Məhkəmə qərarları › İş №2(059)-739/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-739/2023

28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-739/2023 28.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, bu qanunsuz akt əsasında 12960 həcmində itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, evinin qaz təminatı zəif olduğundan, yəni evinə gələn qaz axını zəif olduğu, eləcə də bəzən kəsildiyi üçün “Azəriqaz “X2 RQİİ-nin Siyəzən Xidmət Sahəsi etdiyi müraciət əsasında evinin sayğacına keçirilmiş baxış zamanı cavabdehin işçiləri sayğaca bir-iki dəfə zərbələr endirdikdən sonra sayğacın qazı keçirməsini görüb getmişlər. Bundan sonra, bu hal təkrarlandığı üçün yenidən məlumat vermiş, habelə sözügedən sayğac 03 noyabr 2022-ci il tarixdə yenisi ilə əvəz edilərək, müvafiq akt tərtib edilmişdir. Bundan sonra, “Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə akta əsasən tərtib edilmiş tələbnamədə “G4 markalı, **********3 saylı sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərinə vurulan zavod plastmas plomb yuvasının ətrafı kənar təsir nəticəsində əzilib. Sayğac istismara yararsızdır. Təbii qaz itkisi yaranmışdır” məzmununda nöqsan aşkar edildiyi göstərilmiş və bundan sora qanunsuz olaraq sözügedən akt tərtib edilmiş, akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 12960 həcmində hesablanmış dəymiş ziyan adlanan 1555,20 manat məbləğin ödənilməsi üçün abonent hesabına əlavə edilmişdir. Lakin, bu məbləğin abonent hesabına əlavə edilməsi və ondan tələb edilməsi əsassızdır. Belə ki, sayğac qazı fasilələrlə buraxdığı üçün yenisi ilə əvəz edilmiş, habelə sözügedən 31 mart 2023-cü il tarixli akt tərtib edilmişdir. Habelə, mübahisələndirilən akt Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın 77-ci bəndinə əməl edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarında qazdan istifadədə pozuntuya yol verilməsini təsdiq edən aktın tərtib olunmasının xüsusi qaydası müəyyən edilmişdir ki, bu pozuntunun baş verməsi yalnız həmin qaydalara riayət olunmaqla, tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt, yaxud sənəddə digər hər hansı pozuntunun olmasını əks etdirən nüanslar varsa, bu zaman onlar sübut kimi qəbul oluna bilməz. Bu tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda, müvafiq aktda onun qazdan istifadə zamanı pozuntuya yol verməsi göstərilməsinə baxmayaraq, həmin akt yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən sübut kimi iş üzrə hər hansı bir halın təsdiq edilməsində istifadə edilə bilməz. Həmçinin, sözügedən akt onun iştirakı olmadan tərtib edilmiş və adının qarşısında “imtina etdi” ifadəsi qeyd edilmişdir. Bundan başqa, itirilmiş qaz itkisi 90 gün müddətinə görə hesablanmışdır. Qazdan istifadə qaydalarına əsasən nasaz sayğacın 90 gün müddətində istismar olunmasının məsuliyyəti qazpaylayıcının üzərinə düşür ki, bu müddət ərzində də nəzarətçinin sayğaca 6 dəfə baxış keçirmək imkanı olmuşdur. Beləliklə, sayğacda baş verən hər hansı nasazlığa görə abonent cavabdehlik daşımır. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydalarının 4.8-ci müddəasına görə “fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar”. Həmçinin, dəymiş ziyan həcminin hesablanmasının əsasları, başqa sözlə hesablanma metodunda istinad edilən müvafiq normativ hüquqi akt göstərilməmişdir. Belə ki, tərtib edilən akt, qanunauyğun olsa belə, bu akta əsasən kreditor borcludan hesablanmış məbləği, yəni 1550,20 manatı, Azərbaycan Respublikasının MPM-nin 276.1ci maddəsinə görə tələb edə bilməzdi. Ona görə ki, kreditorun tələbi özünə görə aşkar olsa da, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azəriqaz” X1 RQİİ-nin Siyəzən xidməti sahəsi məhkəmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 03 mart 2016-cı il tarixli, 5188/2016 nömrəli “qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan 03 noyabr 2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsindəki fərdi yaşayış evinin “Zenner” tipli, G4 markalı, **********3 nömrəli sayğacını qazı buraxmadığı üçün çıxararaq “Elster” tipli, G4 markalı, 10272909 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 13594753 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Əli İlyasov, çilingər Ağası Məmmədov tərəfindən İddiaçı yaşadığı Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 31 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərinə vurulan zavod plastmas plombu və plomb yuvasının ətrafının kənar təsir nəticəsində əzilməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB Xaçmaz X3 İdarəsinin 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən və 11 aprel 2023-cü il tarixli abonent saldosundan görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 , orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə, hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 12960 hesablanaraq, borc 1555,20 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00050 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsindəki fərdi yaşayış evinin qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərinə vurulan zavod plastmas plombu və plomb yuvasının ətrafının kənar təsir nəticəsində əzilməsi, sayğacın istismara yararsız olması aşkar edilmiş, bu məqsədlə, 31 mart 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1555,20 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 31 mart 2023-cü il tarixdə yarandığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 4.2-ci bəndinə münasibətdə həmin vaxt qüvvədə olan müddəası tətbiq olunmalıdır. Bu Qaydaların (05 iyul 2023-cü il tarixinədək olan redaksiyada) 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 31 mart 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 31 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1555,20 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 1555,20- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 31 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar