Məhkəmə qərarları › İş №2(059)-507/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-507/2022

05.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-507/2022 05.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Dövlət Notariat Kontorunda 30 iyul 1993-cü il tarixdə 2KH-231 reyestr nömrəsi ilə təsdiq edilmiş Məmmədova (Hadıyeva) Saadət Hacəli qızının vəsiyyətnaməsi əsasında iddiaçıya “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən və 1958-ci ildə tikilmiş ev ilk öncə X9 mülkiyyətində olmuşdur. Mülkiyyətçi X15 08 noyabr 1992-ci il tarixdə ölmüş və Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16 iyun 1993-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən qanun üzrə vərəsə kimi onun arvadı Məmmədova (Hadıyeva) Saadət Hacəli qızı müəyyən olunmuşdur. Mirası qəbul edən X10 da öz növbəsində notarial qaydada vəsiyyətnamə yazmış və bu vəsiyyətnamə Siyəzən rayon Dövlət Notariat Kontorunda 30 iyul 1993-cü il tarixdə 2KH-231 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Sözügedən vəsiyyətnaməyə əsasən vəsiyyət edənin vəfat edəcəyi təqdirdə sonuncuya məxsus olan ünvan 2 ünvanında yerləşən xüsusi evi, əmlakı və VAZ-2101 markalı, 1974-cü il buraxılışlı avtomaşını iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyət edən X10 03 may 2006-cı il tarixdə vəfat etsə də, bundan sonra iddiaçı tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamışdır. İddiaçı tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün ilk dəfə 2020-ci ildə Siyəzən rayon Dövlət Notariat Ofisinə müraciət edilmiş və cavabdeh tərəfindən 20 oktyabr 2020-ci il tarixli, 211 nömrəli məktubla Dövlət Notariat Arxivinə müraciət olunaraq, 03 may 2006-cı il tarixdə vəfat etmiş X4 adına vəsiyyətnamənin olması və ləğvi barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin, bundan sonra məktubun nəticəsi barədə iddiaçıya heç bir məlumat verilmədiyi üçün sonuncu öz təşəbbüsü ilə Dövlət Notariat Arxivinə müraciət etmiş və Arxivin 17 sentyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Siyəzən rayon Dövlət Notariat Ofisində 1993-cü ilə dair rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmiş və bu səbəbdən vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması imkan xaricindədir. Onlara məlum olmayan səbəbdən 1993-cü ilə dair sənədlər Dövlət Notariat Arxivinə təhvil verilmədiyi üçün iddiaçı tərəfindən təkrarən 09 oktyabr 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunmuş və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təkrarən verilməsi xahiş olunmuşdur. Lakin cavabdehin 20 oktyabr 2021-ci il tarixli məktubu ilə vəsiyyətnamə ilə əlaqədar heç bir məlumat aşkar olunmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mərhum xalası Saadət Hadıyeva vəfat edən günə mərhumun qohumlarından təkcə onun anası və dayısı X3 olmuşlar. X23 xalası Saadətin vəfatından bir il sonra ölsə də, dayısı Əmrah Məmmədov hazırda sağdır. X14 miras qalmış Siyəzən şəhərinin N.Nərimanov küçəsindəki 4 nömrəli fərdi yaşayış evi 1 otaq, 2 aynabənddən ibarət olsa da, orada 5 yaşından yaşamasına baxmayaraq, evin yerləşdiyi həyətyanı sahənin 6 və ya 9 sot olmasını, həmçinin sözügedən evə dair mərhum xalasının adına çıxarışı olub-olmamasını xatırlamır, o cümlədən bilmir. Xalası Saadətin dəfnini özü etmiş, habelə xalası öləndən sonra onlardan başqa o evdə qohumlardan heç kim yaşamamışdır. Habelə, ona vəsiyyət olunmuş evə dair hüquqlarını rəsmiləşdirmək üçün uzun müddət notariat orqanına müraciət etməməsinin səbəbi mərhum xalasının ölümündən sonra təxminən 5 il ərzində özünə gələ bilməməsi, daha sonra övladlarının böyüməsi ilə əlaqədar onların təhsil və digər problemləri ilə məşğul olmasıdır. Eyni zamanda, 30 iyul 1993-cü il tarixli vəsiyyətnamənin olması da, onu arxayın salmış, uzun illər aidiyyəti orqana müraciət etməməsinin səbəblərindən olmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Notariat Ofisi nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusu vəzifəsini icra edən Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 08 noyabr 1992-ci il tarixdə ölmüş X11 əmlakının vərəsəsi Siyəzən şəhəri, N.Nərimanov küçəsindəki 4 nömrəli evdə yaşayan arvadı X2 adına Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16 iyun 1993cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Saadət Məmmədovanın bacısı qızı İddiaçı adına tərtib etdiyi 30 iyul 1993-cü il tarixli vəsiyyətnamə ilə bağlı tərəfindən araşdırmalar aparılsa da, arxivdən heç bir məlumat aşkar edilməmişdir. Belə ki, 2008-ci il tarixədək olan sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivində olduğundan tərəfindən həm Arxivə sorğu göndərilmiş, həm də Siyəzən rayon Dövlət Notariat Ofisində araşdırma aparılsa da, heç bir nəticəsi olmamışdır. Bununla əlaqədar Dövlət Notariat Arxivindən heç bir təhvil-təslim kitabının, hətta həmin dövrə aid reyestr jurnalının olmaması bildirilmişdir. Notariat hərəkətlərinin icrası hüquqmüəyyənedici sənədlərə əsaslanır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, şahid Şükürova (Məlikova) Amalya Məmməd qızı ifadəsində göstərdi ki, o, İddiaçı əvvəllər tanımamış, habelə məlum vəsiyyətnamə verilərkən sonuncu şəxsən orada olmamış, onu görməmişdir. O, 1992-ci ilin iyun ayından 1995-ci ilin may ayınadək Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsində işləmişdir. İş materiallarında saxlanılan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədəki, eləcə də, vəsiyyətnamədəki imzalar ona məxsus olmaqla, qeyd olunan sənədlər tərtib və təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam şəkildə əməl olunmuşdur. 1995-ci ilin may ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşına otağın açarını təhvil verdiyi zaman bütün sənədlər, həmçinin reyestr jurnalları həmin otaqda olmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 10 fevral 1986-cı il tarixdə verilmiş İİİ-JQ seriyalı, 498336 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 10 fevral 1986-cı il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 11 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada “Hadıyeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İV-JQ seriyalı, 394412 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 08 noyabr 1992-ci il tarixdə xərçəng intoksiyasından vəfat etmiş, bu barədə 15 yanvar 1993-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 16 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16 iyun 1993-cü il tarixdə reyestrdə 5 ku “H”-30 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08 noyabr 1992-ci il tarixdə ölmüş X11 əmlakının vərəsəsi Siyəzən şəhəri, N.Nərimanov küçəsindəki 4 nömrəli evdə yaşayan arvadı X5r. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı ünvan 3 ünvanda yerləşir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X7 tərəfindən 30 iyul 1993-cü il tarixdə, reyestrdə 2кн-231 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X8 vəfat edəcəyi günə ona məxsus olan ünvan 1 xüsusi evini, əmlakını və VAZ-2101 markalı, 1974-cü il buraxılışlı avtomaşını İddiaçı vəsiyyət etmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 10 iyul 2006-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 may 2006-cı il tarixdə kəskin ürək çatmamazlığından vəfat etmiş, bu barədə 10 iyul 2006-cı il tarixdə ölüm haqqında akt qeydləri kitabında 79 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 22 oktyabr 2020-ci il tarixdə verilmiş 2228 nömrəli arayışdan görünür ki, İddiaçı xalası X12 03 may 2006-cı il tarixdə, xalasının əri X16 isə 08 noyabr 1992-ci il tarixdə vəfat etmişlər. X10 vəfat edən günə kimi Siyəzən şəhərinin N.Nərimanov küçəsindəki 4 nömrəli evdə qeydiyyatda olmaqla yaşamışdır. Xalasının ölümündən sonra İddiaçı təsərrüfatın idarə olunmasına nəzarət və rəhbərlik etmişdir. Hazırda həmin ünvanda qeydiyyatı olmayan 1963-cü il təvəllüdlü İddiaçı yaşayır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 17 sentyabr 2021-ci il tarixli, 05/01-Ə-147/13 nömrəli məktubundan görünür ki, Siyəzən rayon dövlət notariat ofisində 1993-cü ilə dair rəsmiləşdirilmiş notariat sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması imkan xaricindədir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 20 oktyabr 2021-ci il tarixli, 517 nömrəli məktubundan görünür ki, mərhum X1 miras qalmış əmlakın qəbul edilməsi ilə əlaqədar Siyəzən rayon Dövlət Notariat Kontorunda 30 iyul 1993-cü il tarixli, 2 kh-231 reyestr nömrəli vəsiyyətnamə ilə əlaqədar heç bir məlumat aşkar edilmədiyi üçün İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 noyabr 2022-ci il tarixli, **********62 nömrəli məktubundan görünür ki, Siyəzən şəhərinin N.Nərimanov küçəsindəki 4 nömrəli fərdi yaşayış evinə dair X9 adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən 14 iyun 1993-cü il tarixli, 258 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan 06 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, iddia tələbinə məhkəmədə baxılması üçün İddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. İlk növbədə qeyd olunur ki, hazırkı mübahisə Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X7 tərəfindən 30 iyul 1993-cü il tarixdə, reyestrdə 2кн-231 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin mövcudluğu və mirasın açılma anı baxımından araşdırılmalı, o cümlədən mübahisəli hüquq münasibətlərinə yarandıqları zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu mənada, işin faktiki halları, tədqiq olunmuş mötəbər sübutlar, habelə şahid ifadəsi ilə məhkəmə iclasında müəyyən edildi ki, mərhum X15 08 noyabr 1992-ci il tarixdə Siyəzən şəhərində vəfat etmiş və onun mülkiyyətində olan Siyəzən şəhərinin N.Nərimanov küçəsindəki 4 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Bundan sonra, İddiaçı mərhum xalası, həmçinin mərhum Qiyas Hadıyevin arvadı, Məmmədova (Hadıyeva) Saadət Hacəli qızı birinci növbədə vərəsə kimi mərhumun öldüyü məqamadək malik olduğu əmlak hüquqlarına, o cümlədən Siyəzən şəhərinin N.Nərimanov küçəsindəki 4 nömrəli fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ əldə etmişdir. Eyni zamanda, 03 may 2006-cı il tarixdə ölmüş Saadət Məmmədova (Hadıyeva) sağlığında, yəni 30 iyul 1993-cü il tarixdə miras qalmış sözügedən fərdi yaşayış evinə, həmçinin əmlakına və VAZ-2101 markalı, 1974-cü il buraxılışlı avtomaşına dair bacısı qızı, İddiaçı xeyrinə vəsiyyətnamə tərtib etmişdir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Qeyd olunan Məcəllənin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar, vəsiyyət üzrə vərəsəlikdə isə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532 və 533-cü maddələrinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Bu Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Sözügedən Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, vəsiyyət, yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin ölməsi halı üçün öz əmlakının və ya onun bir hissəsinin həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoyulması barədə öz iradəsinin yazılı formada ifadəsidir. Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin, miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Vərəsəlik münasibətlərində vəsiyyətnaməyə üstünlük verilməsi fərdin mülkiyyət hüququnun təmin edilməsinə yönəldilmişdir. Belə ki, qanunvericiliyə əsasən miras qoyanın öz sağlığında mülkiyyəti üzərində sərəncam vermək imkanı vardır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Vərəsəlik hüququ vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da zəmanət yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib çıxmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsə (miras qoyana) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə keçməsinə hüquqi zəmanət verir. Bu hüquq miras qoyanın öz əmlakına dair sərəncam vermək hüququnun (vəsiyyət üzrə), həmin şəxs vəsiyyətnamə qoymadığı halda qanun üzrə vərəsəlik hüququnun, vərəsələrin isə miras payını əldə etmək hüququnun həyata keçirilməsinə təminat verir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Beləliklə, vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. İş materiallarında olan mötəbər sübutlardan da göründüyü kimi 03 may 2006-cı il tarixdə ölmüş Saadət Məmmədova (Hadıyeva) sağlığında, yəni 30 iyul 1993-cü il tarixdə ünvan 1 fərdi yaşayış evinə, əmlakına və VAZ-2101 markalı, 1974-cü il buraxılışlı avtomaşına dair bacısı qızı, İddiaçı xeyrinə vəsiyyətnamə tərtib etmiş, bu zaman kənar şəxs (şəxslərin) təsir və ya təzyiqinə məruz qalmadan sərbəst iradəsini ifadə etməklə, mülkiyyəti üzərində sərəncam vermişdir. Bundan əlavə, qeyd olunan vəsiyyətnamə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilmiş, vəsiyyət edən tərəfindən imzalanmış və notariatda təsdiq edilmişdir. Qeyd olunan bu hal, habelə 30 iyul 1993-cü il tarixdə verilmiş vəsiyyətnamənin mövcudluğu həmin ərəfədə Siyəzən rayon Dövlət Notariat Kontorunda dövlət notariusu işləmiş şahid Şükürova (Məlikova) Amalya Məmməd qızı tərəfindən də təsdiq edilmişdir. Yəni, mərhum X1 miras qalmış əmlakın qəbul edilməsi ilə əlaqədar Siyəzən rayon Dövlət Notariat Kontorunda 30 iyul 1993-cü il tarixli, 2кн-231 reyestr nömrəli vəsiyyətnamə ilə əlaqədar heç bir məlumatın aşkar edilməməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivində heç bir təhvil-təslim kitabının, hətta həmin dövrə aid reyestr jurnalının olmaması iddaçı İddiaçı ziyanına şərh edilə, habelə qeyd olunan vəsiyyətnamənin mövcud olmamasına dəlalət edə bilməz. Bundan əlavə, məhkəmə araşdırması zamanı 30 iyul 1993-cü il tarixdə verilmiş vəsiyyətnamənin dəyişdirilməsinə, ləğv edilməsinə, həmçinin etibarsız hesab edilməsinə dair hər hansı bir mötəbər sənəd və ya sübut aşkar edilməmişdir ki, bu da qeyd olunan vəsiyyətnamənin hazırda da qüvvədə olmasına dəlalət edir. Həmçinin, işin faktiki halları, eləcə də məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçı mərhum xalası Saadət Məmmədovadan (Hadıyevadan) miras qalmış əmlaklara münasibətdə həmin əmlakların onun tərəfindən faktiki qəbulu ilə bağlı zəruri hərəkətləri şəksiz nümayiş etdirməklə, bu barədə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmiş, lakin, müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi İddiaçı xalası Saadət Məmmədova (Hadıyeva) vəfat etdiyi vaxtdan etibarən ondan miras qalmış ünvan 1 fərdi yaşayış evində yaşamaqla həmin əmlaka münasibətdə, sahiblik və idarə hüququndan istifadə etməyə başlamışdır ki, bu da onun mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirir. Belə olan təqdirdə də, iddiaçının vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi üçün hüquqları bərpa edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Bu Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd olunan Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Yenə bu Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Bu Məcəllənin 1243-cü maddəsinin İ və İİ hissəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Siyəzən rayon Dövlət Notariat Kontorunda 30 iyul 1993-cü il tarixdə, 2KH-231 reyestr nömrəsi ilə təsdiq edilmiş Məmmədova (Hadıyeva) Saadət Hacəli qızının vəsiyyətnaməsi əsasında İddiaçı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia üzrə ödənilmiş dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Siyəzən rayon Dövlət Notariat Kontorunda 30 iyul 1993-cü il tarixdə, 2KH-231 reyestr nömrəsi ilə təsdiq edilmiş Məmmədova (Hadıyeva) Saadət Hacəli qızının vəsiyyətnaməsi əsasında İddiaçı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə həvalə olunsun. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar