Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-538/2025 28.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçi mülkiyyətində olan Siyəzən şəhərinin ərazisində yerləşən ümumi sahəsi 8,07 ha olan torpaq sahəsini xüsusi mülkiyyət kimi rəsmişləşdirmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 08 dekabr 1998-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0015 nömrəli, 30509028 kodlu şəhadətnamədə ərizəçinin adında uyğunsuzluq olduğu və qeyd olunan məsələnin aradan qaldırılmasının məhkəmənin səlahiyyətinə aid olduğu bildirilmiş, ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 08 dekabr 1998-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0015 nömrəli, 30509028 kodlu şəhadətnamənin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilən torpaq islahatı ilə əlaqədar Siyəzən rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-cı il tarixli, 30 nömrəli sərəncamı ilə Siyəzən rayonu, Yuxarı Ələz kəndi ərazisində 8.07 ha həyətyani torpaq sahəsi mərhum atasına ayrılmış, atası Fizuli Əsədov xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bu torpaq sahəsi üzərində mülkiyyəti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 08 dekabr 1998-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0015 nömrəli, 30509028 kodlu şəhadətnamə ilə tanınır. Həmin sənəddə Ərizəçi adı yanlışlıqla Arif kimi yazılmışdır. Sözügedən şəhadətnamədə uyğunsuzluğun aradan qaldırılmasından ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə yazılı müraciətinə 18 mart 2025-ci il tarixli cavab məktubunda sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinin məhkəmələrin səlahiyyətində aid edildiyi qeyd edilmişdir. Həmin şəhadətnaməni verən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən başqa qaydada aradan qaldırmaq mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Mülki Prosessual Məcəllə
119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında.
307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı: 1.3.-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi
Məhkəmə Ərizəçi izahatını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1992-ci il tarixdə doğulmuşdur. İşdə olan ASAN xidmət tərəfindən 28 aprel 2025-ci il tarixdə verilmiş AZ-T seriyalı 291979 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X4 olan Ərizəçi xx xxxxxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 08 dekabr 1998-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0015 nömrəli, 30509028 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-cı il tarixli, 30 nömrəli sərəncamı ilə Siyəzən şəhərinin ərazisindən 8.07 ha həyətyani torpaq sahəsi X3, X1, X2, X5 və Ərizəçi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 mart 2025-ci il tarixli, 3-21-3-31/2-945/2025 nömrəli məktubundan görünür ki, ərizəçiyə ərizəyə əlavə etdiyi hüquqmüəyyənedici sənədlər ilə şəxsiyyəti təsdiq edən sənədlər arasında uyğunsuzluq müəyyən edildiyindən, müraciətin icrasının təmin edilməsi mümkün olmamış, habelə aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İşdə olan 20 may 2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi Ərizəçi məxsus olan bütün sənədlərdə sonuncunun adı düzgün olaraq qeyd edilmiş, habelə ona münasibətdə hər hansı bir yanlışlığa yol verilməmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0015 nömrəli, 30509028 kodlu şəhadətnamədə 4-cü sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi ata adı “Ariz” əvəzinə yanlışlıqla “Arif” kimi qeyd edilmişdir. Hazırda ərizəçi hüquqmüəyyənedici sənəd hesab olunan torpağın mülkiyyətə verilməsinə dair çıxarış əldə etmək istəsə də, bu hal ona mane olmuş, bununla bağlı ilk öncə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, ona sənədlərdə düzəliş edilməsindən imtina barədə bildiriş təqdim edilmişdir. Odur ki, ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırmasının məhkəmədən kənar qaydada mümkün olmadığı müəyyən edilmişdir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 08 dekabr 1998-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0015 nömrəli, 30509028 kodlu şəhadətnamənin mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307- 308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 08 dekabr 1998-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0015 nömrəli, 30509028 kodlu şəhadətnamənin mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə