Məhkəmə qərarları › İş №2(059)-535/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-535/2025

07.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-535/2025 07.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “miras əmlakın qəbulu müddətinin uzadılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, 12 yanvar 2014-cü il tarixdə vəfat etmiş mərhum nənəsi X4 tərəfindən ona vəsiyyətnamə üzrə əmlak vəsiyyət edilmiş, lakin o, vəsiyyətnamədən vaxtında məlumatlı olmadığı üçün miras əmlakın qəbulu müddətini buraxmışdır. İddia tələbi İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “miras əmlakın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2014-cü il tarixdə vəfat etmiş mərhum nənəsi X2 məxsus əmlaklara dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzürlü hesab edilərək, miras əmlakın qəbul müdddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslanıdırılmışdır ki, 12 yanvar 2014-ci il tarixdə vəfat etmiş mərhum X4 nənəsidir. X18 sağlığında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını ona vəsiyyət etmişdir. Həmçinin, mərhum nənəsi bu barədə 02 dekabr 1997-ci tarixdə Siyəzən rayon Dövlət Notariat Kontorunda vəsiyyətnamə təsdiq etdirmişdir. Lakin, nənəsinin ölümündən sonra, mülkiyyətində olan əmlakların vərəsələr arasında bölünməsi zamanı ixtilaflar yaranmışdır. Belə ki, digər vərəsələr yəni, X10 və X7 ilə aralarında miras əmlaka görə mübahisə yarandığından o, mirasın qəbulu müddətini buraxmışdır. Bununla belə, o, miras əmlakdan istifadə etmiş, fərdi evdə yaşamış, torpağı əkib-becərmiş, yəni mirası faktiki olaraq qəbul etmişdir. Hesab edir ki, 12 yanvar 2014-cü ildə ildə vəfat etmiş mərhum nənəsi X2 məxsus əmlaklara dair miras əmlakın qəbulu müddətinin buraxılması üzrlü hesab edilərək, miras əmlakın qəbulu müddətinin uzadılması barədə qətnamə qəbul edilməlidir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinə, eləcə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, eləcə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş, buna görə də məhkəmə üçüncü şəxslərin, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onun vəsiyyətnamədən ümumiyyətlə məlumatı olmamış, “Asan xidmət” mərkəzinə digər sənədləşmə işləri ilə bağlı müraciət etdikdən sonra vəsiyyətnamədən məlumatlı olmuşdur. Bundan sonra notariat ofisinə getsə də, vəsiyyətnamə üzrə miras əmlakın qəbulu müddəti bitdiyi üçün vəsiyyət üzrə miras əmlakı vaxtında qəbul edə bilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinin notariusu Nümayəndə göstərmişdir ki, vəfat etmiş şəxs vəsiyyətnaməni Notariat Ofisində depozitə qoyduğu təqdirdə onun ölümündən dərhal sonra tərəflərindən vərəsəlik işi açılır. Vəsiyyətnamə notariat qaydada təsdiq edilmiş vəsiyyətnamə olsa belə depozitə qoyulmadığı təqdirdə onların həmin vəsiyyətnamədən və onu tərtib edən şəxsdən məlumatları olmur və vəsiyyət işi açılmır. Vəsiyyət işi yalnız müvafiq müraciət üzrə açılır, bu zaman tərəflərindən araşdırma aparılmaqla bərabər vərəsələrin dairəsi müəyyən edilir. Hazırki işlə bağlı qeyd edir ki, mübahisəli vəsiyyətnamə depozitə qoyulmadığı üçün tərəflərindən hər hansı araşdırma aparılmamış, həmçinin iddiaçıya vəsiyyətnamə ilə bağlı hər hansı məlumat verilməmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən ev onun mərhum babası Dadaşbalaya məxsus olmuş, sonuncu öləndən sonra isə anasına miras qalmışdır. Həmçinin, hazırda həmin evdə özü yaşamaqdadır. Habelə, mərhum anası öləndən sonra, vərəsə kimi tanınmamışdır. Bundan başqa, onda, sözügedən evin köhnə formata sənədi olsa da, həmin sənədi heç kimə təqdim etməyəcək, evi heç kimə verməyəcəkdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən ev onun mərhum babası Dadaşbalaya məxsus olmuş, sonuncu öləndən sonra isə anasına miras qalmış, hazırda isə bacısı X9 orada yaşamaqdadır. Habelə, mərhum anası öləndən sonra, vərəsə kimi tanınmamışdır. Bundan başqa, sözügedən gedən evin köhnə formata sənədi bacısı Nayibə Qulamovadıdır. Bundan əlavə, iddiaçı qardaşı oğlu olsa da, sonuncu onun mərhum anasına pis rəftar etmiş, vəsiyyətnaməyə də məcburi imza etdirmişdir. Eyi zamanda, həmin evi heç kimə vermək niyyətləri yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin 1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli qərarı ilə qüvvədən düşən Mülki Məcəllənin: 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını tərəflərin məhkəmə hazırlıq və baxış iclaslarında verdikləri izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 14 noyabr 1990-cı il tarixdə verilmiş XV- ЖГ seriyalı, 447110 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X13, anası isə X14 olan İddiaçı xx xxxxxxx 1990-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 02 dekabr 1997-ci ildə, reyestrdə 2B-216 nömrə ilə qeydə alınmış və təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlaklarını, həmçinin Siyəzən rayonunun Zarat kəndindəki evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşdə olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 01 noyabr 2010-cu il tarixdə verilmiş, AZ-İ seriyalı, 431557 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16 oktyabr 2010-cu il tarixdə Siyəzən şəhərində aterosklerotik kardiosklerozdan vəfat etmişdir. İşdə olan Siyəzən rayon Zarat icra nümayəndəliyindən 01 may 2025-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 463340 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 yanvar 2014-cü il tarixdə Siyəzən rayonunun Zarat kəndində fizioloji qocalıqdan vəfat etmişdir. İşdə olan Dövlət Notariat Arxivinin 04 aprel 2025-ci il tarixli 3-16-5/6-13-0-106/25 saylı məktubundan görünür ki, Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 02 dekabr 1997-ci ildə, reyestrdə 2B-216 nömrə ilə qeydə alınmış və təsdiq edilmiş vəsiyyətnamənin 04 fevral 2025-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 26 may 2025-ci il tarixli, 193 nömrəli məktubundan görünür ki, mərhum nənəsi X1 miras qalmış daşınmaz əmlakı qəbul etmək üçün qanunda nəzərdə tutulan müddətdə müraciət etmədiyi üçün İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 12 may 2025-ci il tarixli 3-21-3-31/2-1495/2025 saylı daşınmaz əmlakın hüquqi rejimi barəsində arayışdan müəyyən edilir ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1,7593 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişxx.xx.1998-ci il tarixli JN-257 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında X8 1/4 hissə paylı mülkiyyət hüququ qeydə alınaraq xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Siyəzən Rayon Zarat kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,16 ha həyətyanı torpaq sahəsi üzərində X8 ümumbirgə mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli JN-246F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə qeydiyyata alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin miras əmlakın qəbul müddəti institutuna dair normaları hazırda qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Lakin həmin Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Akif Qulamova miras əmlak vəsiyyət edilməsinə dair vəsiyyətnamə onun nərhum X18 tərəfindən 02 dekabr 1997-ci il tarixdə tərtib edilmiş, X18 isə 12 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Odur ki, məhkəmə hesab edir ki, mirasın qəbulunu müddətinin uzadılması məsələsinə məhkəmə tərəfindən baxıla bilər. Məhkəmə qeyd edir ki, vərəsəlik institutunun mahiyyətinə əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Bu isə, mülki hüquqda mirasın “qəbul etmə sistemi adlanır”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə, miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Hazırki işin araşdırılan hallarından müəyyən olunur ki, mərhum Zalxa Qulamova 02 dekabr 1997-ci ildə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlaklarını, həmçinin Siyəzən rayonunun Zarat kəndindəki evini nəvəsi İddiaçı vəsiyyət etmiş, qeyd olunan vəsiyyətnaməni notarial qaydada təsdiqlətdirmiş, sonradan onu dəyişdirib və ya ləğv etməmişdir. X21 həmin vəsiyyətnaməni notariusun depozitinə qoymadığı üçün onun ölümündən sonra vəsiyyətnamə üzrə vərəsəlik işi açılmamış, hazırki iş üzrə iddiaçı vərəsəliyə çağırılmamış, vəsiyyətnamənin varlığından ümumiyyətlə xəbəri olmadığı üçün o, vaxtında miras əmlakı qəbul etmə hüququndan məhrum olmuşdur. Bu hal məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı müstəqil tələb irəli sürən üçüncü şəxslərin, həmçinin Siyəzən rayon Dövlət Notariat kontorunun notariusunun izahatları ilə də təsdiq olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan mötəbər sənədlərdən görünür ki, mərhum Zalxa Qulamovanın adına torpaq sahəsi və ev mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, miras əmlakın qəbulu müddətinin uzadılmasına dair iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 29 may 2025-ci il tarixli ödəniz qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu kimi 100 manat onun özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mərhum nənəsi X1 miras qalmış əmlaklara dair İddiaçı mirası qəbul müddəti uzadılaraq, onun həmin əmlaklara vərəsəlik hüququ tanınmalı, iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i: İddia təmin edilsin. Mərhum nənəsi X1 miras qalmış əmlaklara dair İddiaçı mirası qəbul müddəti uzadılsın və onun həmin əmlaklara vərəsəlik hüququ tanınsın. İddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar