Məhkəmə qərarları › İş №2(060)-104/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-104/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-104/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 29 iyun 2019-cu il tarixli, MAS-973 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 may 2022-ci il tarixə 617,18 manat gecikdirilmiş əsas, 146,53 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 293,32 manat dəbbə pulu, 1172 manat dəymiş zərər olmaqla, ümumilikdə 2229,03 manat borcun və ödənilmiş 42,70 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyun 2019-cu il tarixli, MAS-973 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 13300 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 17 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 18421 manatın 13300 manatını əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 may 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1172 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 31 mart 2022-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda cavabdehin lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 may 2022-ci il tarixə 617,18 manat gecikdirilmiş əsas, 146,53 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 293,32 manat dəbbə pulu, ümumilikdə 1057,03 manat gecikmə borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasıı təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində ekspertin rəyi iş materialları ilə birlikdə məhkəməyə daxil olmuş və icraat təzələnmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, təxminən 6-7 ay öncə avtomobili iddiaçıya təhvil vermişdir. Üç il ödənişləri yerinə yetirsə də, sonradan maddi imkanı olmadığı üçün iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Hesab edir ki, ondan alınan əmlak üçün ödəniş etməli deyil. Avtomobili iddiaçıya təhvil verərkən avtomobildə yüngül cızıqlar var idi. Avtomobilə dəymiş ziyan göstərilən məbləğdən azdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdırıb aşağıdakı nəticəyə gəlir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1990-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, tərəflər arasında 29 iyun 2019-cu il tarixli, MAS-973 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə görə iddiaçı cavabdeh tərəfindən sifariş edilmiş və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən 03 saylı əlavədə göstərilən əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində əsasən lizinq müddəti 48 ay müəyyən edilmişdir. Lizinq müqaviləsinə 3 №-li əlavə-ödəniş cədvəlindən görünür ki, cavabdeh lizinq müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 383,77 manat olmaqla, iddiaçıya ümumilikdə əsas lizinq borcu üzrə 13300 manat, mükafat üzrə 146,53 manat olmaqla, 13446,53 manat ödəniş etməlidir. AD seriyalı 903394 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli təhvil təslimm aktına əsasən “Khazar SD” minik markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmişdir. İddiaçının əməkdaşları Vüsal Əliyev və Ramin Məsimov tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli aktda “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslim aparıldığı, avtomobildə heç bir pul və digər qiymətli əşyalar olmadığı göstərilmişdir. xx.xx.2022-ci il tarixli, 2226 saylı arayışda cavabdehin xx.xx.2022-ci il tarixə 617,18 manat əsas borcu, 146,53 manat mükafat borcu, 293,32 manat cərimə borcu olmaqla, ümumilikdə 1057,03 manat borcu qaldığı göstərilmişdir. xx.xx.2022-ci il tarixli, 1809 saylı məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7465 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 922 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1.). Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir) (747-1.1.). Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir (747-5.1.). Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir (748-1.1.). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (748-2.1.). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (748-1.12.4.). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (748-10.1.). İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, iddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehin istifadəsinə və sahibliyinə vermiş, lizinq müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinq obyektindən istifadə haqqı hər ay ödənilməli olduğu halda cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq müqavilədən irəli gələn ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən lizinq obyekti iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində geri alınmışdır. İddiaçı həmin tarixə cavabdehin ona borclu olduğu lizinq ödənişlərini tələb edir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Məhkəmə hesab edir ki, lizinq obyekti xx.xx.2022-ci ilə kimi cavabdehin sahiblik və istifadəsində olduğu üçün iddiaçı həmin tarixə olan əsas borc və mükafat məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 617,18 manat əsas borc məbləğinə 293,32 manat dəbbə pulunun hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə dəbbə pulunun məbləğinin azaldılaraq 60 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın iş üzrə ekspert rəyində 922 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyindən kənara çıxmayaraq rəydə göstərilən məbləğin cavabdehdən tutulmalı olması qənaətinə gəlir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 42,70 manat dövlət rüsumunun 30 manatı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 238.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 617,18 manat əsas borc, 146,53 manat mükafat məbləği, 60 manat dəbbə pulu və 922 manat dəymiş ziyan məbləği olmaqla, cəmi 1745 (min yeddi yüz qırx beş) manat 71 (yetmiş bir) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 42 (qırx iki) manat 70 (yetmiş) qəpik dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar