Məhkəmə qərarları › İş №2(060)-1016/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1016/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1016/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Mirzəzadə Xalid Vüqar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-ə dair əsassız olaraq hesablanmış 270 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin evdə ailə üzvlərilə birlikdə yaşayır. O, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. 30.11.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilin qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. Ona görə də 30.11.2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında əsassız olaraq iddiaçıya 270 manat cərimə hesablanmışdır. O, bu barədə cavabdeh təşkilata öz etirazını bildirmişdir. Cavabdehin gəldiyi nəticəyə görə guya sayğaca müdaxilə olunub və istismara yararsız vəziyyətə salınıb. İddiaçı və ailə üzvləri tərəfindən sayağaca heç bir müdaxilə olunmayıb. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Yaşadığı evin qaz sayğacı evindən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o məsuliyyət daşımır. Akt tərtib olunarkən iddiaçının iştirakı təmin olunmayıb. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1947-ci ildə anadan olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 18.09.2019-cu il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.11.2021-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, 30.11.2021-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş G-4 markalı 00268655 nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30.11.2021-ci il tarixdə iddiaçıya 2700 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın **********00010 saylı abonent saldosunda iddiaçıya akt əsasında 270 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 270 manat məbləğin silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 270 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına dair tərtib edilmiş akt əsasında hesablanmış 270 (iki yüz yetmiş) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar