Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-76/2022 23.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməklə ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə və Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞyə qarşı “aktın etibarsız hesab edilməklə ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 24 mart 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 219786 nömrəli aktın ləğv edilməsi və bu akta əsasən qanunsuz hesablanmış 151,23 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yalnız "xxxx" ASC-nin işdə cavabdeh qismində saxlanılmasını, digər cavabdeh Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ-nin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, bir neçə müddət olar Siyəzən şəhərinin 28 May küçəsində yeni tikilmiş fərdi yaşayış evində yaşamaqla, onunla cavabdeh arasında bağlanmış elektrik enerjisindən istifadə müqaviləsinə uyğun olaraq elektrik enerjisi istehlak edir. İstehlak etdiyi elektrik enerjisinin pulunu cavabdeh tərəfindən onun üçün yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacının göstəricilərinə uyğun olaraq vaxtlı-vaxtında ödəyir. Elektrik sayğacında problem əmələ gəldiyi üçün cavabdehə müraciət etmiş, həmçinin evinə gəlmiş Siyəzən EŞ-nin nümayəndələri sayğaca baxaraq, onun barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş EEİQ-ya uyğun olaraq tərtib etdikləri, R seriyalı, 219786 nömrəli aktda sayğacın giriş faz xəttinin sıxacının (klemanın) yandığını, göstəricinin oxunmadığını göstərmişlər. Sayğacın giriş faza xəttinin sıxacının (klemanın) yanmasının ona aidiyyəti yoxdur. Belə ki, sayğacın quraşdırılması və onun sazlanması satışla məşğul olan cavabdehin səlahiyyətinə aid olmaqla, onların vəzifəsinə daxildir və onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Bu səbəbdən də 24 mart 2021-ci il tarixdə tərtib edilmiş akt əsasında elektrik enerjisinin istehlakı ilə əlaqədar sayğacın göstəricisinin oxuna bilməməsi nəticəsində dövrü üçün hesablanmış pul məbləği düzgün hesablanmamışdır. Belə ki, ilkin olaraq həmin dövr üçün ona birinci dəfə cəmi 217,49 manat məbləğində borc bildirişi gəlmişdir. Bundan sonra o, 08 iyul 2021-ci il tarixli məktubla "xxxx" ASC-nin Şimal RET və Sİ-nin rəisinə müraciət edərək, yaşadığı evin yeni olmaqla, ora təzə köçdüyünü, evdə qaz olmadığından 2 ay işıqdan çox istifadə etdiyini, sonradan elektrik sayğacının yazdığı qədər ödəniş etdiyini göstərib, akt üzrə hesablamanı yenidən düzgün keçirilməsini xahiş etmişdir. Bu ərizəsindən sonra hesablanmış elektrik enerjisinin sərfiyyatı 217,49 manat azaldılmış, habelə 151,23 manat məbləğində saxlanılmışdır. "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ tərəfindən 24 mart 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 219786 nömrəli akt əsasında onun üçün elektrik enerjisi istehlakı üzrə 151,23 manat məbləğində pulun hesablanması əsassız və qeyri-qanunidir. Belə ki, həmin aktı tərtib edənlər onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş EEİQ-ya uyğun olaraq tərtib edildiyini qeyd, etsələr də, həmin qaydaların 8.33-cü bəndinin yəni, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir tələbini pozmuş, akt tərtib edərkən nümayəndələr tərəfindən 2 nəfər hal şahidinin iştirakı təmin olunmamış, onun münasibətini əks etdirən, mövqeyi aktda qeyd olunmamış və imzalamadığı aktın surəti ona verilməmişdir. Cavabdehin sayğacın klemasının yanması səbəbindən ondan elektrik enerji sərfıyyatına görə 151,23 manat məbləğində pul tələb etməsi qanunsuz və əsassızdır. Bu səbəbdən də o, məhkəməyə ərizə ilə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, 24 mart 2021-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin uçot dəstinə baxış keçirilən zaman mənzildə quraşdırılmış elektrik hesabat sayğacının sıxaclarının əriməsi nəticəsində axan yükü 100 % qeyd etməməsi halı aşkar olunmuşdur. Bundan əlavə, daha obyektiv yoxlama aparmaq məqsədilə axan yük ölçülən zaman xətdən faktiki olaraq 0,25 kvt (Pfaktiki= 0,25 kvt) yük axmasına baxmayaraq, sayğacın qeydə aldığı yük 0 kvt (Psayğac=0 kvt) olduğu məlum olmuşdur ki, bu barədə də aktda iddiaçının iştirakı ilə müvafiq qeydlər aparılmışdır. Bu hal bir daha sübut edir ki, mənzildə quraşdırılmış elektrik hesabat sayğacı istifadə olunmuş elektrik enerjisini qeydə almamışdır. Aktın tərtibi iddiaçının iştirakı ilə aparılmış və o, aktı imzalayaraq onun düzgünlüyünü təsdiq etmişdir. Qeyd olunan faktlarla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında 24 mart 2021-ci il tarixli, R seriyalı, 219786 nömrəli akt tərtib edilmişdir. Həmçinin, iddiaçı qeyd olunan mənzil üzrə elektrik enerjisindən istifadə etməklə, "xxxx" ASC ilə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Həmçinin, iddia ərizəsindən görünür ki, o, yuxanda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 10 iyul 2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin, eləcə də texniki şərtlərin surətindən görünür ki, bu müqavilə enerjitəchizatı müəssisəsi ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən şəhərinin 28 May küçəsində yerləşən fərdi yaşayış sahəsində elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədardır. İşdə olan "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ-nin aparıcı mühəndisi C.Əbdülov, nəzarətçi mühəndislər V.Ağayev və V.Baxşıyev tərəfindən Siyəzən şəhərinin 28 May küçəsində yerləşən İddiaçı yaşadığı fərdi evinə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 24 mart 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 219786 nömrəli aktın surətindən görünür ki, **********00486 abunə kodu olan fərdi yaşayış evinin elektrik sayğacının giriş faza xətti sıxacı (klema) yanmış, göstəricinin oxunması mümkün olmamışdır. Ampermaşa ilə aparılmış yoxlama zamanı Pfaktiki= 0,25 kvt, Psayğac=0 kvt olmuşdur. İşdə olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərin surətindən, eləcə də abunə haqqında təfərrüatlı məlumatdan görünür ki, **********00486 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının 24 mart 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 219786 nömrəli akt əsasında hesablanmış 151,23 manat borcu vardır. Bundan başqa, İddiaçı 24 mart 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 219786 nömrəli aktın qanunsuz olaraq tərtib edildiyini qeyd edərək, bu sənədin onun tərəfindən imzalanmadığını bildirdiyindən mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti ilə əlaqədar Siyəzən Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(059)-76/2022 saylı qərardadı əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli, 4/280 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(059)-76/2022 saylı mülki işin 11-ci vərəqində olan 24 mart 2021-ci il tarixli, R seriyalı, 219786 nömrəli aktın kserosurətində “Məişət abonenti” qrafasında “İddiaçı” yazılarının qarşısındakı əks olunmuş imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, rəydən görünür ki, 2(059)-76/2022 saylı mülki işin 11-ci vərəqində olan 24 mart 2021-ci il tarixli, R seriyalı, 219786 nömrəli aktın kserosurətində “Məişət abonenti” qrafasında “İddiaçı” yazılarının qarşısındakı əks olunmuş imzada oxşadılmaqla, icra olunma əlamətləri müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 120 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 24 mart 2021-ci il tarixdə **********00486 abunə kodu olan İddiaçı Siyəzən şəhərinin 28 May küçəsindəki fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman hasardan kənarda quraşdırılmış fərdi yaşayış evinin elektrik sayğacının giriş faza xəttinin sıxacının (klemanın) yanması, göstəricinin oxunmaması ilə bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin, istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 151,23 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. Sözügedən aktda iddiaçının iştirakı da göstərilsə də, bu akt sonuncu tərəfindən imzalanmamışdır. Bununla da, iddiaçı "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 17 aprel 2022-ci il tarixədək qüvvədə olan redaksiyasının 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin evdə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 17 aprel 2022-ci il tarixədək qüvvədə olan redaksiyasının 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin, Qaydalara görə yuxarıda qeyd edildiyi kimi akt, iki hal şahidinin iştirakı ilə iddiaçının yanında tərtib edilməmiş və imza etdirilməmişdir. Əlavə olaraq bildirilir ki, tərtib edilmiş akt, inzibati akt hesab olunmadığından bu akta görə hesablanmış borc məbləği cavabdeh Enerji təchizatı təşkilatı tərəfindən istehlakçıdan (məişət abonentindən-iddiaçıdan) məcburi qaydada alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Qərarının 3-cü hissəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 17 aprel 2022-ci il tarixədək qüvvədə olan redaksiyasının 7.11-ci bəndinin İ cümləsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı yaşadığı Siyəzən şəhərinin 28 May küçəsindəki fərdi yaşayış evi üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar yaranmış nöqsana səbəb olan təsirin birbaşa iddiaçı tərəfindən edilməsi barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, baş vermiş halların kimin təqsirindən yaranması istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan cavabdeh ASC-nin əməkdaşları tərəfindən 24 mart 2021ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda elektrik enerjisindən istifadə qaydalarında nöqsanların olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, elektrik enerjisindən istifadədə yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik işlədiciləri məhz iddiaçı tərəfdən şəbəkəyə birbaşa qoşulmalı, sonuncu yol verdiyi nöqsanı, onun nəticələrini və məsuliyyəti dərk etməlidir. Lakin, iddiaçı belə bir hala yol verməmiş, habelə fərdi yaşayış evinin sayğacında yaranmış qüsurla bağlı dərhal "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ-nin əməkdaşlarını xəbərdarlıq etsə də, sonuncular 24 mart 2021-ci il tarixdə iddiaçıya aid fərdi yaşayış evində elektrik enerjisinin istifadə qaydalarını yoxlayarkən mövcud pozuntunu aşkar etmişlər. Qeyd olunan hallar isə nəticə etibarilə İddiaçı təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, elektrik enerjisi istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Bununla da, sadalanan qanunvericilik aktı normalarına, eləcə də tədqiq edilmiş mötəbər sübutlara əsasən məhkəmə hesab edir ki, elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən sonuncuya əsassız hesablanmış 151,23 manat məbləğində borcun ödənilməsi vəzifəsinin aid edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ tərəfindən 24 mart 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı, 219786 nömrəli akta əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 151,23 (bir yüz əlli bir manat 23 qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Bununla belə, iddiaçının ödəməkdən azad edildiyi işə baxılması ilə əlaqədar olan məsrəfi, o cümlədən aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "Azərişıq” ASC Şimal RET və Sİ-nin Siyəzən EŞ tərəfindən 24 mart 2021ci il tarixdə tərtib edilmiş R seriyalı, 219786 nömrəli akta əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 151,23 (bir yüz əlli bir manat 23 qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən onun abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-76/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-76/2022
23.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver