Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-77/2024 04.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin X1 Nəzarət İdarəsi tərəfindən 06 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035428 saylı aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin artırılması, eləcə də iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini digər hissələrdə müdafiə etməklə, X1 Nəzarət İdarəsi tərəfindən 06 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035428 saylı akta əsasən hesablanmış 1129,23 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, yaşadığı Siyəzən şəhəri H. Əliyev küçəsindəki 138 nömrəli fərdi yaşayış evinin abonent kodu **********02366 olan 3751943M11160652 nömrəli elektrik sayğacı onun adınadır. Onun sayğacına hər ay nəzarətçi baxış keçirmiş, elektrik sərfiyatını qeyd etmişdir. Lakin, 06 noyabr 2023-cü il tarixdə cavabdeh ASC-nin X1 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən saat 06:13-də keçirilmiş yoxlanış zamanı sayğaca baxış keçirilmiş, bu vaxt guya sayğacın şəbəkə sxeminin yanlış olması aşkar edilmişdir. Belə ki, guya sayğacın giriş faza yuvasına sıfır, sıfır yuvasına isə faza xətti daxil edilmişdir. Halbuki, bu günə qədər sayğacın sxemi dəyişdirilməmiş, əvvəl qoşulduğu kimi istismar edilmişdir. Həmçinin, bu barədə müvafiq akt tərtib olunmaqla aktı R. Osmanov və A. Əlizadə adlı əməkdaşlar tərəfindən imzalanmışdır. Bundan əlavə, sayğaca səhər 06:13 radələrində baxış keçirilməsi gülünc doğurur. Eyni zamanda, sözügedən akt onların iştirakı olmadan tərtib edilmiş, habelə aktı o, imzalamamış və aktda “özünü təqdim etmədi” qeydi aparılmışdır. Bununla yanaşı, nəzarətçi hər ay sayğaca baxış keçirib göstəricisini qeyd etmişdir. Sayğaca heç bir kənar müdaxilə olmamış və plombu qırılmamışdır. Ona görə də, cavabdeh tərəfin tərtib etdiyi akt məzmunca həqiqəti əks etdirmədən məntiqsiz, formaca qüsurlu, qanuna zidd şəkildə tərtib olunmuşdur. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Halbuki, sözügedən aktdan məlum olur ki, bu akt hal şahidi və məişət abonenti olmadan tərtib edilmişdir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Lakin, məlum aktda “özünü təqim etmədi” qeyd edilmişdir ki, əgər o, bu aktın tərtibində iştirak etmiş olardısa aktın qeyd hissəsində müvafiq qeydlərini aparardı. Məlum olur ki, akt onun xəbəri olmadan, habelə dərhal yerində deyil, sonradan həmin ərazidən uzaqlaşmaqla tərtib edilmişdir ki, bu zaman akt qanunsuz hesab edilir. Həmçinin, aktın əslində tərtib olunma saatı da qeyd olunmamışdır. Eyni zamanda, sayğac evindən kənarda yerləşdirilmişdir. Bundan əlavə, akt yazılandan sonrakı vaxtlara da nəzər yetirilərsə onun bir ay ərzində təxminən ortalama 240 kvt, yəni 21-22 manat həcmində elektrik enerjisindən istifadə etməsi məlum olar. Eyni zamanda, bu haldan bir ay əvvəl də yoxlama aparılmış, lakin pozuntu aşkar olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, "Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 06 noyabr 2023-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus evin elektrik hesabat sayğacına baxış keçirilərkən, sayğacın şəbəkəyə qoşulma sxeminin yanlış olması məlum olmuşdur. Belə ki, sayğacın giriş faza yuvasına “SİFİR”, sıfır yuvasına isə “FAZA” xətti daxil edilmişdir. Kənar mənbədən verilmiş “SİFİR” xətti vasitəsilə sayğac qəsdən dövrədən kənarlaşdırılmışdır. Belə olan halda, kənar mənbədən götürülmüş xətdən axan yük Pkən=2,64 kvt, sayğacdan axan yük isə Psay=0kvt, sayğacdan axan qoyuluş gücü isə naqilin en kəsiyinə əsasən 2x10 mm-lik alüminium naqilin qoyuluş gücü P qoy=11 kvt təşkil edir. Bu fakt əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 8.17-ci bəndinin tələblərinə uyğun olaraq, 06 noyabr 2023-cü il tarixli, NDM seriyalı, 035428 saylı akt əsasında 1129,23 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Eyni zamanda, iddiaçı iddia müddətini keçirmişdir və buna görə də məhkəmə iddia müddətini keçməsi ilə əlaqədar iddiadan imtina edilməsi barədə müvafiq qərar qəbul etməlidir. Həmçinin, müəyyən edilir ki, iddiaçı mütəmadi olaraq kənar xətdən istifadə etmişdir. Bundan əlavə, İddiaçı sözügedən akta əsasən hesablanmış məlum borcu tam şəkildə qəbul edərək, 25 yanvar 2024-cü il tarixdə 1200 manat məbləğində ödəniş etmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "Azərişıq” ASC-nin əməkdaşları R. Osmanov və A. Əlizadə tərəfindən İddiaçı yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 06 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035428 saylı aktın surətindən görünür ki, sayğaca keçirilmiş baxış zamanı sayğacın giriş faza yuvasına “SİFİR”, sıfır yuvasına isə “FAZA” xəttinin daxil edilməsi, kənar mənbədən verilmiş “SİFİR” xətti vasitəsilə sayğacın dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Eyni zamanda, kənar xətdəki naqilin gücü =2,64 kvt, sayğacın gücü isə =0 kvt, naqilin en kəsiyinə əsasən 2x10 mm-lik alüminium naqilin qoyuluş gücü P qoy=11 kvt təşkil edir. İşdə olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərin surətindən, eləcə də abunə haqqında təfərrüatlı məlumatlardan görünür ki, sayğacına baxış keçirilən, **********02366 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının 06 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035428 saylı akt əsasında hesablanmış 1129,23 manat borcu vardır. İşdə olan məhkəmə iclasında tədqiq olunaraq, nümayiş etdirilən bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, İddiaçı yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlama zamanı sayğacın giriş faza yuvasına “SİFİR”, sıfır yuvasına isə “FAZA” xəttinin daxil edilməsi, kənar mənbədən verilmiş “SİFİR” xətti vasitəsilə sayğacın dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. İşdə olan "Azərişıq” ASC-nin “Xaçmaz” RETSİ-nin X3 04 mart 2024-cü il tarixli, 55 nömrəli arayışına əsasən müəyyən edilir ki, abonent kodu **********3 olan Turğa Dəmirova məxsus qeyri-yaşayış sahəsinin icarəçisi X5 elektrik enerjisinin dəyərini ödəyərkən yanlışlıqla **********02366 abonent koduna, İddiaçı hesabına 1200 manat ödəniş etmiş, habelə bu hal bərpa olunmaqla, sözügedən məbləğ əhali kodundan çıxarılaraq, qeyri-əhali koduna əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06 noyabr 2023-cü il tarixdə **********02366 abunə kodu olan İddiaçı yaşadığı Siyəzən şəhəri H. Əliyev küçəsindəki 138 nömrəli fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman sayğacın giriş faza yuvasına “SİFİR”, sıfır yuvasına isə “FAZA” xəttinin daxil edilməsi, kənar mənbədən verilmiş “SİFİR” xətti vasitəsilə sayğacın dövrədən kənarlaşdırılması ilə bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1129,23 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. Lakin, sözügedən akt iddiaçı tərəfindən imzalanmamışdır. Bununla da, iddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli, 14 nömrəli Qərarına əsasən əhali istehlakçı qrupuna daxil olan şəxslər üçün elektrik enerjisinin ölkədaxili tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik/kVts, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik/kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik/kVts müəyyən edilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhəri H. Əliyev küçəsindəki 138 nömrəli fərdi yaşayış evi üzrə elektrik sayğacının giriş faza yuvasına “SİFİR”, sıfır yuvasına isə “FAZA” xəttinin daxil edilməsi, kənar mənbədən verilmiş “SİFİR” xətti vasitəsilə sayğacın dövrədən kənarlaşdırılması halı aşkar edilmiş, habelə bununla əlaqədar 06 noyabr 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlarla bu qanunsuz qoşulma və elektrik enerjisindən istifadə halının 240 gün deyil, cəmi 27 gün olduğu, bu müddət ərzində qanunsuz istifadə edilmiş elektrik enerjisinin dəyərinin isə 122,14 manat olması müəyyən edilmişdir ((2,64x0,7x24x27-240 kvts=958 kvts, 60 kvts x 0,09 manat (tarif) = 5,40 manat, 898 kvts x 0,13 manat (tarif) = 116,74 manat)). Belə ki, əgər nəzərə alsaq ki, sözügedən sayğaca qanunsuz qoşulma olmamışdan əvvəl, sonuncu baxış 10 oktyabr 2023-cü il tarixdə keçirilmiş, onda itirilmiş elektrik enerjisi ilə bağlı hesablama bu tarixdən başlamaqla, iddiaçı tərəfindən elektrik şəbəkəsinə qanunsuz qoşulma halının davam etdiyi 06 noyabr 2023-cü il tarixədək, yəni qanunsuz qoşulma halı aşkar olunanadək hesablanmalıdır. Bu mənada, mübahisəli borc məbləğinin 122,14 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Eyni zamanda, məhkəmə, cavabdehin etirazının “iddiaçı iddia müddətini keçmişdir və buna görə də məhkəmə iddia müddətini keçməsi ilə əlaqədar iddiadan imtina etməsi barədə müvafiq qərar qəbul etməlidir” hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin istinad etdiyi bu hallar bir cümlədən ibarət olmaqla, mülki məcəllənin iddia müddətinin tətbiq edilməsi üçün nəzərdə tutulan hallardan hansına şamil edildiyi, nədən ibarət olduğu göstərilməmiş, həmçinin iddia müddətinin tətbiq edilməsinin hüquqi əsasları etirazda qeyd olunmamışdır. Eyni zamanda, İddiaçı ilə "xxxx" ASC arasında olan müqavilə vaxtaşırı icra edilməli olan öhdəliklərlə bağlı olduğundan və bu tipli tələblər üzrə iddia müddəti 3 il müəyyən edildiyindən mülki qanunvericilikdə (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin İİ və İİİ hissələri) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu Məcəllənin 373-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bundan başqa, məhkəmə, cavabdehin etirazının “İddiaçı 06 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035428 nömrəli akta əsasən hesablanmış 1129,23 manat məbləğində borcu tam şəkildə qəbul edərək, 25 yanvar 2024-cü il tarixdə 1200 manat məbləğində ödəniş etmişdir” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh bu faktın əsası kimi istinad etdiyi dəlillər öz təsdiqini tapmamaqla, bu pulun texniki yanlışlıqla iddiaçının hesabına ödənilməsi müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "Azərişıq” ASC-nin “Xaçmaz” RETSİ-nin X3 arayışına əsasən X2 1200 manat məbləğində pulu yanlışlıqla əhali istehlakçı qrupuna daxil olan **********02366 abonent koduna, yəni İddiaçı hesabına köçürməsi, habelə sonradan bu hal bərpa olunmaqla, pulun qeyri-əhali istehlakçı qrupuna daxil olan **********3 abonent koduna, Turğa Dəmirovun hesabına qaytarılması işin mübahisələndirilməyən halına çevrilmişdir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsi tərəfindən 06 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035428 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1007,09 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsi tərəfindən 06 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 035428 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1007,09 (bir min yeddi manat 09 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-77/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-77/2024
04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver