Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-680/2025 27.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və bu akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və bu akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Qaz İstismarı İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 05 may 2025-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın əsassız hesab edilməklə, ləğv edilməsi, bu akt üzrə hesablanmış 2340 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 05 may 2025-ci il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh Xaçmaz X5 İdarəsinin Siyəzən Xidmət Sahəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, habelə Siyəzən Xidmət Sahəsinin 3 nəfər əməkdaşının imzası ilə təsdiq edilmiş ******* saylı akt tərtib edilmişdir. Bu aktda sayğaclara baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh İB-nın əməkdaşları onun savadsızlığından istifadə edib yeni sayğac quraşdırılmasından ötrü sözügedən aktı ona imzalatmışlar. Lakin, tərəfindən heç bir müdaxilə olunmayan bu sayğac qoyulduğu vaxtdan plomblanmışdır. Ona görə də sayğaca heç bir kənar müdaxilədən söhbət belə gedə bilməz. Həmçinin, nəzarətçi sayğacın göstəricilərini hər ay 2 dəfə qeyd edərkən hər hansı problem olmasını bildirməmişdir. Beləliklə, cavabdeh İB-nin Xaçmaz X5 İdarəsi tərəfindən 20 may 2025-ci il tarixdə tərtib edilmiş tələbnaməyə əsasən 19224 m3 dəymiş ziyanın hesablanması məlum olmuşdur. Odur ki, göstərilən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, "Azəriqaz" İB-nın Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri 05 may 2025-ci il tarixdə həyətyanı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən sayğacdan kənar xəttin olmasını aşkarlamış, habelə o, tərtib edilmiş aktı imzalamışdır. Bununla belə, qanunsuz xətdən istifadə edildiyinə görə hesablanmış yüksək cərimə məbləği ilə razılaşmır. Belə ki, təbii qazdan qanunsuz olaraq istifadə etdiyi qısa müddət ərzində qazın sərfi cavabdeh İB-nın əməkdaşları tərəfindən hesablanmış məbləğdə ola bilməz. Odur ki, iddia tələbinin qismən, yəni müvafiq rəyə uyğun təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, "Azəriqaz" İB-nın Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri 05 may 2025-ci il tarixdə iddiaçının həyətyanı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən sayğacdan kənar xəttin olmasını aşkarladıqdan sonra, tərtib edilmiş akt əsasında cəriməni düzgün hesablamışlar. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialı məhkəmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 15 avqust 2024-cü il tarixli, 14702/2024 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 50 nömrəli fərdi yaşayış evində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin mühəndisi Rəşad Şeydayev, texniki Cəfər Şəmmədli və nəzarətçisi Səmulla Feyziyev tərəfindən İddiaçı yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsindəki sözügedən fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 05 may 2025-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı qaz xəttinə quraşdırılmış G-4T markalı, ******* saylı sayğaca ümumi baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X5 İdarəsinin 20 may 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin, eləcə də 21 oktyabr 2025-ci il tarixli abonent saldosunun surətlərindən görünür ki, 1 kub metr təbii qazın tarifi 235 günə münasibətdə 0,12 manatdan, 125 günə münasibətdə isə 0,125 manatdan hesablanmaqla, qaz işlədicilərindən 1 ədəd PQ-2 qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 12 saat, 1 ədəd axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2,25 m3/saat, orta günlük iş rejimi 12 saat, 1 ədəd qeyri-standart PQ-2 qaz plitəsinin maksimal qaz sərfi 1,6 m3/saat, orta günlük iş rejimi 12 saat götürülməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 19224 m3 hesablanaraq, borc 2340 manat müəyyən edilmişdir. İşdə olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialının aparıcı müfəttişi Nümayəndə1 tərəfindən 10 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş rəydən görünür ki, İddiaçı barəsində dəymiş ziyanın hesablanması 1 kub metr təbii qazın tarifi 0,125 manat, hesabat müddəti bütün cihazlara münasibətdə 90 gün olmaqla, aşağıdakı formada aparılması məqsədə müvafiq hesab olunur. Belə ki, 1 ədəd PQ-2 qaz plitəsinin qaz sərfi 0,6 m3 x 12 saat x 90 gün=648 m3, 1 ədəd axımlı su qızdırıcının qaz sərfi 1,5 m3 x 12 saat x 90 gün=1620 m3, 1 ədəd qeyri-standart PQ-2 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,5 m3 x 12 saat x 90 gün=1620 m3, 3888 m3 olmaqla, ümumi borc 486 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********10500 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhərində yerləşən B.Bayramov küçəsindəki G- 4T markalı, ******* nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsi nəticəsində təbii qaz itkisinin yaranması aşkar edilmiş, bu məqsədlə, 05 may 2025-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, habelə, iddiaçı tərəfindən həmin akt imzalanmışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 2340 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Bu Qanunun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Sözügedən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunan Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Yenə həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 3.1.10-cu bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; Bu Qaydaların 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinin İ, İİ və İİİ yarımbəndlərində də göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid ünvan 2 ünvanında fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacından kənar, qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə halı aşkar edilmiş, habelə qaz paylayıcısı tərəfindən 05 may 2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Belə ki, iddiaçı tərəfindən sözügedən akt imzalanmış, habelə, sonuncu tərəfindən məhkəmə iclasında təbii qazdan qanunsuz istifadənin mövcudluğu faktı etiraf edilmişdir. Lakin, cavabdeh İBnin Xaçmaz X5 İdarəsi tərəfindən 20 may 2025-ci il tarixdə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyri-qanuni istifadə olunmuş təbii qaz sərfinin orta günlük iş rejimi və hesabat müddəti düzgün göstərilməməklə, bununla əlaqədar yuxarıda sadalanan normativ hüquqi aktların tələbləri pozulmuşdur. Belə ki, Enerji Məsələlərini X1 filialının 10 sentyabr 2025-ci il tarixli rəyində, düzgün hesablamalar aparılaraq, bu qaz sayğacından kənar, qeyri-qanuni təbii qazdan istifadə nəticəsində itirilmiş saatlıq qaz sərfi qaz sərfinin 1 kub metr təbii qazın tarifi 0,125 manat, qanunsuz təbii qaz sərfinin hesabat müddəti 360 gün deyil, akt tərtib edilməzdən əvvəlki mövsüm nəzərə alınmaqla, 90 gün qəbul edilmişdir. Bununla da, qaz sayğacından qanunsuz xətt qoşulmaqla istifadə nəticəsində itirilmiş qazın həcmi 19224m3, ümumi ziyan isə 2340 manat deyil, itirilmiş qazın həcmi cəmi 3888 m3 (1 ədəd PQ-2 qaz plitəsi - 0,6 m3 x 12 saat x 90 gün = 648 m3, 1 ədəd axımlı su qızdırıcı – 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3, 1 ədəd qeyri-standart PQ-2 qaz plitəsi – 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3) olmaqla, ümumi ziyan 486 manat müəyyən olunmalı və qalan 1854 manat məbləğ borc iddiaçının abunə koduna köçürülmüş hesabdan silinməldir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X5 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 05 may 2025-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1854 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X5 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 05 may 2025-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1854 (bir min səkkiz yüz əlli dörd manat) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-680/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-680/2025
27.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver