Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-803/2024 04.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın qanunsuz hesab edilərək, ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın qanunsuz hesab edilərək, ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli aktın qanunsuz hesab edilməklə, ləğv edilməsi, bu akt üzrə hesablanmış 777,60 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 2024-cü ilin yanvar ayında gecə vaxtı işdən evə qayıdarkən Rafiq adlı qonşusu Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən qaz sayğacının yoxlanılması və ona məxsus sayğacda maqnit aşkar edilməsi barədə məlumat vermişdir. Bundan 1 ay sonra istifadə etdiyi qaz sərfiyyatının dəyərinin ödənilməsi haqqında aldığı bildirişdə qalıq borcun məbləğinin 777,60 manat artıq olduğunu görmüş və bu məsələni öyrənmək üçün cavabdeh Birliyin Xaçmaz RQİİ-nin Siyəzən Qaz Xidmət Sahəsinə getmişdir. Orada hazırda ləğvini tələb etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 yanvar 2024-cü il tarixli, ******* nömrəli akt ona təqdim edilmişdir. Bundan sonra, dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında ziyanın həcmi 90 gün müddətinə qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 777,60 manat məbləğində ziyan hesablanmışdır. Mübahisənin yaranmasına səbəb olmuş iddiaçıya məxsus qaz sayğacı fərdi yaşayış evinin hasarının xaricində, habelə sayğaca kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş halda yerləşir. Qanuna görə qaz sayğacının saz vəziyyətdə olmasına (saxlanmasına) birbaşa qazpaylayıcı cavabdehlik daşıdığından qaz sayğacına mütəmadi diqqət yetirmirlər. Başqa sözlə, qaz sayğacının işlək vəziyyətdə olmasına, habelə istismarına nəzarət etmək kimi bir öhdəlikləri də yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 2.2.5-ci bəndinə əsasən aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, paylayıcının hüquqlarıdır. Odur ki, mübahisələndirilən aktda iddiaçı tərəfindən qazdan istifadə zamanı pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq, həmin akt yuxarda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Sözügedən aktda istehlakçının onu imza etməkdən imtina etməsi ilə bağlı qeydiyyat aparılmasına baxmayaraq, iddiaçının həmin aktı həqiqətən də imzalamaqdan imtina etməsi mübahisənin həllində maraqlı olan cavabdehin əməkdaşlarının imzasından başqa heç bir sübutla təsdiq edilməmişdir. Habelə, soyadının qarşısında “imtina" qeydi yazılsa da, bütün bu sənədlərin tərtib edilməsindən xəbəri və iştirakı olmamışdır. “Təbi qazdan istifadə qaydalarının pozulması haqqında” sözügedən akt qanuni olsa da, inzibati akt hesab olunmadığından, istehlakçıya münasibətdə heç bir məcburi hüquq və vəzifələr yaratmaq qüvvəsinə malik olmadığına görə bu akta əsasən hesablanmış 777,60 manat məbləğində zərər “Azəriqaz “ASC tərəfindən abonent hesabına əlavə edilib istehlakçıdan məcburi qaydada tələb edilə bilməz. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcının özü daşıyır. Belə olan halda, sayğacın işlək vəziyyətdə saxlanmasına görə onun üzərinə hər hansı vəzifə qoyula bilməz. Hesab edir ki, onun əməlinin nəticəsində cavabdehə ziyan vurulmamışdır. Bu baxımdan cavabdeh tərəfindən tərtib olunmuş 29 yanvar 2024-cü il tarixli, ******* nömrəli akt üzrə ona hesablanmış ziyan qanunsuz və əsassızdır. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Odur ki, göstərilən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, iş sıxlığı ilə əlaqədar iclasın iştirakları olmadan keçirilməsini və iddianın > təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Buna görə də məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Xaçmaz RQİİ-nin Siyəzən xidməti sahəsi məhkəmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh Xaçmaz X2 İdarəsinin İşçi Qrupunun nümayəndələri Vüqar Haqverdiyev, Eldəniz Əzizi, Pərviz Məmmədzadə, eləcə də, Siyəzən Xidmət Sahəsinin əməkdaşı Vadim Ağayev tərəfindən İddiaçı yaşadığı Siyəzən şəhəri, H. Aslanov küçəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 29 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin ünvanındakı qaz sayğacına baxış keçirilmiş və bu zaman sayğacın üzərində sayğacdan keçən qazın həcminin qeydə almasına mane olan maqnit aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X2 İdarəsinin 02 fevral 2024cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, eləcə də 19 aprel 2024-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, İddiaçı qaz xəttinə quraşdırılmış G4 markalı, **********0 saylı sayğaca ümumi baxış keçirilmiş və bu zaman sayğacın üzərinə yapışdırılmış maqnitin hesablama mexanizminin iş prinsipinə maneə törətməsi aşkar edilmiş, bu səbəbdən də 6480 m3, yəni 777,60 manat ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB-nin Xaçmaz X2 İdarəsinin əməkdaşları tərəfindən **********00100 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhəri, H. Aslanov küçəsindəki fərdi yaşayış evinin qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın üzərində sayğacdan keçən qazın həcminin sərfiyyatını qeydə almasına mane olan maqnit aşkar edilmiş, bu məqsədlə, 29 yanvar 2024-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, qaz paylayıcısı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 777,60 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, cavabdeh "Azəriqaz" İB-nin Xaçmaz X2 İdarəsinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Bu Qanunun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Sözügedən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunan Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Yenə həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhəri, H.Aslanov küçəsindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacı üzrə nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı ilə bağlı yaranmış nöqsana səbəb olan təsirin kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 29 yanvar 2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanın baş verməsinin birbaşa istehlakçı ilə bağlı olmasına dair sübut olmalıdır. Mövcud vəziyyətdə isə, istehlakçının təqsirli olmasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsinə, habelə onun qazın talanmasında təqsirli olmasını təsbit edən müvafiq qərarın olmasına dair cavabdeh tərəfindən hər hansı bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən 29 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən 29 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-803/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-803/2024
04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver