Məhkəmə qərarları › İş №2(059)-96/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-96/2023

19.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-96/2023 19.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X3 mülkiyyət hüququ ilə məxsus olmuş, ölümündən sonra onun miras əmlak kütləsinə daxil olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın 18-ci mənzilində yerləşən 4 otaqlı mənzilin birinci növbə vərəsələr arasında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum anası X4 02 noyabr 1954-cü il tarixdə mərhum atası X22 ilə rəsmi nikaha daxil olmaqla, evlənmiş, onların bu nikahından on övladları doğulmuşdur. Həmin uşaqlardan biri ölmüş digər doqquzu isə hal-hazırda sağdırlar. X45 X28dan əvvəl, sonuncu isə 23 aprel 2006-cı il tarixdə ölmüşdür. X13 ölümündən sonra mülkiyyət hüququ ilə sonuncuya məxsus olmuş Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın dörd otaqdan ibarət 18-ci mənzili ondan miras qalmış, habelə mərhum anası mirasla əlaqədar vəsiyyətnamə qoymamışdır. Birinci növbə vərəsələr arasında həmin miras əmlakın bölgüsü ilə əlaqədar razılıq əldə olunmamışdır. Belə ki, o, bu yaxınlara qədər bacı və qardaşları ilə razılığa gəlməklə, mərhum analarının miras kütləsinə daxil olan həmin mənzili birinci növbə vərəsələr arasında razılıqları əsasında bölünməsinə çalışsa da, cəhdlər etməsinə baxmayaraq, buna nail ola bilməmişdir. Bununla əlaqədar o, mirasın qəbulu ilə bağlı ərizə ilə Siyəzən rayon Dövlət Notariat Ofisinə müraciət edərək, ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, habelə ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli tarixli Qərarındakı hüquqi mövqeyinə əsaslansa da, sorğusuna cavab verən Siyəzən rayon Dövlət Notariat Ofisinin notariusu vəzifəsini icra edən Kamran Muradovun 18 yanvar 2022-ci il tarixli, 10 nömrəli məktubunda, 23 aprel 2006-cı il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış əmlaka dair Cavabdeh 28 iyul 2020-ci il tarixli müraciətinə əsasən 8V-31 reyestr nömrəli vərəsəlik işi açıldığı, onun isə xx.xx.2022-ci il tarixdə mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etməsinə baxmayaraq, mərhum anasından miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinə müraciət etməli olması qeyd edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, anaları Nənəxanım vəfat edərkən sözügedən mənzildə bacısı Nüşabə qızı Fatma ilə birlikdə yaşamışdır. Eyni zamanda, o, həmin mənzildə heç vaxt qeydiyyatda olmamış, hazırda da deyildir. Belə ki, həmin evdə mərhum qardaşı Soltan, sonuncunun arvadı Xədicə, oğulları Tofiq, Cəmil və Ülvi qeydiyyatda olmuşlar. Anası ölərkən orada təkcə Nüşabə yaşamış, sonuncu anası xəstə olarkən ona baxmışdır. 2011-ci ildə Nüşabə yenidən ərinin evinə qayıdaraq, orada yaşayarkən, qonşular kanalizasiya xəttindən şikayətlərini ona bildirməklə, problem aradan qaldırılmazsa, icra qurumuna şikayət edib, mənzilin dövlətə verilməsini tələb edəcəklərini qeyd etdikdə, o, bu mənzili təmir etdirib, Dövlət Təhükəsizlik Xidmətinin əməkdaşına kirayəyə vermişdir. Hətta, 100 manat kirayə pulunu həmin vaxt əməliyyat olunmuş qardaşı Nadirə vermişdir. Sonradan bacısı Nüşabə yenidən ər evindən qayıdıb, orada yaşamağa başlamışdır. Hazırda bu mənzildə təkcə qardaşı Nadir ailə üzləri olan (qızları evlənib) arvadı və oğlu Eldəniz ilə birgə yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X23 əlavə izahatı olmamasını bildirib, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, mərhum atası Tahirə iş yerindən dörd otaqlı ev təklif olunmasına baxmayaraq, o, qardaşı Ziyadullanın evli olması ilə əlaqədar sonuncunun xeyrinə bir otaqla razılaşıb, əvəzində Ziyadulla üçün Siyəzən şəhərinin C. Cabbarlı küçəsində ayrıca ev almışdır. 1981-ci ildən ailələrinə verilən mübahisəli mənzilin verildiyi tarixdən keçən 42 il ərzində qardaşı olan İddiaçı bu mənzildə yaşamamış və heç vaxt qeydiyyatda olmamışdır. O, isə 1981-ci ildən mübahisə predmetini təşkil edən mənzildə yaşamağa başlamışdır. Həmçinin, 01 sentyabr 2001-ci il tarixdə arvadı Sünbülə Tahirova hazırda mübahisəli olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 nömrəli evin 18-ci mənzilinə gəlin köçüb, yaşamağa başlamış və sonuncu hazırda da orada qeydiyyatdadır. X28 23 aprel 2006-cı il tarixdə vəfat edərkən o, H.Aslanov küçəsindəki 7 nömrəli evdə ailə üzvləri ilə birlikdə qalmışdır. Çünki, bacısı Nüşabə ərindən ayrıldığı üçün sözügedən mənzilə yaşamağa gəlmiş, o, da mərhum anasının məsləhəti ilə 2004-cü ildə mübahisə predmetini təşkil edən mənzili tərk edərək, mərhum atasına məxsus ünvan 1 ünvanında yerləşən yarımçıq tikilidə əlavə təmir-tikinti işləri aparıb, sonuncu qeyd edilən ünvana köçmüşdür. Daha sonra, mərhum qardaşı X31 şəhərinin H. Aslanov küçəsindəki 7 nömrəli evin adına sənədləşdirməsi üçün pul və etibarnamə versə də, savadsızlığından istifadə edən Soltan Tahirov bu evi onun deyil, öz adına sənədləşdirmiş, habelə, sonradan məhkəmə qərarı ilə onu həmin evdən çıxarmışdır. Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən həmin ilin may ayında Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 nömrəli evin 18-ci mənzilinə köçməklə, hazırda da bu mənzildə ailə üzvləri ilə yaşayır. O, sözügedən mənzilə köçərkən, əvvəllər həmin mənzildə yaşayan bacısı Nüşabə Tahirova mənzili tərk edib getmişdir. Digər bacı və qardaşları gəlib-getsələr də, bu mənzildə daimi yaşayan təkcə o, arvadı və üç övladı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahatında göstərdi ki, o, 1981-ci ildən ailələrinə verilən mübahisəli mənzilə köçərək, 1999-cu ilədək orada yaşamış, sonuncu tarixdən isə mərhum ərinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən evinə köçüb getmişdir. 2000-ci ildə hamiləliyi pis keçirdiyi üçün mübahisəli mənzilə qayıtmaqla, həmin tarixdən təxminən 2010-cu ilədək bu mənzildə yaşamışdır. Təxminən 2010-2011-ci illərdə mərhum qaynanası xəstə olarkən, sonuncuya baxmaqdan ötrü yenidən Bakı şəhərinin Qaradağ rayonundakı evə qayıtsa da, 2011-ci ildə qaynanasının “qırx” mərasimi veriləndən sonra, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 nömrəli evin 18-ci mənzilinə gəlib, yaşamağa başlamış, lakin, Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən həmin ilin may ayının 24-də mübahisəli mənzilə qardaşı Cavabdeh ailə üzvləri ilə birgə köçdükdən sonra, həmin vaxtdan hal-hazıradək qızı Fatimə ilə birgə kirayələrdə qalır. Maddi vəziyyəti ağır olduğundan kirayə haqqı ödəməkdə çətinlik çəkir. Ona görə də, miras kütləsini təşkil edən Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 nömrəli evin 18-ci mənzilindən bir otağın ona ayrılıb verilməsini xahiş edir, qalan üç otağın isə digər övladlar arasında bölünməsinə etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X20, X24, X6, X14, Tahirova (Poladova) Zeynab Tahir qızı, X10, X25, X26, X30 və Siyəzən rayon Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin, o cümlədən nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında göstərmişdir ki, o, 1982-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsinə ərə getmiş, hazırda daimi yaşayış yeri oradır. Anası Nənəxanım ölərkən mübahisəli mənzildə vərəsələrdən təkcə bacısı Nüşabə yaşamış, anasının vəfatından 3-4 ay sonra isə bacısı Nüşabə qaynanasının evinə getmişdir. 2011-ci ildə qardaşı Ziyadulla mənzildə cüzi təmir işləri aparmış, sonradan qardaşının bu mənzilə kirayəçi gətirməsini eşitdikdə, bacısı Nüşabəyə məlumat vermiş, sonuncu da sözügedən mənzilə köçmüşdür. Əri 3 il bundan əvvəl vəfat etmiş, o da, 1-2 ay olar qayıdıb miras qalmış mənzilə gəlmişdir. Belə ki, yaşadığı ərazidə xəstəxana uzaq məsafədə olduğundan, xəstə olarkən anasından miras qalan mənzilə gəlir. Bu mənzildə hazırda o, qardaşı Nadir, onun arvadı və oğlu yaşayırlar. Sözügedən mənzildə yaşamaq hüququ, eləcə də pay istəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahatında göstərmişdir ki, o, 1979-cu ildən mübahisəli mənzildən Siyəzən rayonunun Zarat kəndinə gəlin köçmüş və hazırda da orada daimi qalır. Anası Nənəxanım vəfat edərkən onun yanında təkcə bacısı Nüşabə qızı Fatimə ilə birgə yaşamışdır. O, həmin mənzildən pay istəmir. Odur ki, iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 izahatında göstərmişdir ki, o, 1982-ci ildə anası Xədicə Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 nömrəli evin 18-ci mənzilinə gəlin köçmüşdür. O, İ sinifdə oxuyarkən onlar bu mənzili tərk edib, Siyəzən şəhərinin H.Aslanov küçəsindəki digər evə köçmüşlər. Nənəsi Nənəxanım ölərkən o, həmin mənzildə yaşamamışdır. Təkcə bibisi Nüşabə orada yaşamış, həmçinin əmiləri, onların qızları da nənəsinə xəstə vaxtında baxıb qulluq etmişlər. Odur ki, mərhum atası Soltana düşən paydan o da pay istəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, Siyəzən kənd soveti tərəfindən 02 noyabr 1954-cü il tarixdə verilmiş ИЕ seriyalı, 131916 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X7 02 noyabr 1954-cü il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün vətəndaşlıq vəziyyəti aktları kitabında 6 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Tahirova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X21 02 fevral 1972-ci il tarixdə, X8 15 sentyabr 1964-cü il tarixdə, X18 isə 30 sentyabr 1976-cı il tarixdə Siyəzən şəhərində Tahir Tahirovun və Nənəxanım Tahirovanın birgə nikahından doğulmuşlar. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 dekabr 2019-cu il tarixdə verilmiş İV-İQ seriyalı, 289228 nömrəli arayışdan, 10 may 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 176231 nömrəli və 13 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 846314 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X22 20 oktyabr 1990-cı, X4 23 aprel 2006-cı, X27 isə 06 yanvar 2017-ci il tarixdə ölmüşlər. İşdə olan Abşeron rayon X5 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 09 mart 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 48 saylı evin ümumi sahəsi 76,3 kv.m-dən ibarət 18-ci mənzili mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(059)-120/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh və X11 övladları 03 mart 2003-cü il təvəllüdlü Aydan, 11 iyun 2004-cü il təvəllüdlü Aynur, 07 iyul 2005-ci il təvəllüdlü Eldəniz ilə birlikdə Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki 48 saylı evin 18-ci mənzilinə köçürülməklə, oradan maneəsiz istifadə etmələri qət edilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 18 yanvar 2022-ci il tarixli, 10 nömrəli məktubundan görünür ki, məktubda, Cavabdeh 28 iyul 2020-ci il tarixli müraciətinə əsasən 8V-31 reyestr nömrəli vərəsəlik işinin açıldığı, həmçinin İddiaçı 18 yanvar 2022-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, 23 aprel 2006-cı il tarixdə ölmüş mərhum anası X1 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətlər keçdiyinə görə ona Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinə müraciət etməli olduğu göstərilmişdir. İşdə olan 30 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, iddia tələbinə məhkəmədə baxılması üçün İddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinin İ və İİ hissələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1159-cu maddəsinin İ hissəsinin İ bəndinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü 6 təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən olundu ki, iddiaçı valideyninin öldüyü vaxtı və anasının mülkiyyətində mübahisə predmeti olan mənzilin olduğunu bilmişdir. Lakin, o, mirasın açıldığı vaxtdan, yəni X13 öldüyü 23 aprel 2006-cı il tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat ofisinə miras kütləsinin (mübahisə predmeti olan mənzilin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Nəticədə iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 mart 2019cu il tarixli qətnaməsindən də göründüyü kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nüşabə Tahirova 1981-ci ildə mərhum atası X38 şəhəri, T.İsmayılov küçəsi ev 48, mənzil 18 ünvanında 4 otaqdan ibarət mənzili aldıqdan sonra həmin mənzilə köçmüş, evləndikdən sonra digər bacı-qardaşları kimi o, da mübahisəli ünvandan başqa yaşayış evinə köçsə də, nikahı 2003-cü ildə pozulduqdan sonra həmin ilin mart ayından etibarən mübahisəli mənzilə qayıtmış və qızı Fatimə Novruzova ilə bu mənzildə yaşamağa başlamış, həmçinin bu qətnamə ilə Cavabdeh, sonuncunun arvadı Sünbülə Tahirovanın övladları 03 mart 2003-cü il təvəllüdlü Aydan, 11 iyun 2004-cü il təvəllüdlü Aynur, 07 iyul 2005-ci il təvəllüdlü Eldəniz ilə birlikdə mübahisəli mənzilinə köçürülməklə, oradan maneəsiz istifadə etmələri qət edilmişdir. Həmçinin, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara (iddiaçı G.Atamova tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsinə, əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına) hüquqi qiymət verərək və Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrini tətbiq edərək, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçı G.Atamovanın apellyasiya şikayətində irəli sürdüyü dəlillərə, yəni miras qoyan İ.İsayevə məxsus olan əşyaların (palaz, taxtçarpayı və yataq ləvazimatları) iddiaçının anası tərəfindən ona verilməsinə, mübahisəli evin bir hissəsinin kirayə verilməsinə, bununla da miras əmlakın qəbul edilməsinə əsaslanaraq və Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normalarına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olubolmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə G.Qəhrəmanovanın Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olmuşdur. Bu mənada qeyd olunur ki, iddiaçı izahatında mübahisəli mənzili qonşuların kanalizasiya xəttindən şikayətlənmələri əsasında təmir etdirib, Dövlət Təhükəsizlik Xidmətinin əməkdaşına kirayəyə verməsini qeyd etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə əsasən bu hal miras əmlakın faktiki qəbul edilməsinə dəlalət etməməklə, yanaşı mötəbər sübut və ya sənədlərlə təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar