Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-82/2021 17.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 oktyabr 2019-cu il tarixli, UNİ-3031 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçı ASC-nin xeyrinə həmin müqaviləyə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 31 iyul 2020-ci il tarixə olan 1534,08 manat əsas, 18,89 manat mükafat borcunun, eləcə də həmin günə hesablanmış 640,24 manat dəbbə pulunun, həmçinin 530 manat dəymiş zərər olmaqla, cəmi 2723,21 manat məbləğində borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli "xxxx"nə əsasən iddiaçı ASC-nin mülkiyyətində olan “Samand SE” minik markalı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 1% hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 311,56 manat, ümumilikdə isə 7477 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 7747 manatın 7400 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Samand SE” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 530 manat ziyan dəydiyi müəyyən edilmişdir. Lizinq alan Cavabdeh "xxxx"nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə isə 31 iyul 2020-ci il tarixə cəmi 2193,21 manat borcu vardır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş isə 12 mart 2020-ci il tarixdə 845 manat məbləğində olmuşdur. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, onunla İddiaçı ASC arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli "xxxx"nə əsasən iddiaçı ASC-nin mülkiyyətində olan “Samand SE” minik markalı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən o, illik 1% hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 311,56 manat, ümumilikdə isə 7477 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Aylıq ödənişləri bir müddət vaxtında ödəsə də, son vaxtlar müəyyən gecikmələr olmuş, bu səbəbdən də onun müvəqqəti istifadəsinə verilmiş “Samand SE” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 530 manat ziyan dəydiyi müəyyən edilmişdir. Avtomobilə dəymiş ziyanın məbləği ilə razı olsa da, iddia tələbində əsas, mükafat və dəbbə pulu məbləği çox hesablandığından bununla razılaşmır. Odur ki, iddia tələbini qismən, yəni ekspert rəyində göstərilən məbləğdə qəbul edir və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 17 oktyabr 2019-cu il tarixli, UNİ-3031 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NAAC91CC9EF710108 ban nömrəli, qara rəngli avtomobili) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 25 aprel 2014-cü il tarixdə verilmiş AC seriyalı, 227994 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NAAC91CC9EF710108 ban nömrəli, qara rəngli avtomobilin sahibi "xxxx" ASC-dir. İşdə olan "xxxx" MMC (VÖEN **********) tərəfindən 21 avqust 2020-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Cavabdeh istifadəsində olmuş 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşına 530 manat məbləğində zərər dəymişdir. İşdə olan "xxxx" ASC tərəfindən 19 fevral 2021-ci il tarixdə tərtib edilmiş, 116 nömrəli arayışdan görünür ki, Cavabdeh daxili lizinq müqaviləsi üzrə borcu, əsas məbləğ üzrə 1534,08 manat, mükafat məbləği üzrə 18,89 manat, cərimə üzrə 640,24 manat olmaqla, cəmi 2193,21 manat təşkil edir. İşdə olan xəbərdarlıqlardan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 9/1341 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 21 avqust 2020-ci il tarixli qüsur akt məlumatlarına əsasən Cavabdeh istifadəsində olmuş 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 530 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 9/1341 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 9/1417 saylı ekspert rəyindən görünür ki, 17 oktyabr 2019-cu il tarixli, UNİ-3031 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə 31 iyul 2020-ci il tarixə olan borcu əsas məbləğ üzrə 1319,04 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 9/1417 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 manat təşkil edir. İşdə olan 14 oktyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı bağlanmış daxili lizinq müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, daxili lizinq müqaviləsinin əlavəsinə əsasən, 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşın 24 ay müddətinə hər ayın 17-dən gec olmamaqla hər ay 311,56 manat, sonuncu ay isə 311,42 manat ödənilməsi şərti ilə Cavabdeh oğluna lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. İş materiallarından, o cümlədən ekspert rəyindən müəyyən olunur ki, cavabdehin 31 iyul 2020-ci il tarixə iddiaçı ASC-yə gecikdirilmiş mükafat borcu mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının 1319,04 manat olan əsas borc üzrə 640,24 manat məbləğində dəbbə pulu hesablaması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 640,24 manat məbləğində hesablanmış dəbbə pulunun 131 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müafiq olaraq, yazılı formada bağlanmış öhdəliklərin ötürülməsi və lizinq müqavilələrinin şərtlərinə əməl etməməklə lizinq verən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 1319,04 manat, dəbbə üzrə 131 manat, cəmi 1450,04 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməklə pul məbləğini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Bundan əlavə, İddiaçı ASC Cavabdeh oğlundan avtomobilin 31 iyul 2020-ci il tarixədək cavabdehin istifadəsində olduğu müddət ərzində yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş 530 manat zərərin tutulmasını xahiş etmişdir ki, məhkəmə tələbin bu hissəsini əsaslı hesab etməklə təmin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Bu Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Bu Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Yenə bu Məcəllənin 748-1-ci maddəsinin 5-ci və 7-ci hissəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinin 4.4.1-4.4.3-cü yarımbəndlərinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməyi, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamağı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişlərini qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı ASC-yə məxsus olmaqla Cavabdeh etibarnaməli idarəçiliyində olmuş “Samand SE” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdehin müvəqqəti sahibliyində və istifadəsində olduğu müddət ərzində, yəni 31 iyul 2020-ci il tarixə kimi sonuncu tərəfindən istismar edilərkən Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin, habelə Lizinq müqaviləsinin şərtlərini pozulmuş, nəticədə ekspert rəyinə əsasən iddiaçıya 530 manat məbləğində maddi zərər dəymişdir ki, bununla da iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən də, iddianın maddi zərərə dair hissəsi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 17 oktyabr 2019-cu il tarixdə bağlanmış avtomobilin lizinqə verilməsi barədə UNİ-3031 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 1319,04 manat əsas borc, 131 manat dəbbə pulu, 530 manat dəymiş zərər, cəmi 1980,04 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 73 %-i, yəni 21,90 manatı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq, mühasibatlıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 250 (iki yüz əlli) manatın 27 %-i, yəni 67,50 (altmış yeddi manat 50 qəpik) manatı İddiaçı ASC-dən, 73 %-i, yəni 182,50 (bir yüz səksən iki manat 50 qəpik) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 17 oktyabr 2019-cu il tarixdə bağlanmış avtomobilin lizinqə verilməsi barədə UNİ- 3031 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 1319,04 manat əsas borc, 131 manat dəbbə pulu, 530 manat dəymiş zərər, cəmi 1980,04 (bir min doqquz yüz səksən manat 04 qəpik) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 73 %-i, yəni 21,90 (iyirmi bir manat 90 qəpik) manatı İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə əmtəəşünaslıq, mühasibatlıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 250 (iki yüz əlli) manatın 27 %-i, yəni 67,50 (altmış yeddi manat 50 qəpik) manatı İddiaçı ASC-dən, 73 %-i, yəni 182,50 (bir yüz səksən iki manat 50 qəpik) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-82/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-82/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver