Məhkəmə qərarları › İş №2(059)-701/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-701/2021

21.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-701/2021 21.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, İddiaçı cavabdeh Siyəzən rayon Notariat Ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdeh Siyəzən rayon Notariat Ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair Siyəzən rayon Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 16.3-cü bəndinə əsasən “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti "İnzibati orqanların Təsnifat"nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarının 2.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin dövlət notariat ofisləri inzibati orqanlar hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə iddiaçı hazırkı tələblə İnzibati Məhkəməyə müraciət etməli olduğu halda, Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq inzibati məhkəməsində baxılmalı olduğundan rayon məhkəməsində məhkəmə aidiyyəti qaydalarına görə icraata götürülərək baxılması mümkün deyildir. Beləliklə də, hesab edirəm ki, tələb subyektiv tərkibi baxımdan inzibati orqan olan notariat ofisinin hərəkətləri ilə bağlı olmaqla, həmin orqana yönəldiyindən iddia ümumi məhkəmə qaydasında baxılmamalı, habelə ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Eyni zamanda İddiaçı izah olunmalıdır ki, o, hazırkı iddia ilə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Siyəzən rayon Notariat Ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırkı iddia ilə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar