Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1038/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildəki qaz sayğacının balansından əsassız olaraq silinmiş 64,80 manat pulun geri qaytarılması barədə öhdəliyin cavabdeh tərəfin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildəki qaz sayğacının balansından əsassız olaraq artıq hesablanmış 64,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər, Corat qəsəbəsi, məhəllə 74, ev 115 AR-İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən mərhum atası Qurbanov Ağa-Kərim Hümbətəli oğlunun xüsusi mülkiyyətindədir. Atası və anası vəfat etmişlər. Valideynlərindən qalan miras əmlakı faktiki qəbul etmiş, hazırda həmin evdə o, yaşayır. Təzəlikcə ona məlum olmuşdur ki, mülkiyyətində olan mənzildəki smart-kart qaz sayğacının balansına yüklədiyi 82 manat puldan 64,80 manat pul 2019-cu ildən qalmış cərimə borcu kimi balansdan ondan xəbərsiz silinmişdir. Bildirmək istəyir ki, mənzilində olan smart-kart qaz sayğacında ona məlum olmayan səbəblərdən nasazlıq yaranmış, başı çıxmadığı üçün bilməmiş, qaz nəzarətçiləri bunu aktlaşdıranda xəbəri olmamışdır, bu barədə heç bir sənədin surətini təqdim etməmişlər, anası həyatda olmadığı halda (xx.xx.2016-cı ildə vəfat etmiş) aktda onun adını yazmışlar, imza hissəsində isə “imtina” sözünü qeyd etmişlər. Aktdan görsənir ki, həmin vaxt anası sağ imiş, ona imza etmək təklif olunmuş, o, isə imtina etmişdir. Smart-kart qaz sayğacının balansına yüklədiyi 82 manat məbləğdən 64.80 manat xəbəri olmadan avtomatik silinmişdir. Bu barədə Azəriqazın “bildiriş xəbərdarlıq” qəbzini alandan sonra yaranmış anlaşılmazlıqla əlaqədar Sumqayıt səhər Qaz İdarəsinə müraciət edən zaman cərimə olunduğuna görə həmin məbləği sildiklərini bildirmişlər. Hansı ki, cərimə barədə heç bir yazılı və şifahi məlumatları olmamış, həmçinin cəriməni ödəmək üçün heç bir xəbərdarlıq (qazınız kəsiləcək, məhkəməyə veriləcək və s.) olmamışdır. Hətta aparatın nasazlığı 2019-cu il tarixdə aşkarlanmışdırsa 5 il ərzində smartkart qaz aparatına vurulan pul məbləğlərindən çıxılardı, daha 5 il gözləməzdilər. 2019-cu ildə smart-kart qaz aparatı nasazlığının aşkarlanması ilə baqlı bütün sənədləri yalnız 2024-cü ildə problemlə bağlı müraciət edəndən sonra görmüşlər. Hətta qaz idarəsində “bu sənədlərin surətləri onlara vaxtında verilmişdir” sözlərinin israrla bildirsələr də həmin sənədləri ilk dəfə orda -idarədə görmüşdür. AR DNŞ Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli, MSK-“29/l710-02805-1 saylı aktda Fransa istehsallı G4 markalı smart- kart tipli qaz sayğacının xx.xx.2019-cu il tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunması qeyd edilmişdir. Həmin akta əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, kart yuvasının qapağı sınıqdır, sayğacın gövdəsi yan hissədə cüzi əzikdir, sayğacın yaddaş arxivi “AZƏRQAZ” İB-nin nümayəndəsi tərəfindən oxunmuş, sayğacda istismar müddətində “ALARM-1” rejimi aşkar olunmamış, xətalar normadan artıqdır, sayğacın klapanı işlək deyil, yivli birləşmələrinin gövdəyə birləşən hissələri korroziyaya uğrayıb, sayğacın giriş və çıxış yivli birləşmələrində sızma mövcuddur, sayğac minimal sərfiyyatda 100 % nisbi xətayla işləyir, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğacın kart rideri kartı normal qəbul etmir, baxış məqsədilə kart yuvası açıldı, sayğacın mexaniki hissəsi keçən qazın sərfiyyatını qeyd edir, lakin elektron hissə qeyd etmir, göstəricilər arasında fərq var”. Nəzərə alanda ki, borcun yaranma tarixi 2019-cu ilə aiddir, həmin dövrdən isə 3 ildən çox vaxt keçdiyinə görə, cavabdeh vaxtaşırı icra edilməli öhdəlikdən doğan tələb üzrə iddia müddətini ötürmüşdür. Qüvvəsini itirmiş tələb üzrə mülkiyyətində olan mənzildə cərimə borcu adı altında balansdan pul məbləğinin ondan xəbərsiz silinməsi günahsız vətəndaşa qarşı qərəzli bir hərəkət olmaqla bir istehlakçı kimi hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bildirir ki, o, 2024-cü ilin iyun ayında “işemik infarkt” keçirmiş, özü işsiz, heç bir gəlir yeri yoxdur. Hazırda qış fəslini yaşayır, ağır xəstə olmağını da əsas götürməklə qaza çox böyük ehtiyacı var. Bununla da qarşı tərəf olan Cavabdeh iddiaçını normal yaşayışdan məhrum edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2019-cu il tarixdə əməkdaşlar ünvana baxış keçirmişlər. X1 adına olmuşdur. ünvan 2 ünvanında sayğaca baxış keçirmişlər. Sayğacda nöqsanlar aşkar olunmuş və bununla bağlı akt tərtib olunmuşdur. Vətəndaş da akta imza etməkdən imtina etmişdir. Sayğac dəyişdirilərək dövlət yoxlamasına göndərildikdən sonra xətaların normadan artıq olması, sayacın minimal sərfiyyatla 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi səbəbindən 648 kub metr qaz sərfi hesablanmışdır. 64 manat 80 qəpik hesablanmışdır. Bu vətəndaşın saldosunda da öz əksini tapmışdır. 2024-cü ilin 12 ayını vətəndaşdan hissəhissə yazılan məbləğ tutulmuşdur. 20 manat 92 qəpik borc məbləği qalmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh İB-nin 25 fevral 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 11 fevral 2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 648 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11 fevral 2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi kimi nöqsan aşkar edilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00001) İddiaçı məxsus ünvan 3 ünvanında xx.xx.2024-cü il tarixdə GCZ-G-4 diafraqma tipli sayğac quraşdırılmışdır. 2019-cu il üçün 648 kub metr qaz sərfi hesablanmış, 02/2019-cu il tarixdə 64.80 (qalıq və aktlar) manat vəsait hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırılmış, ünvan üzrə “sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması, sayğacın istismara yararsız olması” əsası ilə 11 fevral 2019-cu il tarixli ******* saylı akt tərtib olunmuş, nəticədə abonentin **********00001 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında akt üzrə borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. 02/2019-cu il tarixdə ayın sonuna isə 64.80 manat borc hesablanmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00001 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11 fevral 2019-cu il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 64.80 manat borc silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilsin. ünvan 1 ünvanına aid **********00001 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11 fevral 2019-cu il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 64.80 (altmış dörd manat səksən qəpik) manat borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1038/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1038/2025
17.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver