Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1011/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, anası X1, cavabehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, elektrik enerjisindən istifadəyə görə hesablanmış 754,44 məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına 754,44 manat borc yazılmışdır. Mütəmadi olaraq borcunu ödəyirdi. Göstərilən bu borc elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmışdır. Cavabdehin tələbi əsassızdır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 25.09.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olması, kənar faza xətti fərdi yaşayış evinin yanındakı 04 KVT-luq sip dirəyindən çəkilməsi halı aşkar edilmiş və 25.09.2020-ci il tarixli, 020000 saylı akt tərtib edilərək 665,28 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 754,44 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, yaşadıqları ev qardaşının adınadır. O da həmin evdə yaşayır. Evdə hər hansı sayğacdan kənar elektrik xəttindən istifadə edilməyib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. O, hazırda Qubadlı rayonu, Xələc kəndində qeydiyyatdadır. 1 saylı Məhəllə Komitəsi tərəfindən verilən 468 saylı arayışda göstərilmişdir ki, iddiaçının nümayəndəsi Sumqayıt şəhəri, Xəzər bağları, Həmrəylik küçəsi, ev 108-də qeydiyyatsız yaşayır. İddiaçıya məxsus mənzilin abunə məlumatında göstərilmişdir ki, iddiaçının elektrik enerjisinə görə ümumi borcu 805,20 manat təşkiol edir ki, bunun 665,28 manatını akt əsasında hesablanmış borc təşkil edir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 25.09.2020-ci il tarixli, 020000 saylı aktda göstərilmişdir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olur. Kənar faza xətti fərdi yaşayış evinin yanındakı 04 KVT-lıq sip dirəyindən çəkilmişdir. Akda sayğacdan kənar xəttin abonent tərəfindən ləğv edildiyi göstərilmişdir. İş materiallarına iddiaçı tərəfindən DVD-R diski əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). Göründüyü kimi iddiaçı ona borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Lakin, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda iddiaçının yaşadığı evdə sayğacdan kənar elektrik zəttindən istifadə edildiyi göstərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video diskdə olan video materialdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş və sayğacdan kənar xətt ləğv edildikdən sonra elektrik gərginliyinin normaya düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə olunması müəyyən edildiyindən ona akt əsasında hesablanmış borc silinə bilməz. Eyni zamanda iddiaçı ona hesablanmış 754,44 manat borcun silinməsini xahiş etsə də ona akt əsasında 655,28 manat borc hesablandığı müəyyən edilmişdir. İddiaçının silinməsini tələb etdiyi borcun qalan hissəsinin nədən ibarət olmasını isə iddia ərizəsinin dəlilləri və iddiaçının nümayəndəsinin izahatı əsasında müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı elektrik enerjisindən istifadəyə görə hesablanmış 754,44 məbləğində borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1011/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1011/2021
30.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver