Məhkəmə qərarları › İş №2(059)-649/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-649/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-649/2024 28.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxslərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1127A nömrəli, 30501004 kodlu şəhadətnamədə X11 əvəzinə Ərizəçi1, X12 əvəzinə Ərizəçi2 və X8 əvəzinə X9 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi2 və Ərizəçi3 ərizəçilər siyahısına əlavə edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 ərizənin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1127A nömrəli, 30501004 kodlu şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 03 may 2006-cı il tarixli, JN seriyalı, 1127A nömrəli, 30501004 kodlu şəhadətnamədə ərizəçilərin adı, soyadı, ata adı Ərizəçi1 əvəzinə X11, Ərizəçi2 əvəzinə X12, X9 əvəzinə X1 yanlış qeyd edilmişdir. Bu yanlışlıqlara görə onlar sözügedən torpaq sahəsinə dair çıxarış sənədi və texniki pasport ala bilmirlər. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair çıxarış alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, eləcə də, digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 sözügedən şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 12 avqust 1974-cü il tarixdə verilmiş İİİ- ЖГ seriyalı, 290121 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X13 olan Ərizəçi1 xx xxxx 1974-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat tərəfindən 20 iyun 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı, 231776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X13 olan Ərizəçi2 xx xxxxxx 1985-ci il tarixdə Şabran rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat tərəfindən 27 avqust 2013-cü il tarixdə təkrar verilmiş AZ-İİİ seriyalı, 118244 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X13 olan X9 xx xxxxxx 1979-cu il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Türkiyə Respublikası Kırıkkale Bələdiyyə İdarəsinin VVADQ şöbəsi tərəfindən 17 dekabr 2009-cu il tarixdə verilmiş L 01 seriyalı 890876 nömrəli beynəlxalq nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X18 1827 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Ediz” soyadı verilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1127A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli qərarı ilə Siyəzən şəhəri ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsi X2, X3, X5, X6, X7 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 avqust 2024-cü il tarixli, 3-21-3-31/2-B-0036/2024 nömrəli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1127A nömrəli 30501004 kodlu şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 19 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onun soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1127A nömrəli, 30501004 kodlu şəhadətnamədə 4-cü sırada qeyd edilməli olan Ərizəçi1 soyadı “Bayramov” əvəzinə, “Hüseynov”, 5-ci sırada qeyd edilməli olan Ərizəçi2 soyadı “Bayramov” əvəzinə, “Hüseynov”, ata adı “Qurban” əvəzinə, Quran”, 6-cı sırada qeyd edilməli olan ərizəçi Bayramova (Ediz) Könül Qurban qızının soyadı “Bayramova” əvəzinə, “Hüseynova” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1127A nömrəli, 30501004 kodlu şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1127A nömrəli, 30501004 kodlu şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar