Məhkəmə qərarları › İş №2(059)-531/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-531/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-531/2023 13.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “itirilmiş qazın bərpası üçün hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “itirilmiş qazın bərpası üçün hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” na zidd olaraq saatlıq qaz sərfi 2,5 kub/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə, 21600 kub.m həcmində itirilmiş qazın bərpası üçün hesablanmış və abonent hesabına əlavə edilmiş 2592 manat məbləğin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, təxminən 17 yanvar 2023-cü il tarixdə hamama yaxın ərazidən keçən qaz xəttindən qaz qoxusunun gəldiyini hiss edib, dərhal Siyəzən Qaz Xidmət Sahəsinə məlumat vermiş, bundan sonra sonuncuların məlumatına əsasən “Təmiz Qaz” təşkilatı gəlib borudan qaz sızmasını təyin etmiş və Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsi əməkdaşları tərəfindən qazda yaranmış kiçik dəlik qaynaq vasitəsi ilə örtülmüşdür. Sonradan, qaz borusunda yaranmış kiçik dəliyi qaynaq edən günü, yəni 24 fevral 2023-cü il tarixdə “Təbi qazdan istifadə qaydalarının pozulması haqqında “Qaz xəttinə baxış keçirilən zaman İddiaçı evində qeyri-qanuni birləşmə aşkar olundu”, məzmununda aktın tərtib olunduğu və bu akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın müvafiq tələblərinə zidd olaraq 360 gün müddətinə 21600 kub.m həcmində itirilmiş qazın bərpası üçün 2592 manat məbləğində dəymiş ziyanın hesablandığı və abonent hesabına əlavə edildiyi məlum olmuşdur. Hazırda bu məbləğ ondan tələb edilir. 360 gün müddətinə 21600 kub.m həcmində itirilmiş qazın bərpası üçün 2592 manat məbləğində dəymiş ziyanın hesablanması və abonent hesabıma əlavə edilməsi, habelə ödənilməsinin tələb edilməsi qanunsuzdur. Əvvəla, tərtib edilən akt, habelə orta günlük iş rejimi 24 saat və hesablama müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış 2592 manat məbləğ qanuna uyğun olsa belə, borcludan (abonentdən) hesablanmış 2592 manat məbləğ Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinin mənasına görə tələb edə bilməz. Ona görə ki, “kreditorun tələbi özünə görə aşkar olsa da, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmır”. Həmçinin, 17 yanvar 2023-cü il tarixdən, 24 fevral 2023-cü il tarixədək 38 gün müddətində qanunsuz qoşulma, qaz borusuna hər hansı fiziki və ya mexaniki vasitə ilə dəlik açıb qoşulma faktı olmamışdır. Çünki, bu barədə aktda hər hansı qeyd edilməmişdir. Belə ki, həyətdən qaz qoxusu gəldikdən sonra şəxsən Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsinin müdiri İzzət müəllimə təxminən 17 yanvar 2023-cü il tarixdə məlumat verilmiş və qaz idarəsinin işçilərinin yubandığını görüb qazın havaya getməsinin qarşısını alınması üçün təmir işçilər gələnə qədər plastilin vasitəsi ilə yarımdüymə (1/2) deyilən ölçüdə borunu qazın çıxdığı dəliyə qismən bərkidib, qazdan istifadə edilmişdir. Bundan 38 gün sonra qaz işçiləri gəlib akt yazaraq, qaz borusunda naməlum səbəbdən yaranmış dəliyi qaynaqla bağlamışlar. Cavabdeh tərəfindən 28 fevral 2023-cü il tarixdə təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə” dən dəymiş ziyanın həcminin 200 litr həcmli su qızdırcısının maksimal saatlıq qaz sərfi 2,5 kub/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparıldığı məlum olmuş və bu müddətdə, yəni 2,5 kub/saat x 24 saat x 360 gün = 21600 kub.metr qaz itkisinin, bunun dəyərinin isə 21600 kub.metr x 0.12 manat = 2592 manat olduğu müəyyən edilmişdir. Halbuki, 21600 kub.metr qaz itkisinin yaranması və dəyərinin 2592 manat təşkil etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın tələbinə görə 3 və ya 6 aydan bir şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə qaz xətlərinə, habelə qaz sayğaclarına baxış keçirilməlidir. Başqa sözlə, bu müddətdə ən azı cavabdehlər öz işlərinə səhlənkar yanaşmasaydılar bu müddət ağlabatan müddət olardı, yəni daha 360 gün olmazdı. Hazırda bu məqsədlə “Təmiz Qaz” adlanan qurumun işçiləri tərəfindən qaz borularında qaz itkisinin qarşısının alınması üçün qaz borularına gündəlik baxış keçirilir. Bu qaydaların 3.1.11-ci maddəsinə görə “qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində (bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir) nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir”. Bundan əlavə, “Təbi qazdan istifadə qaydalarının pozulması haqqında” 24 fevral 2023-cü il tarixli, ******* nömrəli akt da qanunsuz tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın 77-ci bəndinə əməl edilmədən tərtib edilmişdir. Həmin Təlimatın 81-ci bəndinə əsasən akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 2.2.5-ci bəndinə əsasən aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, paylayıcının hüquqlarıdır. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarında” qazdan istifadədə pozuntuya yol verilməsini təsdiq edən aktın tərtib olunmasının xüsusi qaydası müəyyən edilmişdir ki, bu pozuntunun bas verməsi yalnız həmin qaydalara riayət olunmaqla tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt, yaxud sənəddə digər hər hansı pozuntunun olmasını əks etdirən nüanslar varsa, bu zaman onlar sübut kimi qəbul oluna bilməz. Bu tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, mübahisələndirilən aktda iddiaçı tərəfindən qazdan istifadə zamanı pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq, həmin akt yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələblərinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. İddiaçı mübahisələndirdiyi aktda istehlakçının aktı imza etməkdən imtina etməsi ilə bağlı qeydiyyat aparılmasına baxmayaraq, iddiaçının həmin aktı həqiqətən də imzalamaqdan imtina etməsi mübahisənin həllində maraqlı olan cavabdehin əməkdaşlarının imzasından başqa heç bir sübutla təsdiqlənməmişdir. Həmçinin, qaz itkisinin 360 gün müddətinə, habelə gündəlik 24 saat hesabı ilə hesablanması barədə cavabdeh tərəfindən hər hansı metod və ya hansı normativ-hüquqi akt əsasında hesablanması məhkəməyə təqdim edilməmişdir. Belə hallarda qazpaylayıcı cavabdeh tərəfindən normativ-hüquqi aktlar reyestrinə daxil olmamaqla, heç bir hüquqi qüvvəyə malik olmayan “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurası”nın 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarına əsasən hesabat aparılır. Cavabdeh hazırki mübahisə üzrə heç bir qanuni qüvvəsi olmayan qərara da dürüst əməl etməmişdir. Çünki, itirilmiş qaz sərfiyyatı ilə bağlı Qərarın 1 nömrəli əlavəsində tərtib edilən “Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması” cədvəlinə istinad edilməmişdir. Bundan başqa, Cavabdeh əməkdaşlarının tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ 24 fevral 2023-cü il tarixli, ******* nömrəli akt əsaslı olsa belə, 2,5 kub/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 2,5 kub/saat x 24 saat x 360 gün = 21600 kub.metr qaz itkisinin yaranmasına, eləcə də dəyərinin 21600 kub.metr x 0.12 manat = 2592 manat təşkil etməsinə dair təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamə inzibati akt hesab olunmadığından, istehlakçıya münasibətdə heç bir məcburi qaydada hüquq və vəzifələr yaratmaq qüvvəsində olmadığından, 2592 manat məbləğin, Cavabdeh tərəfindən abonent hesabına əlavə edilib istehlakçıdan (iddiaçıdan, məişət abonentindən) məcburi qaydada tələb edilməsi istisna edilir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 17 yanvar 2023-cü il tarixdə hamama yaxın ərazidən keçən qaz xəttindən qaz qoxusunun gəlməsi ilə əlaqədar dərhal Siyəzən Qaz Xidmət Sahəsinə məlumat verilsə də, cavabdeh təşkilatın əməkdaşları 24 fevral 2023-cü il tarixdə yaşadıqları ünvana gələrək qaz xəttindən kənar qoşulmanı aşkar etmişlər. O, 12 yanvar 2023-cü il tarixdən onlar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulduğunu etiraf edir. Bundan əlavə, fərdi yaşayış evlərinə aid qaz sayğacı hasardan kənarda quraşdırılmışdır. Eyni zamanda, anası, İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ 24 fevral 2023-cü il tarixli aktı imzalasa da, orada dəymiş zərər məbləği göstərilməmişdir. Bununla belə o, 12 yanvar 2023-cü il tarixdən, 24 fevral 2023-cü il tarixədək olan 43 günlük müddət üçün hesablanmış zərər məbləğini cavabdehə ödəməyə razı olsa da, qalıq məbləğin hüquqlarını təmsil etdiyi şəxsin abonent hesabından silinməsini istəyir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 24 fevral 2023-cü il tarixdə “Təmiz qaz” MMO-nun və Siyəzən xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən keçirilmiş baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması videoçəkilişlə həyata keçirilmiş, həmçinin abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri videoçəkilişdə tam aydın şəkildə öz əksini tapmışdır. Sayğacdan kənar qaz xətti rezin şlanq vasitəsi ilə abonentin hamamına daxil olmuş və hamamdakı 200 litrlik tutumlu su qızdırıcısına qoşulmuşdur. Həmin vaxt İddiaçı fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 24 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq iddiaçı üçün 21600 kub.m və ya hər kubmetr qaz üçün 12 qəpik hesabı ilə 2592 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı akt tərtib olunan vaxt sayğacdan kənar, qanunsuz yolla təbii qazdan istifadə etdiyini etiraf etmiş və heç bir irad bildirmədən aktı imzalamışdır. Həmin vaxt İddiaçı iddia ərizəsində də sayğacdan kənar qaz xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf etmiş, lakin o, itirilmiş qazın bərpası üçün onun koduna hesablanmış qazın həcmindən və məbləğindən narazı qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimatın” 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz, qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması; İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacı G-4 tipli olduğu üçün onun sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi 200 litrlik su qızdırıcının maksimal saatlıq qaz sərfi 2,5 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2,5 x 24 x 360=21600 kub.m və ya 21600 x 0,12=2592 manat ziyan məbləği abonent koduna işlənilmişdir. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə qanunsuz təbii qazdan istifadəyə görə ziyan Təlimata tam uyğun hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 1.3-cü bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, onun öz, şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Xaçmaz RQİİ-nin Siyəzən xidməti sahəsi məhkəmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, bu səbəbdən məhkəmə həm də işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 19 iyul 2016-cı il tarixli, 5621/2016 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin TQQ və SX-nin rəisi Sədaqət Cümşüdova, mühəndisi Rəşad Şeydayev və nəzarətçi-çilingər Fəxrəddin Əzizov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 24 fevral 2023-cü il tarixdə tərtib edilmiş və sonuncu tərəfindən imzalanmış ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən və məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, qaz xəttinə baxış keçirən zaman İddiaçı evində qeyri-qanuni birləşmə aşkar edilmiş, həmçinin bu birləşmənin hamama daxil olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X2 İdarəsinin 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də 19 iyul 2023-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, 200 litr həcmli su qızdırıcının maksimal saatlıq qaz sərfi 2,5 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 21600 hesablanaraq, borc 2592 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin əməkdaşları tərəfindən **********00690 abunə kodu olan İddiaçı məxsus Siyəzən rayonunun Yenikənd kəndində fərdi yaşayış evində qaz xəttinə keçirilmiş baxış zamanı qeyri-qanuni birləşmənin hamam daxil olduğu müəyyən edilmiş, həmçinin bu məqsədlə, 24 fevral 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 2592 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İBnin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 25 iyun 2023-cü il tarixədək qüvvədə olan redaksiyasında 6.5-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Tərəflər arasında bağlanmış 19 iyul 2016-cı il tarixli, 5621/2016 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 2.4.5-ci yarımbəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini paylayıcıdan tələb etmək istehlakçının hüquqlarındandır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən və təzyiqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində (Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə iddia müddəti 3 ilə bərabərdir) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 24 fevral 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının nümayəndəsinin izahatları ilə bu qanunsuz qoşulma və təbii qazdan istifadə halının 360 gün deyil, cəmi 180 gün olduğu, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 1296 manat olması müəyyən edilmişdir ((2,5x24x180=10800 kub metr x 0,12 manat (tarif) = 1296 manat)). Belə ki, əgər nəzərə alsaq ki, qazpaylayıcı tərəfindən qaz qurğularının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə onlara 6 ayda 1 (bir) dəfədən az olmayaraq baxış keçirməli, bu halda sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi 24 fevral 2023-cü il tarixdən həmin tarixə qədər keçirilmiş 6 ay əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 2592 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 1296 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X2 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 24 fevral 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1296 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 24 fevral 2023cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1296 (min iki yüz doxsan altı) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar