Məhkəmə qərarları › İş №2(059)-525/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-525/2023

25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-525/2023 25.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Qurbanova (Əlimova) Aynur Ağabəy qızının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ümumi birgə mülkiyyətçilərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər Ərizəçi1 və Qurbanova (Əlimova) Aynur Ağabəy qızı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ümumi birgə mülkiyyətçilərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2503A nömrəli, 30501004 kodlu şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı mərhum X2, Ərizəçi1 və Qurbanova (Əlimova) Aynur Ağabəy qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə yaşadıqları Siyəzən şəhəri ərazisindən 0,03 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətləri torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2503A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə tanınır. Sözügedən şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mərhum X1 ata adı “Əliyulla” əvəzinə yanlışlıqla “Eynulla” kimi, 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi1 ata adı “Davud” əvəzinə yanlışlıqla “Damad” kimi qeyd edilmişdir. Eyni zamanda, qeyd olunan şəhadətnamədə 3-cü sırada qeyd edilmiş X11 02 avqust 2012-ci il tarixdə ölmüşdür. Bundan əlavə, 4-cü sırada qeyd edilən mülkiyyətçi, ərizəçi X9 rəsmi nikaha daxil olmaqla, 21 oktyabr 2014-cü il tarixdən Qurbanova soyadını qəbul etmişdir. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Sözügedən şəhadətnaməni verən DT və XK Siyəzən rayon torpaq şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi1 sözügedən şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi1 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Siyəzən şəhər soveti tərəfindən 21 iyun 1991-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 472516 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 21 iyun 1991-ci il tarixdə, 87 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Əlimova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 21 oktyabr 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 973401 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X9 21 oktyabr 2014-cü il tarixdə, 182 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Qurbanova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 05 noyabr 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 665615 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 oktyabr 2014-cü il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 noyabr 2014-cü il tarixdə 152 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2503A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,03 ha həyətyanı torpaq sahəsi X4, Ərizəçi1 Damad qızının, X8 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli, 3-21-3-31/2-Ə-0051/xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2503A nömrəli, 30501004 kodlu şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 12 may 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2503A nömrəli, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mərhum X1 ata adı “Əliyulla” əvəzinə yanlışlıqla “Eynulla” kimi, 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi1 ata adı “Davud” əvəzinə yanlışlıqla “Damad” kimi qeyd edilmiş, nəticədə bu hal Ərizəçi1 gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Beləliklə, ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Bundan əlavə, məhkəmə digər ərizəçi Qurbanova (Əlimova) Aynur Ağabəy qızına münasibətdə qeyd edir ki, sonuncunun özünə münasibətdə qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağın mülkiyyətə verilməsnə dair şəhadətnamədə Qurbanova (Əlimova) Aynur Ağabəy qızına münasibətdə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmiş, habelə 03 may 2006cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2503A nömrəli, 30501004 kodlu şəhadətnamədə sonuncunun adı, qızlıq soyadı və ata adı düzgün olaraq, “X9” kimi qeyd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Qurbanova (Əlimova) Aynur Ağabəy qızına münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2503A nömrəli, 30501004 kodlu şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı mərhum X2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2503A nömrəli, 30501004 kodlu şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı mərhum X2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar