Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1049/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Оfisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.04.2020-ci il tarixdə vəfat etmiş Maraqlı şəxs qalmış Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılaraq müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11.04.2020-ci il tarixdə vəfat etmiş Maraqlı şəxs qalmış Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşədiyi torpaq sahəsinə dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ünvan 1 ünvanladığı ərizəyə baxılaraq, işin faktiki halları araşdırılmadan, formal olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bitdiyi əsas gətirilərək 03.06.2021-ci il tarixli, 387 saylı cavab məktubu ilə ona vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Aidiyyəti notariat ofisinə müəyyənləşdirilmiş müddət ərzində müraciət etməməyinin əsas səbəbi odur ki, babası Maraqlı şəxs vəfatı ona çox pis təsir etmişdir. Onun bütün uşaqlığı babasının yanında keçmişdir. Üzərində babasının çox böyük haqqı vardır. Onun vəfatından sonra o, uzun müddət özünə gələ bilməmiş, dərin psixoloji depressiyaya düşmüşdür. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Оfisi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: - Sumqayıt şəhər 3 saylı Notariat Оfisinin 492 №-li, 03.03.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilən 18.02.2014-cü il tarixində imzalanmış vəsiyyətnamədən görünür ki, mərhum Maraqlı şəxs ölən günədək ona məxsus olan Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi 16.04.2020-ci il tarixli AZ-İİ seriyalı, 073967 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 11.04.2020-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən 138.9 kv.m. torpaq sahəsində yerləşən 1 otaqlı, 29.3 kv.m yaşayış, 109.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisi Maraqlı şəxsdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 07.03.2013-cü ildə qeydiyyata alınmışdır. - Sumqayıt şəhər 1 saylı Notariat Оfisinin 387 №-li, 03.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı nümayəndəsi X1 miras açıldığı gündən altı ay keçdikdən mirasın qəbuluna yol verilməməsi əsası ilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Maraqlı şəxs öldükdən sonra onun vərəsəsi İddiaçı miras əmlakı qəbul edərək faktiki sahiblik etsə də, üzrlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum Maraqlı şəxs miras qalmış Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Mərhum Maraqlı şəxs miras qalmış Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1049/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1049/2022
11.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver