Məhkəmə qərarları › İş №2(059)-63/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-63/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-63/2023 05.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03 iyun 2021-ci il tarixli, MAS-3859 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 iyul 2022-ci il tarixə 646,17 manat gecikdirilmiş əsas, 120,55 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 278,87 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1469 manat, ümumilikdə 2514,59 manat borc və ödənilmiş 45,55 manat dövlət rüsumunun iddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVAW01HHFKE164017 olan qara rəngli minik avtomobili 11800 manat məbləğinə MMCnin mülkiyyətinə alınmaqla, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 % hesablanmaqla, 36 ay müddətə hər ay sabit məbləğ olmaqla, 420,70 manat, ümumilikdə isə 15145 manat məbləğində pulu iddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 15145 manatın 11800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 22 iyun 2022-ci il tarixdə 100 manat məbləğində olmuş, həmçinin sonuncunun müvəqqəti istifadəsinə verilmiş iddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 11 iyul 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. “X4” MMC tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 1469 manat təşkil edir. Eyni zamanda, Cavabdeh 03 iyun 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 iyul 2022-ci il tarixə ümumilikdə 1045,59 manat gecikmə borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının tam təmin edilməsini xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, onun sözügedən müqavilə üzrə 2 ay gecikməsi olmuş, bundan sonra, məhkəmənin qərarı ilə həbs olunmaqla azadlıqdan məhrum edilmişdir. Gecikməsi olduğu üçün iddia üzrə tələb olunan gecikdirilmiş əsas məbləğ ilə razıdır. Azadlıqdan məhrum edildikdən sonra, avtomaşın sahibsiz qaldığı üçün onun iştirakı olmadan iddiaçının əməkdaşları tərəfindən təhvil alınmışdır. Bu halda, o, sözügdən avtomaşında sonradan ehtiyat hissələrinin çıxarılmasından xəbərsiz olmuşdur. Bundan başqa, avtomobilin yararsız olmasını qeyd etsələr də, sözügedən avtomaşın onun istifadəsində olmuş, nasazlıq olmasına baxmayaraq istismara yararlı olmuşdur. Avtomaşın təhvil alınarkən qeyd edilən qüsurlar onun istifadəsində yaranmışdır, lakin avtomaşına qeyd edilən məbləğdə, yəni ekspert rəyində qeyd olunan 1310 manat məbləğində deyil, 400 manat həcmində zərər dəymişdir. Beləliklə, o avtomaşının ona qaytarılmasını istəyir. Belə ki, o, müqavilə üzrə 24 ay ödəniş etmişdir. Eyni zamanda, o, avtomaşını təmir etməyə hazırıdır. Bundan əlavə, o, hazırda iddia üzrə tələb olunan məbləği ödəmək iqtidarında deyildir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 03 iyun 2021-ci il tarixli, MAS-3859 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 11800 manat dəyərində əmlakı, yəni 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVAW01HHFKE164017 olan qara rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 17% həcmində mükafat ödənilməsi şərti ilə 36 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş AE seriyalı, 017767 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164017 ban nömrəli, qara rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan 03 iyun 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İşdə olan “X4” MMC tərəfindən 23 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Cavabdeh istifadəsində olmuş 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomaşına 1469 manat məbləğində zərər dəymişdir. İşdə olan İddiaçı MMC-nin nümayəndələri X1 və X2 tərəfindən tərtib edilmiş təhviltəslim aktının surətindən görünür ki, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən 11 iyul 2022-ci il tarixdə təhvil alınmış, habelə aktda avtomobildə qabaq kapotun və arxa baqajın hərtərəfli pis əzilmiş olması, arxa buferdə cızıq və sürtük izlərinin olması qeyd olunmuş, rənglənməyə ehtiyacın olduğu, nömrə üstünün plastmasının sındığı göstərilmişdir. İşdə olan 30 sentyabr 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən 03 noyabr 2022-ci il tarixdə tərtib edilmiş 4248 nömrəli arayışdan görünür ki, Cavabdeh 11 iyul 2022-ci il tarixə borcu, əsas məbləğ üzrə 646,17 manat, mükafat məbləği üzrə 120,55 manat, cərimə üzrə 278,87 manat olmaqla, cəmi 1045,59 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 8/91 saylı ekspert rəyindən görünür ki, baxışa təqdim olunmuş “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobildə olan qüsurlar rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Beləliklə, sözügedən avtomobil təyinatı üzrə istismara yararlıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/174 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1310 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri ümumilikdə 228 manat təşkil edir. İşdə olan 31 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə məhkəməyə müraciət edərkən 45,55 (qırx beş manat 55 qəpik) manat xərc (45,15 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, daxili lizinq müqaviləsinin əlavəsinə əsasən, 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın 36 ay müddətinə hər ayın 3-də hər ay 420,70 manat, sonuncu ay isə 420,91 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı hadisə və səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının 646,17 manat olan əsas borc üzrə 278,87 manat məbləğində dəbbə pulu hesablaması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 278,87 manat məbləğində hesablanmış dəbbə pulunun 65 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq, yazılı formada bağlanmış öhdəliklərin ötürülməsi və lizinq müqavilələrinin şərtlərinə əməl etməməklə lizinq verən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 646,17 manat, mükafat üzrə 120,55 manat, dəbbə üzrə isə 65 manat olmaqla, cəmi 831,72 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin pul məbləğini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Bundan əlavə, İddiaçı MMC Cavabdeh avtomobilin 11 iyul 2022-ci il tarixədək cavabdehin istifadəsində olduğu müddət ərzində yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş 1469 manat zərərin tutulmasını xahiş etmişdir ki, məhkəmə tələbin bu hissəsini qismən əsaslı hesab etməklə, qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Bu Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Bu Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Yenə bu Məcəllənin 748-1-ci maddəsinin 5-ci və 7-ci hissəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinin 4.4.1-4.4.3-cü yarımbəndlərinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməyi, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamağı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişlərini qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı MMC-yə məxsus olmaqla cavabdeh Elçin Məmmədovun etibarnaməli idarəçiliyində olmuş “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdehin müvəqqəti sahibliyində və istifadəsində olduğu müddət ərzində, yəni 11 iyul 2022-ci il tarixə kimi sonuncu tərəfindən istismar edilərkən Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin, habelə lizinq müqaviləsinin şərtlərini pozulmuş, nəticədə ekspert rəyinə əsasən iddiaçıya 1310 manat məbləğində maddi zərər dəymişdir ki, bununla da iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən də, iddianın maddi zərərə dair hissəsi qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 646,17 manat əsas borc, 120,55 manat gecikdirilmiş mükafat, 65 manat dəbbə pulu, 1310 manat dəymiş zərər olmaqla, cəmi 2141,72 manat borc və 45,55 manat məbləğində ödənilmiş məhkəmə xərcinin 85%-i, yəni 38,72 manatı İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri və əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 228 manatın 15%-i, yəni 34,20 manatı İddiaçı MMC-dən, 85%-i, yəni 193,80 manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 646,17 manat əsas borc, 120,55 manat gecikdirilmiş mükafat, 65 manat dəbbə pulu, 1310 manat dəymiş zərər olmaqla, cəmi 2141,72 (iki min yüz qırx bir manat 72 qəpik) manat borc və 45,55 manat məbləğində ödənilmiş məhkəmə xərcinin 85%-i, yəni 38,72 (otuz səkkiz manat 72 qəpik) manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə yol-nəqliyyat hadisələri və əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 228 (iki yüz iyirmi səkkiz) manatın 15%-i, yəni 34,20 (otuz dörd manat 20 qəpik) manatı İddiaçı MMC-dən, 85%-i, yəni 193,80 (bir yüz doxsan üç manat 80 qəpik) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar