Məhkəmə qərarları › İş №2(059)-544/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-544/2024

19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-544/2024 19.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Cəbri (Qəniyeva) Pərvin Məzahir qızının iştirakları ilə ərizəçilər Ərizəçi1 və Cəbri (Qəniyeva) Pərvin Məzahir qızının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və onların mərhum yaxın qohumuna məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Cəbri (Qəniyeva) Pərvin Məzahir qızı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və onların mərhum yaxın qohumuna məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1039A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə mərhum X3 və ərizəçi Cəbri (Qəniyeva) Pərvin Məzahir qızına məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamına əsasən Siyəzən şəhəri ərazisindən 0,06 ha torpaq sahəsi ərizəçilər Ərizəçi1, Cəbri (Qəniyeva) Pərvin Məzahir qızının, mərhum X1 və onların digər yaxın qohumlarının ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətləri torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1039A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə tanınır. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizələrinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçilər, Ərizəçi1 və Ərizəçi2 (Qəniyeva) sözügedən şəhadənamədə olan yanlışlıqların aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonunun Siyəzən şəhər soveti tərəfindən 21 sentyabr 1987ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı, 382430 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası X8 olan X6 xx xxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 285367 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 həmin tarixdə, 196 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Cəbri” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 15 noyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 463084 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 oktyabr 2011-ci il tarixdə Siyəzən şəhərində vəfat etmiş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 noyabr 2011-ci il tarixdə 157 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1039A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,06 ha torpaq sahəsi Ərizəçi1, X2 və X5 və onların digər yaxın qohumlarının mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 mprt 2024-cü il tarixli, 3-21-3-31/2-Q-00xxxx/2024 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1039A nömrəli şəhadətnamənin şəxslərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 04 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə və mərhum Gülümnaz Qəniyevaya məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1039A nömrəli, 30501004 kodlu şəhadətnamədə İİ sırada qeyd edilməli olan mərhum X1 adı “Gülümnaz” əvəzinə yanlışlıqla, “Gülminaz” kimi, Vİİ sırada qeyd edilməli olan Cəbri (Qəniyeva) Pərvin Məzahir qızının ata adı “Məzahir qızı” əvəzinə yanlışlıqla, “Məzahir oğlu” kimi qeyd edilmiş nəticədə, bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1039A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçi Cəbri (Qəniyeva) Pərvin Məzahir qızına və mərhum X3 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1039A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçi Cəbri (Qəniyeva) Pərvin Məzahir qızına və mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar