Məhkəmə qərarları › İş №2(059)-648/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-648/2024

28.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-648/2024 28.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın əsassız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın əsassız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz” İB-nin Xaçmaz RQİİ-nin Siyəzən Qaz Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli, ******* nömrəli aktın əsassız hesab edilməklə, ləğv edilməsi, həmin akta əsasən hesablanmış 777,60 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2018-ci il tarixdə Siyəzən rayonunun Qozağacı kəndində ona məxsus evlə bağlı cavabdeh tərəflə aralarında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 03 may 2024-cü il tarixdə onun müraciəti və tələbi ilə əlaqədar qaz sayğacını yenisi ilə əvəz edilmişdir. Belə ki, sayğacın istismar müddəti bitdiyi üçün sayğacdan qaz keçmədiyinə görə evdə təbii qazın normal istifadəsi mümkün deyildi. Sonradan 30 may 2024-cü il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC tərəfindən M0713 saylı aktı tərtib olunmuş və bunun əsasında Cavabdeh İB X3 İstismar İdarəsinin Siyəzən Xidmət Sahəsinin əməkdaşları tərəfindən 30 may 2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmiş, lakin o, bu aktı imzalamaqdan imtina etmişdir. Həmin aktda sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi və xətaların normadan artıq olması, habelə sayğacın keçən qazın həcmini qeyd etməməsi göstərilmişdir. Lakin, sözügedən sayğac quraşdırıldığı vaxtdan plomblandığı üçün tərəfindən sayğaca hər hansı bir kənar müdaxilənin edilməsi qeyri-mümkündür. Habelə, dəymiş ziyanın bərpasına dair 31 may 2024-cü il tarixli tələbnamədə ümumi ziyanın həcmi 6480 kubmetr olmaqla, buna görə həmin ayının abonent saldosunda 777,60 manat borc hesablanmışdir. Halbuki, onun yaşayış və həyətyanı sahəsindən kənarda olan sayğaca görə hər hansı bir öhdəliyi müəyyən edilməmişdir. Belə ki, təbii qazdan istifadə etdiyi uzun müddət ərzində heç bir problemi olmamış, habelə sayğacın göstəricilərini hər ay 2 dəfə qeyd edən nəzarətçi bu barədə ona hər hansı bir irad tutmamışdır. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 7013-2018 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonu Qozağacı kəndindəki fərdi yaşayış evində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan, 03 may 2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB-nin Siyəzən Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Siyəzən rayonu Qozağacı kəndindəki fərdi yaşayış evinin “Elster” tipli, G4 markalı, 11472727 nömrəli sayğacını çıxararaq eyni tipli və markalı, 13759575 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 13892751 plomb nömrəsi vurulmuşdur. İşdə olan Cavabdeh Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin rəisi Hüseyn Həsənov, mühəndisi Rəşad Şeydayev, eləcə də nəzarətçisi Fuad Dadaşzadə tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonu Qozağacı kəndindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 30 may 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin ünvanındakı qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi, xətaların normadan artıq olmaqla, sayğacın keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X2 İdarəsinin 31 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də 12 iyul 2024-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, İddiaçı qaz xəttinə quraşdırılmış G4 markalı, 11472727 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi, xətaların normadan artıq olmaqla, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi və keçən qazın həcmini qeyd etməməsi aşkar edilmiş, bu səbəbdən də 6480 m3, yəni 777,60 manat ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00250 abunə kodu olan İddiaçı məxsus Siyəzən rayonu Qozağacı kəndindəki fərdi yaşayış evinin qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi, xətaların normadan artıq olmaqla, sayğac keçən qazın həcmini qeyd etməməsi aşkar edilmiş, bu məqsədlə, 30 may 2024-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı tərəfdən həmin aktı imzalamamışdır. Beləliklə, qaz paylayıcısı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 777,60 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, cavabdeh "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Bu Qanunun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Sözügedən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunan Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Yenə həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən rayonu Qozağacı kəndindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacı üzrə nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı ilə bağlı yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 30 may 2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlı olmasına dair sübut olmalıdır. Mövcud vəziyyətdə isə, istehlakçının təqsirli olmasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsinə, habelə onun qazın talanmasında təqsirli olmasını təsbit edən müvafiq qərarın olmasına dair cavabdeh tərəfindən hər hansı bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X2 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 30 may 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 777,60 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 30 may 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar