Məhkəmə qərarları › İş №2(060)-1020/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1020/2024

15.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1020/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona məxsus olan Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 8, mənzil 29 ünvanında yerləşən evinə qanunsuz və əsassız yazılmış 032443 saylı akta əsasən hesablanmış 449.15 manat borcun və inteqrasiya dövr borcu 310.48 manat borcun **********00158 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 8, mənzil 29 ünvanında yerləşən evində yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. Onun tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyir. Həmin ünvan xx.xx.2000-ci il tarixdə enerji-təchizatçı müəssisəsi tərəfindən qeydiyyata alınmışdır. 2023-cü il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən yuxarıda qeyd olunan ona məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirərkən elektrik hesabat sayğacın dövrədən keçən yükü qeyd etməməsi deyilərək ona 032443 saylı akt tərtib edilərək həmin akta əsaəsən ona 449.15 manat əlavə sərfiyyət hesablanmışdır. Həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək ona bildiriş təqdim edirlər və sayğacın qorunması üçün o, hər hansı cavabdehlik daşımır.Sayğac çöl divarda yerləşir. Sayğaca enerjitəchizatçı təşkilat nəzarət edir və cavabdehlik daşıyır. Əgər sayac dövrədən keçən yükü qeyd etmirsə necə ona hər ay bildiriş təqdim ediblər? Sayğac çöldə yerləşir və sayğacın bütövlüyünün qorunmasına cavabdeh təşkilat məsuliyyət daşıyır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, EEİQ-nin 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus abunə kodu **********00158 olan, evin elektrik hesabat sayğacına baxış keçirərkən məlum oldu ki, abonentə məxsus elektrik hesabat sayğacı axan cərəyanı qeyd etmədiyi və sayğacın hesab mexanizminin çarxlarında əzilmə və cızılma izləri aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”-nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, NDM 032443 saylı akt tərtib edilərək 449.15 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçının silinməsini tələb etdiyi 310.48 manat məbləğində borc isə istifadə etdiyi lakin ödəniş etmədiyi elektrik enerjisinin dəyəridir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sahə rəisi gəlmiş, ona zəng etmiş və o da həyətə gəlmişdir. Ağamir müəllimə sual vermişdir ki, sayğac yerindədirmi? O da bildirmişdir ki, yerindədir. Sayğac padezdə, binanın giriş qapısında yerləşir. Bildirmişdir ki, elektrik deyildir. Sayğaca necə müdaxilə edə bilər? Halbuki, plomb yerində olmuşdur. Ola bilər ki, sayğac yerləşdirilməmişdən öncə hər hansı bir nasazlıq olmuşdur. 35 ildir ki, həmin ünvanda yaşayır. Hər ay borc yazılmış və ödənişlərini etmişdir. Nasazlıq isə hər şeydən ola bilər. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 10 may 2023-cü il tarixində abonentin sayğacına baxış keçirilmişdir. Sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğac axan cərəyanı qeyd etmir. Faktla bağlı 443 saylı akt əsasında 449 manat 15 qəpik məbləğində cərimə hesablanmışdır. 310 manat 48 qəpik isə inteqrasiya dövrünə aid olan borc məbləğidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 10 may 2023-cü il tarixli, NMD seriyalı, 032443 nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus mənzilə baxış keçirilən zaman sayğacın axan cərəyanı qeyd etməməsi, sayğacın hesab mexanizminin çarxlarında əzilmə və cırılma izlərinin müşahidə olunması kimi nöqsanlar aşkar edilmiş və sayğacın EEİQ-na uyğun olaraq elektrik sayğacı laboratoriya şəraitində yoxlanılması və rəy verilməsi qərara alınmışdır. İş materiallarında olan abunə haqqında saldodan müəyyən edilir ki, Məmmədovaya məxsus Sumqayıt şəhəri, 9-cu məhəllə, Ev(Bina):0380, mənzil:0158-ə enerji sərfiyyatına görə 03 iyul 2015-ci il tarixinə orta sərfiyyat əsasında inteqrasiya dövr borcu, ümumilikdə 310.48 (üç yüz on manat qırx səkkiz qəpik) manat, xx.xx.2023-cü il tarixə EİQ pozulması nəticəsində 15.03 (on beş manat üç qəpik), xx.xx.2023-cü il tarixə aktın yeni tarifi nəticəsində 18.64 (on səkkiz manat altmış dörd qəpik), xx.xx.2023-cü il tarixə EİQ pozulması nəticəsində 415.48 (dörd yüz on beş manat qırx səkkiz qəpik), ümumillikdə 449.15 (dörd yüz qırx doqquz manat on beş qəpik) manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 8, mənzil 29 (abunə kodu: **********00158) ünvanına 03 iyul 2015-ci il tarixdən orta sərfiyyat əsasında ümumilikdə 310 (üç yüz on) manat 48 (qırx səkkiz) qəpik borc hesablanmışdır. İddiaçı həmin borcun silinməsini xahiş etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 8, mənzil 29 (abunə kodu: **********00158) ünvanına 03 iyul 2015-ci il tarixdə akt tərtib edilərək 449.15 (dörd yüz qırx doqquz manat on beş qəpik) manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindənyol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə 2015-ci il tarixdən hesablanmış 310 (üç yüz on) manat 48 (qırx səkkiz) qəpik borc və xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin tərtib etdiyi akta əsasən əsassız hesablanmış 449.15 (dörd yüz qırx doqquz manat on beş qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-cimaddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən tələb edilən borc əsassız olduğu üçün 310 (üç yüz on) manat 48 (qırx səkkiz) qəpik məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 8, mənzil 29 (abunə kodu: **********00158) ünvanına enerji sərfıyyatına görə əsassız olaraq hesablanmış 310 (üç yüz on) manat 48 (qırx səkkiz) qəpik borc və 449.15 (dörd yüz qırx doqquz manat on beş qəpik) manat borc, ümumillikdə 759 (yeddi yüz əlli doqquz) manat 63 (altmış üç) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektronməhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar