Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-532/2023 09.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 132 nömrəli, 30505038 kodlu dövlət aktının həmin aktda göstərilən digər mülkiyyətçilərlə yanaşı, ərizəçilərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 nömrəli qərarı ilə 2,45 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyətləri torpağa mülkiyyət hüququna dair JN seriyalı, 132 nömrəli, 30505038 kodlu dövlət aktı ilə tanınır. Qeyd edilən dövlət aktında Ərizəçi2 adı “Alim” əvəzinə yanlışlıqla “Xalid” kimi, ata adı isə “Xalid” əvəzinə yanlışlıqla “Alim” kimi qeyd edilmişdir. Bu aktda olan yanlışlığın aradan qaldırılması üçün Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. X5 verən DT və XK Siyəzən rayon torpaq şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Həmçinin, aktda qeyd edilən yanlışlıq miras əmlakını vərəsəlik qaydasında qəbul etmələrinə maneə yaradır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sözügedən aktda olan yanlışlığın aradan qaldırılmasının miras əmlakının qəbul edilməsi üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Yenikənd kənd soveti tərəfindən 14 noyabr 1986-ci il tarixdə verilmiş Xİ-ЖГ seriyalı, 442734 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4, anası Ərizəçi1 olan Ərizəçi2 xx xxxxxx 1986-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayon İHB-nin Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən 13 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 562097 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 11 oktyabr 2012-ci il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 oktyabr 2012-ci il tarixdə 24 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 132 nömrəli, 30505038 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 nömrəli qərarı ilə 2,45 ha torpaq sahəsi X2, Ərizəçi1, X3 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli, 3-21-3-31/2-M-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 132 nömrəli dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 07 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 132 nömrəli, 30505038 kodlu dövlət aktında 3-cü sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi2 adı “Alim” əvəzinə yanlışlıqla “Xalid” kimi, ata adı isə “Xalid” əvəzinə yanlışlıqla “Alim” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Beləliklə, ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Bundan əlavə, məhkəmə digər Ərizəçi1 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 münasibətdə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmiş, habelə 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 132 nömrəli, 30505038 kodlu dövlət aktında sonuncunun adı, soyadı və ata adı düzgün olaraq, “Ərizəçi1” kimi qeyd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi1 münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 132 nömrəli, 30505038 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 15 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 132 nömrəli, 30505038 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-532/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-532/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver