Məhkəmə qərarları › İş №2(059)-499/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-499/2024

02.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-499/2024 02.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Qaz İstismarı İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 29 fevral 2024-cü il tarixdə tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi, eyni tarixli tələbnamə qərarının ləğv edilməklə, həmin qərar əsasında mülkiyyətində olan mənzilə dair abunə koduna hesablanmış 648 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin artırılması, eləcə də iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 29 fevral 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 777,60 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən ev onun adına olmaqla yanaşı, qaz sayğacına da malikdir. Cavabdehin nümayəndələri tərəfindən Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə 27 fevral 2024-cü il tarixdə G-4 markalı, 13746855 nömrəli yeni qaz sayğacı quraşdırılmışdır. Bundan sonra, "Azəriqaz" İB-nin Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsinin işçiləri tərəfindən 29 fevral 2024cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Belə ki, həmin tarixdə Cavabdeh İB-nin Xaçmaz X3 İdarəsinin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, 12584767 nömrəli köhnə sayğaca ümumi baxış keçirilən zaman sayğacın ekranının alt hissəsinin deşici alətlə deşilməsinin aşkarlanması müəyyən edilmiş, habelə “Dəymiş ziyanın bərpasına dair tələbnamə” hazırlanaraq itirilmiş qazın miqdarı yəni, dəymiş ziyan 6480 m3, olmaqla qazın dəyəri cəmi 777,60 manat məbləğində olması hesablanmışdır. Bildirir ki, sayğac onun tərəfindən zədələnməmiş, sayğacın zədələnməsində onun təqsiri olmamışdır. O, qeyd edilən qərarla və hesablanmış zərərin məbləği ilə razılaşmır. Bundan başqa, qeyd edir ki, yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı bayır tərəfdə olduğu üçün ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Bundan əlavə, sayğac dövlət yoxlamasında olarkən o, dəvət olunmamış, yoxlama onun iştirakı olmadan aparılmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının istifadəsində olan sayğacın yoxlanılması zamanı Cavabdeh İB-nin Meteorologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyası tərəfindən tərtib edilmiş 27 fevral 2024-cü il tarixli akta əsasən, 29 fevral 2024-cü il tarixdə “Elster” tipli, G4 markalı 12584767 nömrəli sayğaca yoxlamalar keçirilərkən, sayğacın plastmas ekranının alt hissəsinin deşilməsi aşkar edilmişdir. Bununla əlaqədar “Qazdan istifadə qaydaları”nın 6.5-2-ci bəndinə, eləcə də, müqaviləyə əsasən dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilsə də, ziyanın ödənilməsi təmin edilməmişdir. Bundan başqa, “Qazdan istifadə qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 23 iyun 2023-cü il tarixli qərarının icrası haqqında təlimat bu ilin may ayında İdarəyə göndərildiyi üçün dəyişikliklərin icrasına cari ilin iyun ayından başlanılmışdır. Buna görə də, sözügedən akt tərtib edilsə də, iddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq sonuncu inzibati məsuliyyətə cəlb olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli, 14032/2023 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonunun Böyük Həmyə kəndindəki fərdi yaşayış evində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan, 27 fevral 2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB-nin Siyəzən Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Siyəzən rayonu Böyük Həmyə kəndindəki fərdi yaşayış evinin “Elster” tipli, G4 markalı, 12584767 nömrəli sayğacını çıxararaq “Elster” tipli, “G4” markalı, 13746856 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 13784794 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB-nin Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Hüseyn Həsənov, mühəndisi Rəşad Şeydayev və qaz avadanlıqları təsərrüfatı nəzarətçisi Xəyal Cümşüdov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 29 fevral 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sözügedən evə aid sayğaca baxış keçirilmiş və sayğacın ekranının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də 14 iyun 2024-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, sayğaca ümumi baxış keçirilərkən sayğacın plastmas ekranının alt hissəsinin deşilməsi aşkar edilmiş, bu səbəbdən də, 6480 m3, yəni 777,60 manat ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB-nin Xaçmaz X3 İdarəsi Siyəzən Xidmət Sahəsinin təbii qazın qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********01860 abunə kodu olan İddiaçı məxsus Siyəzən rayonunun Böyük Həmyə kəndində fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə “Elster” tipli, G4 markalı, 12584767 nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın ekranının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmiş, bu məqsədlə 29 fevral 2024-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 777,60 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Bu Qanunun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Sözügedən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunan Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Yenə həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinə görə quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 29 fevral 2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlı olmasına dair sübut olmalıdır. Mövcud vəziyyətdə isə, istehlakçının təqsirli olmasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsinə, habelə onun qazın talanmasında təqsirli olmasını təsbit edən müvafiq qərarın olmasına dair cavabdeh tərəfindən hər hansı bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 29 fevral 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 29 fevral 2024cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat borc hesabdan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar