məişət qaz sayğacı quraşdırılmış, həmin xətdən açılan G-4T markalı, ******* nömrəli sayğac dövlət yoxlamasına göndərilmiş, yoxlanmanın nəticəsi kimi tərtib edilmiş rəyə əsasən hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması, qaz keçsə də, hesablama mexanizmi açıq vəziyyətdə olduğundan sərfi qeydə almaması, həmçinin daxili qulaqcığında əzik-cızıq izləri aşkar edilmiş, bu səbəbdən də 2160 , yəni 216 manat ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********10140 abunə kodu olan İddiaçı məxsus Siyəzən rayonu, Beşdam kəndindəki fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə G-4T markalı, ******* nömrəli qaz sayğacı kənar təsir nəticəsində sayğacın qapağı sındığına görə çıxarılaraq dövlət yoxlanışına göndərilmiş, nəticədə, 31 avqust 2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 216 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 01 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyasında 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6-cı maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 31 avqust 2021-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Bundan əlavə, aktın ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması və s. ilə bağlı məsələlər inzibati mübahisələrdən irəli gəldiyindən bu barədə hüququn həyata keçirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 31 avqust 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 216 (iki yüz on altı) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 31 avqust 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 216 (iki yüz on altı) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar