Məhkəmə qərarları › İş №2(060)-1005/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1005/2021

09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1005/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 24.08.2020-ci il tarixli, 192950 №-li akta əsasən hesablanmış 228,90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi ev faktiki olaraq onun istifadəsindədir. “xxxx” ASC tərəfindən 24.08.2020-ci ildə 192950 №-li Akt tərtib olunmuş və aktda qeyd edilmişdir ki, “Elektrik sayğacına baxış zamanı məlum oldu ki, sayğacın üst örtüyündə və hesab mexanizmində əzilmə izləri müşahidə olunur”. Sonradan guya sayğaca müdaxiləyə görə 228.90 manat cərimə hesablanmışdır. O bildirdi ki, onun tərəfindən sözügedən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. Sayğac fərdi evin arxasında, qonşu ilə onun hasarında yerləşir. O, sayğacın fərdi evin həyətindən kənara çıxarılması barədə dəfələrlə cavabdehə rəsmi olaraq müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Tərtib edilmiş aktı o imzalamamışdır. Akt cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən tərtib olunmuş 24.08.2020-ci il tarixli, 192950 №-li akta əsasən hesablanmış 228.90 manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmədə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, 24.08.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus evinin elektrik hesabat sayğacına baxış keçirilərkən Sayğacın üst örtüyündə və hesab mexanizmində əzilmə izləri müşahidə olunması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 24.08.2020-ci il tarixli, 192950 saylı akt əsasında 228.90 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla hesabat aparılır. Bu tələblərə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, akt əsasında 228.90 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Həmçinin qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və “xxxx” ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacın üst tərəfindəki “A” işarəli zavod yuva möhürünün üzərində üst qapağın və gövdənin üst tərəf kənarlarında hesab mexanizminin çarxları üzərində əzilmə izləri olması müəyyən edilərək 22.09.2020-ci il tarixli 194950 protokolla təsdiq edilmişdir. İddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göstərilənləri nəzərə alaraq, İddiaçı X1 qaydalarını pozduğuna görə tərtib edilmiş 24.08.2020-ci il tarixli, 192950 saylı akta əsasən hesablanmış 228.90 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan 24.09.2020-ci il tarixli Abunə haqqında saldodan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi evə akt əsasında 383.80 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 19.02.2021-ci il tarixli Abunə haqqında saldodan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi evə akt əsasında 142.14 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin əməkdaşları H.İsmayılzadə, İ.Səfyarov və R.Kərimov tərəfindən tərtib edilmiş 24 avqust 2020-ci il tarixli R seriyalı 192950 №li aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi evə aid elektrik sayğacına baxış zamanı mənzilə məxsus elektrik hesabat sayğacının üst örtüyündə və hesab mexanizmində əzilmə izləri aşkar olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-yə məxsus e-Bildiriş xəbərdarlığından görünür ki, **********00033 saylı abonent İddiaçı X1yə görə 251.96 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsi 76-cı məhəllə üzrə 1 saylı məhəllə komitənin 29.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi evdə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri pozularaq abonentə məxsus elektrik hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmamış, akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamış və iddiaçı aktın doğruluğu barəsində məlumat verilməmişdir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinə dair “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 228 (iki yüz iyirmi səkkiz) manat 90 (doxsan) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinə dair “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 228 (iki yüz iyirmi səkkiz) manat 90 (doxsan) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar