Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-63/2024 04.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin Siyəzən Xidmət Sahəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş, 08 sentyabr 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin artırılması, iddia predmetinin dəqiqləşdirilməsi, eləcə də cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinin Siyəzən Xidmət Sahəsinin əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilməsini, həmçinin cavabdehin sözügedən İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 08 sentyabr 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və əsassız hesablanmış 559,32 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, ona məxsus evin adi qaz sayğacı müraciəti və tələbi əsasında 2023cü ilin yanvar ayında smart tipli sayğac ilə əvəz edilmişdir. Bundan sonra, o, qaydalara uyğun olaraq qaz təminatının daimi olması üçün kart balansını mütəmadi artırmış, qazdan hər zaman istifadə etmiş və heç bir problem yaranmamışdır. Bu tip sayğaclarda ödəniş olunmadığı təqdirdə qaz təchizatı dayandırılır. Eyni zamanda, bu müddətdə sayğac cavabdehin nümayəndələri, o cümlədən nəzarətçilər tərəfindən daim yoxlanılmışdır. 08 sentyabr 2023-cü il tarixdə X4 İdarəsi tərəfindən ona zəng olunmuş və sayğacına baxış keçirərkən sayğaca müdaxilə olunması halının aşkar edildiyi bildirilmişdir. Qaz İstismar İdarəsinin nəzarətçiləri özbaşına olaraq bu qənaətə gəlmişlər. Belə ki, sayğacda hər hansı bir problem olacağı təqdirdə ona hal şahidlərinin iştirakı ilə baxış keçirilməlidi idi, halbuki bu olmamışdır. Eyni zamanda, qaz sayğacı ona məxsus ərazidən kənarda yerləşir, hətta sayğacın yerləşdiyi yer ot, ağac, kolluq ilə əhatələnmiş bir ərazidir, bu halda sayğaca istənilən şəxs müdaxilə edə bilər. Beləliklə, o, evindən 50 metr kənarda yerləşən sayğaca görə heç bir öhdəlik daşımır. Belə olan halda, sayğaca dəyən zərərə görə məsuliyyət ona aid edilməməldir. Bundan əlavə, sayğaca müdaxilə edilməsi halının aşkar edilməsi bu sayğaca onun tərəfindən müdaxilə olunmasını sübut etmir. Eyni zamanda, onun kimi barəsində qanunsuz aktların tərtib olunduğu və cərimə edildiyi şəxslər çoxdur. O, illərdir qaz sayğacından istifadə edir və heç bir problem yaranmamışdır. Lakin, son bir ildə smart tipli sayğacı istifadə etdikdən sonra bu hal baş vermiş, halbuki bu sayğaca müdaxilənin mümkün olmaması qeyd edilmişdir. Ona görə də, cavabdeh tərəfin tərtib etdiyi akt məzmunca həqiqəti əks etdirmədən məntiqsiz, formaca, qüsurlu, qanuna zidd şəkildə tərtib olunmuşdur. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli, 10571/2023 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən şəhəri, 28 may küçəsindəki fərdi yaşayış evində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan 01 sentyabr 2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Siyəzən şəhəri, 28 may küçəsindəki fərdi yaşayış evinin “İtron” tipli, G4 markalı, **********092 nömrəli sayğacını zavod plombunun biri olmadığı üçün çıxararaq, “Zenner” tipli, “G4” markalı, ********** nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 13188819 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin mühəndisi Rəşad Şeydayev, ustası Nurlan İsgəndərov və çilingəri Vüqar Poladov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonu, 28 may küçəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 08 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sözügedən evə aid sayğacın giriş plastmas borusunda olan dəmir süzgəcinin kənar təsir nəticəsində zədələnməsi, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsinin mümkünlüyü, eləcə də element yuvasının üzərinə vurulan plastmas plomblardan birinin olmaması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB Xaçmaz X2 İdarəsinin 08 sentyabr 2023cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də 28 sentyabr 2023-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, İddiaçı qaz xəttinə quraşdırılmış G4 markalı, **********092 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın giriş plastmas borusunda olan dəmir süzgəcinin kənar təsir nəticəsində zədələnməsi, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsinin mümkünlüyü, eləcə də element yuvasının üzərinə vurulan plomblardan birinin aşkar edilməməsi müəyyən edilmiş, bu səbəbdən də 4320 m3, yəni 518,40 manat ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********01310 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhərinin 28 may küçəsindəki fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə “İtron” tipli, G4 markalı, **********092 nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın giriş plastmas borusunda olan dəmir süzgəcinin kənar təsir nəticəsində zədələnməsi, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsinin mümkünlüyü, eləcə də element yuvasının üzərinə vurulan plastmas plomblardan birinin olmaması aşkar edilmiş, bu məqsədlə, 08 sentyabr 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 518,40 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhərində yerləşən Siyəzən şəhəri, 28 may küçəsindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 08 sentyabr 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Bundan əlavə, iddiaçı 08 sentyabr 2023-cü il tarixli akta əsasən hesablanaraq, abunə koduna köçürülmüş ziyan məbləğini 559,32 manat göstərməklə, bu məbləğin abonent hesabından silinməsi xahiş etmişdir. Halbuki, “Azəriqaz” İB Xaçmaz X2 İdarəsinin 08 sentyabr 2023-cü il tarixdə tərtib etdiyi dəymiş ziyanın bərpasına dair tələbnaməyə, eləcə də 28 sentyabr 2023-cü il tarixli abonent saldosuna əsasən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 518,40 manat məbləğində hesablanmışdır. Silinməsi tələb olunan 559,32 manatın qalan hissəsinin, yəni 40,92 manat məbləğində zərərin isə əmələ gəlmə əsasları, bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, sözügedən akta əsasən hesablanmış zərər məbləğindən əlavə, mübahisələndirilmiş sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 08 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 08 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-63/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-63/2024
04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver