Məhkəmə qərarları › İş №2(060)-1000/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1000/2022

10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1000/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Mirzəcan oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/12, mənzil 66-ya dair əsassız olaraq hesablanmış 430 manat 20 qəpik məbləğində cərimənin və sayğacın dəyəri kimi tələb olunan 64 manat 67 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mkr, ev 3/12, mənzil 66 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qeyd edir ki, 29.11.2021-ci il tarixdə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır. Ona görə də 29.11.2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuş, Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıq olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64 manat 67 qəpik ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməsi tələb olunur. Həmçinin sonradan ona məlum olmuşdur ki, sayğacın dəyərindən əlavə ona 430 manat 20 qəpik məbləğində cərimə də hesablanıb. Bu barədə cavabdeh təşkilata öz etirazını bildirmişdir. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, aktın əsasında əsassız olaraq hesablanmış cərimə və sayğacın dəyəri kimi ondan tələb olunan borc silinməlidir. Qeyd edir ki, yaşadığı evin qaz sayğacı evindən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o, məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmayıb. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasında xəbərsiz olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbi əsassızdır, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış evinə aid sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, itirilmiş qazın və sayğacın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21.11.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 12/3 saylı evin, 66 saylı mənzilinə aid qaz sayğacının yoxlanılması zamanı sayğacın hesablanma mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olduğu aşkar olunmuşdur. 10.12.2021-ci il tarixli “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” arayışdan görünür ki, G-4 markalı ******* nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablanma mexanizminin qoruyucu plastmas qapağı sınıq olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Sayğacın dəyəri 64,67 manatın abonent tərəfindən ödənilməsi tələb olunur. 26.01.2022-ci il tarixdə verilmiş Abonentin Saldosundan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 12/3 saylı evin, 66 saylı mənzilinə (abonent kodu **********00660) akta görə 432 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi vəquraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mənzili qaz ilə təhciz edilib, qazdan istifadəsi üçün sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyn tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək və MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı qanunvericiliyin göstərişlərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, sayğacın dəyəri olaraq hesablanmış 64,67 manat və akta görə hesablanmış 430,2 manat borc **********00660 saylı abonent hesabından silinməlidir. MPM-nin 119-cu maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, 3/12 saylı evin, 66 saylı mənzilə quraşdırılmış yeni sayğacın dəyəri olaraq tələb olunan 64,67 (altmış dörd manat, altmış yeddi qəpik) manat borc və akta görə hesablanmış 430,2 (dörd yüz otuz manat iyirmi qəpik) manat borc **********00660 saylı abonent hesabından silinsin. Cavabdeh «Azəriqaz» İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar