Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-489/2023 18.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X10 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30505018 kodlu şəhadətnamənin ona və mərhum X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 nömrəli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi onun və faktiki nikah münasibətində olduğu mərhum X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyətləri torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30505018 kodlu şəhadətnamə ilə tanınır. Qeyd edilən şəhadətnamədə onun soyadı “Heydərova” əvəzinə yanlış olaraq “Ramazanova” kimi, ata adı “Bəkali” əvəzinə yanlış olaraq “Bəyalı” kimi, mərhum X1 isə ata adı “Sədrəddin” əvəzinə yanlış olaraq “Sədri” kimi qeyd edilmişdir. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sözügedən şəhadətnaməni verən DT və XK Siyəzən rayon torpaq şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi sözügedən şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 14 may 2020-ci il tarixdə verilmiş 442278 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən çıxarışın surətindən görünür ki, X3 ilə Ərizəçi arasında olan nikah 20 iyul 2001-ci il tarixdə 16 nömrəli akt qeydi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra kişi öz soyadında qalmış, qadına “Heydərova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 14 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174014 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 iyun 2021-ci il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 iyun 2021-ci il tarixdə 140 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30505018 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 nömrəli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X4 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Maraqlı şəxs 03 fevral 2022-ci il tarixli, **********69 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 14 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə məxsus olan bütün sənədlərdə onun soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30505018 kodlu şəhadətnamədə 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi soyadı “Heydərova” əvəzinə yanlışlıqla “Ramazanova” kimi, ata adı isə “Bəkali” əvəzinə yanlışlıqla “Bəualı” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Beləliklə, ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Beləliklə, mərhum X2 münasibətdə qeyd olunur ki, bu hissədə Ərizəçi qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi Ərizəçi ilə mərhum Nüsrəddin Ramazanov arasında olan nikah qeyd edilən şəhadətnamə verilmədən öncə, yəni 20 iyul 2001-ci il tarixdə pozulmuş, habelə sonuncu 03 iyun 2021-ci il tarixdə ölmüşdür. Beləliklə, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30505018 kodlu şəhadətnamədə İ sırada qeyd edilməli olan X3 əvəzinə yanlış olaraq, X6 qeyd edilmiş, nəticədə bu hal məhz sonuncu ilə prosessual bağlılığı təsbit edilmiş şəxsin, mərhumun vərəsələrinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasına əsas olmuşdur. Beləliklə, ərizəçi subyektiv hüquqa malik olmadan məhkəməyə müraciət edib, mərhum Nüsrəddin Ramazanovun hüquqlarının bərpa edilməsini xahiş etmişdir ki, bu da yolverilməzdir. Çünki, ərizəçinin, mərhum Nüsrəddin Ramazanovun adından məhkəməyə müraciət edə bilməsi üçün sonuncunun vərəsəsi olması zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mərhum X2 münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 24 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30505018 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 24 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30505018 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov.
Məhkəmə qərarları › İş №2(059)-489/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-489/2023
18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver