Məhkəmə qərarları › İş №2(059)-569/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-569/2024

02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-569/2024 02.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətləri torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə tanınır. Bu yaxınlarda məlum olmuşdur ki, qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında digər mülkiyyətçilərlə yanaşı, bir neçə mülkiyyətçinin ad və soyadlarında yanlışlıqlara yol verilmiş və həmin səhvlərin aradan qaldırılmasından ötrü ərizə ilə Siyəzən Rayon Məhkəməsinə müraciət olunmuş, habelə məhkəmənin qanuni qüvvəsini almış 23 oktyabr 2023-cü il tarixli, 2(059)-583/2023 sayı qətnaməsi ilə yol verilmiş səhvlər aradan qaldırılmışdır. Həmin məhkəmə qərarı əsasında yeni sənəd alınarkən məlum olmuşdur ki, həmin şəhadətnamədə mülkiyyətçilər sırasında 6-cəı sırada qeyd edilmiş Ərizəçi şəxsiyyət vəsiqəsində qeyd olunmuş “Əlişərəf” adı, “Əliəşrəf” kimi səhv göstərilmişdir. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçinin nümayəndəsi Nümayəndə sözügedən şəhadənamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 03 noyabr 1982-ci il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 425477 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası X16, anası Nümayəndə olan Ərizəçi 29 sentyabr 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi X1, X6, X7, X3, X14, X4, X8, X2, X5, X10, X11, X15 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər X12, X9, eləcə də mərhumlar X19 və X13 məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 04 iyun 2024-cü il tarixli, 3-21-3-31/2-İ-0017/xx-xx/2024 nömrəli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün ona məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan 20 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfdən məhkəməyə müraciət edilərkən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə məxsus olan bütün sənədlərdə onun adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamədə 6cı sırada qeyd edilməli olan Ərizəçi adı “Əlişərəf” əvəzinə yanlışlıqla “Əliəşrəf” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar