Məhkəmə qərarları › İş №2(059)-595/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-595/2024

10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-595/2024 10.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 583A nömrəli, 30501004 kodlu şəhadətnamənin mülkiyyət hüququ ilə ərizəçilərlə yanaşı, mərhum X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli qərarı ilə Siyəzən şəhəri ərazisindən 0,02 ha həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş JN seriyalı, 583A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə tanınır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, qeyd olunan şəhadətnamədə torpaq mülkiyyətçiləri kimi göstərilən mərhum qardaşı X1 ölüm haqqında şəhadətnamədə göstərilmiş Emil adı ilə şəhadətnamədə göstərilmiş Emin adı arasında uyğunsuzluq vardır. Belə ki, 29 dekabr 2005-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmiş qardaşı mərhum mülkiyyətçi Emil Babayevin ölüm haqqında şəhadətnamədə qeyd olunan Emil adı Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən verilmiş şəhadətnamədə “Emin” kimi səhv yazılmışdır. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Siyəzən şəhər soveti tərəfindən AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4, anası Ərizəçi2 olan X5 09 yanvar 1968ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 14 yanvar 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 151849 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 dekabr 2005-ci il tarixdə Siyəzən şəhərində ölmüşdür. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 583A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,02 ha həyətyanı torpaq sahəsi Ərizəçi2 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 05 iyun 2024-cü il tarixli, 3-21-3-31/2-2004/2024 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 583A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 28 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, Ərizəçi2 məxsus olan bütün sənədlərdə sonuncunun soyadı, adı və ata adı düzgün olaraq qeyd edilmiş, habelə ona münasibətdə hər hansı bir yanlışlığa yol verilməmiş, habelə digər Ərizəçi1 qeyd edilən şəhadətnamədə mülkiyyətçi qismində adı ümumiyyətlə qeyd olunmamışdır. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 583A nömrəli, 30501004 kodlu şəhadətnamədə 2-ci sırada qeyd edilməli olan mərhum mülkiyyətçi X1 adı “Emil” əvəzinə yanlışlıqla “Emin” kimi qeyd edilmiş, nəticədə, bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Əlavə olaraq, məhkəmə digər ərizəçilər Ərizəçi1 və Ərizəçi2 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə məhz mərhum Emil Babayevin adı yanlış göstərilmişdir. Halbuki, Ərizəçi2 və Ərizəçi1 münasibətdə isə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi1 və Ərizəçi2 münasibətdə təmin edilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, məhkəmə ərizənin “torpaq sənədinin 1-ci sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi”nə dair hissəsinə qiymət verərək, qeyd edir ki, bu halın artıq şəhadətnamə ilə müəyyən edilməsi, habelə digər Ərizəçi1 həmin şəhadətnamə üzrə mülkiyyətçi kimi adının göstərilməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 583A nömrəli, 30501004 kodlu şəhadətnamənin mərhum X3 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 583A nömrəli, 30501004 kodlu şəhadətnamənin mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar