Məhkəmə qərarları › İş №2(060)-10004/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-10004/2021

17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-10004/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, Ərizəçi maraqlı tərəf Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinə qarşı hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması barədə ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı tərəf Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinə qarşı hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tərəfindən verilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə ki, Ərizəçi ərizə ilə inzibati orqana müraciət etməklə onun qərarından narazı qaldığı təqdirdə, İnzibati Məhkəməyə müraciət etməli olmasına baxmayaraq, aidiyyət qaydalarına əməl etməyərək Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmə (MPM 307.2.5-ci maddəsi) şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar verilmiş ərizənin icraata qəbul edilməsindən imtina olunması üçün əsas verir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada inzibati orqana müraciət etməklə tələb etmək, həmin orqan imtina etdiyi təqdirdə isə onun qərarından inzibati qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunur. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət elilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən, iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 31, 151, 152, 153, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi maraqlı tərəf Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinə qarşı hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması barədə ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbulundan imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar