Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-524/2024 09.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “orderin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə verilməsi, sonradan pozulub düzəliş edilmiş adın həqiqətən Gülgəz olması və bu orderin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “orderin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə verilməsi, sonradan pozulub düzəliş edilmiş adın həqiqətən Gülgəz olması və bu orderin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 Başçısının 14 noyabr 1995-ci il tarixli, 475 nömrəli sərəncamı əsasında 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli orderin Maraqlı şəxs1 tərəfindən Ərizəçi adına verilməsi, sonradan pozulub düzəliş edilmiş adın həqiqətən Gülgəz olması və bu orderin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 Başçısının 14 noyabr 1995-ci il tarixli, 475 nömrəli sərəncamı əsasında ona, o cümlədən dörd ailə üzvü X4, X5 və X7 ilə birlikdə Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 52 nömrəli evin 13-cü mənzilinə köçmək hüququ verən 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli order verilmişdir. Lakin, İcra Hakimiyyətinin nümayəndəsi orderi tərtib edərkən yanlışlığa yol verərək orderdə, orderin verildiyi şəxsin adını Gülgəz əvəzinə “Gülnaz” kimi yazmış və adın səhv yazıldığı məlum olduqdan sonra Gülnaz adı “üzərində düzəlişə inanmalı qeydi’ ilə təsdiq edilmədən, order Gülgəz adına düzəliş edilmişdir. Məlum olduğu kimi həmin vaxtlar mənzilə köçüb yaşamaları üçün orderdəki düzəliş heç bir mübahisə yaratmamış, yəni order etibarlı olduğundan, ailəliklə mənzilə köçərək hazırda 28 ildir həmin mənzildə yaşayır. Buna baxmayaraq, mənzili özəlləşdirmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərkən tərəflərindən 07 may 2024-cü il tarixli məktubla “Müraciətinizin araşdırılması zamanı ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilə dair Maraqlı şəxs1 tərəfindən verilmiş 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli orderdə Ərizəçi adında düzəliş olduğu aşkar olunmuşdur"’ məzmunlu imtina cavabı verilmişdir. Bundan sonra, Maraqlı şəxs1 sözügedən sənədə aid arxivin onlarda olmadığını əsas gətirmiş və müraciəti baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Dövlət Arxiv İdarəsinə göndərilmişdir. Həmin İdarə isə müraciətə “vətəndaş Ərizəçi adına olan 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli orderin verilməsinə əsas verən Maraqlı şəxs1 Başçısının 14 noyabr 1995-ci il tarixli, 475 nömrəli sərəncamının tərəflərindən aşkar olunmadı” məzmunlu cavab vermişdir. Bununla da “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan istifadəsi məhdudlaşmışdır. Odur ki, sözügedən hüquqi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin, şübhəli hesab edilən order əsasında həmin mənzilə köçərək hal-hazıra kimi orada yaşaması, orderdə adları qeyd edilən şəxslərin həmin ünvanda qeydiyyatda olması ərizənin təmin edilməsinin faktiki əsaslarını təşkil edir. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, əlavə olaraq izahatında göstərdi ki, sözügedən order artıq ona verilərkən üzərində düzəliş aparılmışdır. Belə ki, həmin order 1996-cı il tarixdə ona təqdim edilsə də, Siyəzən Rayon Dövlət Arxiv İdarəsindən həm 1995, həm də 1996-cı illər üzrə axtarış aparılmasını xahiş etmiş, lakin qeyd edilən orderin verilməsinə əsas olan sərəncam aşkar edilməmişdir. Çünki, həmin Arxiv İdarəsindən ona eyni tarix və nömrə ilə tamamilə ayrı məzmunda sərəncamların olması bildirilmişdir. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Maraqlı şəxs1 Başçısının 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli orderindən görünür ki, Siyəzən şəhərində yerləşən Tofiq İsmayılov küçəsindəki 52 nömrəli ikimərtəbəli evin 2-ci blokundakı 3 otaqdan ibarət 13-cü mənzilini Ərizəçi tutmaq hüququna malikdir. Həmçinin Ərizəçi ailə üzvləri 1965-ci il təvəllüdlü X1, 1987-ci il təvəllüdlü X2 və 1989-cu il təvəllüdlü X3 ibarətdir. Sözügedən sənəddə pozuntu edilərək “Gülgəz” adına sonradan düzəliş edilməsi aşkar görünür. İşdə olan Maraqlı şəxs1 Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 288 nömrəli forma 2 arayışından görünür ki, Ərizəçi, X7, X6 və mərhum X4 həqiqətən Siyəzən şəhərində yerləşən Tofiq İsmayılov küçəsindəki 52 nömrəli evin 13-cü mənzilində qeydiyyatdadırlar. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 fevral 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 407233 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 fevral 2024-cü il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 fevral 2024-cü il tarixdə 139 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon Polis Şöbəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi 10 noyabr 2004-cü il tarixdən sözügedən mənzilində qeydiyyatdadır. Ərizəçi başqa, həmin mənzildə X6 və X7 da qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 may 2024-cü il tarixli, 3-21-3-31/2- 1622/2024 nömrəli məktubundan görünür ki, Siyəzən şəhərində yerləşən Tofiq İsmayılov küçəsindəki 52 nömrəli evin 13-cü mənzilinə dair Maraqlı şəxs1 tərəfindən verilmiş 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli orderdə Ərizəçi adında düzəliş olunması aşkar edilmiş və orderin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Siyəzən Rayon Dövlət Arxivindən verilmiş 19 aprel 2024-cü il tarixli, 3-48- 40/RA/2-M-xx-xx/2024 nömrəli və 20 avqust 2024-cü il tarixli, 3-48-40/RA/2-M-xx-xx/2024 nömrəli arxiv arayışlarından görünür ki, Ərizəçi adına olan 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli orderin verilməsinə əsas olmuş Maraqlı şəxs1 Başçısının 14 noyabr 1995-ci il tarixli, 475 nömrəli sərəncamı tərəflərindən aşkar edilməməklə, yanaşı 14 noyabr 1996-cı il tarixli, 475 nömrəli sərəncamın da sözügedən orderin verilməsinə əsas olan sərəncam olmadığı qeyd edilmişdir. İşdə olan 29 may 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Sözügedən Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Mülki prosessual qanunvericiliyin qeyd edilən norması özündə ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktın hüquqi əhəmiyyətli olmasını, hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilən hallarda ərizəçi məhkəmə müdafiəsindən istifadə etməklə öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq hüququna malikdir. Hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, ərizəçinin həmin sənədləri məhkəmədən kənar qaydada ala bilməməsi və ya həmin sənədlərin verilməsinin mümkünsüzlüyü nəzərdə tutulur. Hazırda isə ərizəçi məhkəməyə müraciət edərək hüquqlarının, eləcə də maraqlarının qorunmasını xahiş etsə də, məhkəmədən müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması üçün əsas olan lazımi sənədləri və ya mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Ərizəçi Siyəzən şəhərində yerləşən Tofiq İsmayılov küçəsindəki 52 nömrəli evin 13-cü mənzilinə yaşamaq hüququ verən Maraqlı şəxs1 Başçısının 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli orderində sonradan pozuntu edilərək “Gülgəz” adına düzəlişin edilməsi aşkar görünür. Bu səbəbdən aparılmış məhkəmə araşdırması ilə, eləcə də, ərizəçinin özü tərəfindən təqdim edilmiş sənədlərlə sözügedən orderin verilməsinə əsas olmuş Maraqlı şəxs1 Başçısının 14 noyabr 1995-ci il tarixli, 475 nömrəli və ya 14 noyabr 1996-ci il tarixli, 475 nömrəli sərəncamlarının aşkar edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla ərizəçiyə Siyəzən şəhərində yerləşən Tofiq İsmayılov küçəsindəki 52 nömrəli evin 13-cü mənzilində yaşamaq hüququ tanıyan Maraqlı şəxs1 Başçısının 15 noyabr 1996-cı il tarixli, 88 nömrəli orderinin verilməsinə əsas olmuş Maraqlı şəxs1 Başçısının 14 noyabr 1995 və 1996-ci il tarixli, 475 nömrəli sərəncamları aşkar edilmədiyinə görə sözügedən orderin hüquqi əhəmiyyət olan sənəd hesab edilməsi istisna olunur. Bununla da, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin xahişində göstərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından hüquqi fakt kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “orderin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə verilməsi, sonradan pozulub düzəliş edilmiş adın həqiqətən Gülgəz olması və bu orderin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi “orderin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə verilməsi, sonradan pozulub düzəliş edilmiş adın həqiqətən Gülgəz olması və bu orderin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-524/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-524/2024
09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver